Azərbaycan əsgəri 3 000 metr yüksəklikdə xidmət edir - VİDEO

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq.
Bu barədə GunAz.az-a Müdafiə Nazirliyindən məlumata verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.
Ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədi ilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur. Bu gün müasir kazarmalarda yaşayıb, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət planlı şəkildə məşq etdirilir. Əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.
Bu gün tam əminliklə deyə bilərik ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, Hərbi Andın və nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər.