"Avropa. Türklər. Böyük çöl"...

Onunla 2004-cü ildə Almatıda keçirilən konfransda görüşdüm. Yenicə nəşr olunmuş tarix dərsliyimizdəki türk xalqlarının tarixi ilə bağlı fəsilləri ayaqüstü müzakirə etdik.
Çox sakit, inandırıcı tərzdə ilk baxışda qəribə görünən faktlardan söz açırdı. Etiraz etdikdə təmkinini pozmadan deyirdi: Murad Acıya inanmırsınızsa, "Britannica" ensiklopediyasını açın, filan başlıqlı məqaləni oxuyun. Bundan mötəbər mənbə tanımıram.
Amma şifahi ünsiyyətdə nə qədər təmkinli idisə, yazılarında bir o qədər emosional idi. Sanki əsrlər boyu gizlədilmiş tarixi həqiqətləri quru elmi-akademik üslubun çərçivələrinə sığışdıra bilmirdi.
İllər sonra tarixçi Nizami Heydərovun vasitəsilə yenidən əlaqə yaratdıq. "Avropa. Türklər. Böyük çöl" kitabının tərcümə nəşri ilə bağlı yazışmalarımız oldu.
Çox sevinirəm ki, nəhayət, bu kitab işıq üzü gördü.
Kədərlənirəm ki, kitabın nəşri görkəmli türkoloqun ölümündən bir il sonra baş tutdu. Allah ona rəhmət eləsin!