Millət vəkili AŞPA-da erməni terrorundan danışdı

Bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir. Terror aktları insanların ölümünə, habelə əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır.
GunAz.az xəbər verir ki, bu sözləri AŞPA-nın payız sessiyasında “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” məruzəsinin müzakirələrinə qoşulan qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva deyib. O bildirib ki, dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb:
“Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 80-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Həmçinin, 1994-cü il mart 19-da və iyulun 3-də Bakı metrosunda mülki şəxslərə qarşı terror aktları törədilib. Birinci hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İkinci terror aktı zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb”.
Millət vəkili erməni terrorizminin bu günə qədər davam etdiyini bildirib:
“2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperinin atəşi nəticəsində öldürüldü. 2012-ci ildə də 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb oldu. 2 il əvvəl də - 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoydu.
Bu uşaqlar terrorun qurbanlarıdır. Artıq nə onları qoruya bilərik, nə yaşamaq hüquqlarını müdafiə edə bilərik. Çünki terror onların həyatına son qoyub”.
S.Fətəliyeva sonda onu da bildirib ki, beynəlxalq birlik xüsusilə Azərbaycanın əzəli torpaqlarından Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, eləcə də AŞPA qətnaməsinin icrasına və terror qurbanlarının müdafiəsinə töhfə verməlidir.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan Strasburqda səfərdədir.
N.SAFURA