Naxçıvanda təqaüdlər artırıldı
Gunaz.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdü isə 1300 manatdan 1450 manata çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli digər Sərəncamına uyğun olaraq 2018-ci il martın 1-dən etibarən fəxri adlara görə təqaüdlərin də məbləği artırılıb. Sərəncama görə “Xalq” fəxri adı alanlara 150 manat, “Əməkdar” fəxri adı alanlara isə 100 manat ödəniləcəkdir. Dövlət başçısının 2018-ci il 23 fevral tarixli sərəncamları ilə yaşa görə, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə ödənilən aylıq müavinətlər, həmçinin uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlər 2018-ci il martın 1-dən 10 faiz artımla ödəniləcəkdir. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2018-ci il 23 fevral tarixli Sərəncamına əsasən isə muxtar respublikanın fəxri adlarına görə aylıq təqaüdün məbləği artırılaraq 50 manat müəyyən edilib.
Qeyd olunan artımlar muxtar respublikada, ümumilikdə, 15 min 176 nəfəri əhatə edəcək. Bu məqsədlə dövlət büdcəsindən orta hesabla 1 milyon 100 manata yaxın əlavə vəsaitin ayrılması təmin olunacaqdır.