Hərbi çağırışçılara ETİNADSIZLIQ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi paytaxtımızın ən gözəl bir güşəsində fəaliyyət göstərir. Müasir tipli avadanlıqlarla təchiz olunmuş mərkəzdə təcrübəli həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Bura müraciət edən insanlar həssas təbəqəli xəstələrdir. Gözlərində problem, zəiflik olan vətəndaşlar mərkəzə müraciət edirlər.
Ölkəmizdə Azərbaycan dili əsas dövlət dili sayılır. Bəzi idarə və müəssisələrdə, nazirliklərdə ana dilimiz arxa plana çəkilir. İşçilər bir-biri ilə rus və digər dillərdə danşırlar. Biz əlbəttə ki, xarici dilləri öyrənməyin əleyhinə deyilik, əksinə nə qədər çox dil bilsək bir o qədər xeyirli olar. Xaricdən gələn qonaqlara, onların öz dilində danışmağın, Azərbaycan haqqında, Qarabağ problemi haqqında müfəssəl məlumatlar verməyin nəyi pisdir ki? Lakin bu o demək deyil ki, öz dilimizi unudaq və yaddan çıxardaq. Bu daha dəhşətdir. Vaxtilə Latın xalqı olub, ancaq indi Latın xalqı asimiliyasiyaya uğrasa da latın dili hələ də qalıbdır.
Biz öz dilimizi qoruyub, təbliğ etməliyik. Hətta xaricdən gələnlərə də öyrətməliyik. Dünya şöhrətli akademikin adını daşıyan bu mərkəzdə baş həkimlə görüşmək istəsək də bu mümkün olmadı. Lakin baş həkimin kabinetinin yaxınlığında əməkdaşların baş həkimlə rus dilində danışmaları diqqətimizdən yayınmadı.
Onu da qeyd edim ki, hərbi komissarlıqdan göndərilən gələcək əsgərlərin müayinə olunması üçün biz də bu mərkəzə getmişdik. Gələcəyin əsgərini müayinə etmək üçün növbəyə qəbul etsələr də, üç gün gedib-gələsi olduq. Çünki Ofeliya Novruzova adlı sənədləri qəbul edən şəxs tanışlıqla çağırışçıları müayinəyə salır və bu da saatlarla gözləyən vətəndaşlar arasında narazılıq yaradırdı. Qeydiyyatçı xanım nədənsə hərbi çağırışçıları incitməkdən elə bil zövq alırdı.
Sağlığında insanlara diqqət və qayğı göstərən dünya şöhrətli akademikin adını daşıyan belə bir mərkəzdə idarəçilik sisteminin zəifliyi həssas xəstələrin də etirazına səbəb olur.
Rauf İLYASOĞLU
GunAz.az