Dünyanın resursları hər kəsə kifayətdirmi?
Bu gün dünyada 8 milyarda yaxın insan yaşayır. İldə
isə 4,5 milyard ton ərzaq istehsal olunur. Dünyanın ərzaq istehsalı bəşəriyyəti
asanlıqla doyduracaq səviyyədədir, hətta 50% artıq istehsal var. Yəni hər il 10
milyard insanı qida ilə təmin edəcək ərzaq istehsal olunur. Bu statistika
dünyadakı müharibələrin səbəbinin aclıq olmadığını sübut edir. Heç kim həyatda
qalmaq üçün hücum etmir, qətliam törətmir, ya da bir başqasının ölümü ilə öz
həyatını davam etdirmir. Bu məqalənin mövzuasu təcavüzkarlığın, zorakılığın
səbəbinin acgözlük, tamahkarlıq və eqoizm olması gerçəyidir.
XXI əsr texnologiyası bütün bəşəriyyəti qidalandırmağa
kifayət edəcək səviyyədədir. Amma XIX əsr iqtisadçıları bunun tam əksini
müdafiə edirdi. Başda Tomas Maltus olmaqla həmin dövrün
"mütəfəkkirləri" insan sayının həndəsi silsilə ilə artdığını, ərzaq
məhsullarının isə ədədi silsilə ilə azalacağını və bu səbəbdən ac qalmamaq üçün
əhalinin sayının məhdudlaşdırılmasının vacibliyinə dair iddia ortaya atmışdı.
Maltus nəzəriyyəsini daha da "inkişaf" etdirdi və əhalinin sayına
nəzarət edilməsi üçün müəyyən cəmiyyətlərin ortadan qaldırılmalı, yəni yox
edilməli olduğunu, bunun da müharibə, qıtlıq və fəlakətlərlə mümkün ola
biləcəyini müdafiə etməyə başladı. Halbuki nə əhalinin artımı ehtiyatları
məhdudlaşdırırdı, nə də resurslar tükənirdi. Maltus bu iddiasını materialist
təfəkkürün təzahürü olaraq həyata keçirmək istəyirdi.
Heç bir elmi əsasının olmamasına baxmayaraq, məhdud
resurslar nəzəriyyəsi uzun illər müstəmləkəçiliyin əsas ideologiyası oldu.
Maltusun fikrini qəbul edənlər ölkələri işğal etməyi, hərbi təzyiqlə istismar
etməyi və çox vaxt da aclığa məhkum etməyi bu şəkildə rasionallaşdırdılar.
Halbuki təkcə son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı 20% artıb.
XXI əsr texnologiyası sayəsində resursların çatışmazlığı artıq aclıq səbəbi
deyil.
XX əsrdə Con Maynard Keyns (John Maynard Keynes) kimi
ingilis iqtisadçılar Maltusun nəzəriyyəsini tətbiq etməyə çalışdılar. Əsrin
ikinci yarısındakı neft müharibələrinin səbəbi də bu təbliğat idi. 1970-ci
illərdə dünyanın neft ehtiyatlarının 2020-ci illərdə tükənəcəyinə dair yüzlərlə
xəbər dərc edildi, "elmi" hesabatlar hazırlandı. Siyasətçilər,
hərbçilər, dövlət rəhbərləri işğal və soyqırımları hər zaman bu iddialarla
əsaslandırdılar.
Bu gün artıq məlumdur ki, istehlakın artmasına baxmayaraq, yerin altı hələ uzun
illər kifayət edəcək qədər qalıq yanacaqları ilə doludur. Ancaq XVIII və XIX
əsrdə müstəmləkəçiliklə artan var-dövlət hərisliyi 20-ci əsri qana buladı.
Bu zaman sual yaranır ki, "niyə dünya əhalisinin
12%-i aclıq həddindən də aşağı yaşayır?". BMT-nin Dünya Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının məlumatına əsasən, bu gün dünyada 850 milyon insan
aclıq çəkir. Bu sualın cavabı sadəcə tamahkarlıqdır. Bu gün dünyada ən zəngin
1% insanla ən kasıb 50% insan eyni sərvətə malikdir. Yəni aclığın və
yoxsulluğun birinci səbəbi sərvətlərin ədalətli və ya ən azından bir-birinə
yaxın şəkildə bölüşdürülməməsidir. Ən zəngin 80 nəfərin sərvətinin milyardlarla
insandan, onlarla ölkədən çox olduğu dünya ədalətsizliyin artıq ən son həddə
olduğunun göstəricisidir.
Dünyadakı aclığın ikinci səbəbi isə israfdır. Hazırda
dünyanın kiçik bir hissəsi resursların əksəriyyətini israf edərək istehlak
edir. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. 1 trilyon
dollar dəyərindəki bu israfın 70%-i inkişaf etmiş ölkələrin payına düşür. Qərb
dünyasında hər insan ildə 110 kq yemək israf edərkən Afrikada bu rəqəm 9
kq-dır. İnkişaf etmiş ölkələrdə yeməklər evlərdən, restoranlardan və
supermarketlərdən zibilliyə atılır, inkişaf etməkdə olan ölkələrdə isə daşıma
və saxlama problemlərinə görə məhv olur. Bəşəriyyət olaraq istehsal etdiyimiz
tərəvəz və meyvənin 45%-ini, balıq məhsullarının 35%-ini, çörəyin 30%-ni, ət və
süd məhsullarının 20%-ni zibilə atırıq. Bu 3 km diametri və 2500 m hündürlüyü
olan "israf dağı” deməkdir.
ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki
ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir.
Yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı
tərəfindən israf edilir. Avropa İttifaqında isə ildə 140 milyard avro
dəyərindəki 90 milyon ton qida küçəyə atılır. Təkcə İngiltərədə ildə 17 milyon
ton yemək israf edilir. İngilis xalqı kahının 38%-ni, çörəyin 23%-ni, yemişin
26%-ni zibilə atır.
Dünyadakı aclığın
digər əhəmiyyətli səbəbi isə silahlanma yarışıdır. Bu gün hərbi anbarlarda olan
silahların dəyəri trilyonlarla dollardan çoxdur. Vətəndaş müharibələrinin
olduğu ölkələr bir növ silah bazarına çevrilib. Texnologiyası daim inkişaf edən
silahlar əsasən anbarlarda illərlə qalıb çürüyür. İnsan öldürmək üçün
milyonlarla dollar vəsait sərf edilir, insanları yaşatmaq üçün demək olar ki,
heç bir səy göstərilmir.
Anbarlarındakı silahları istifadə etmək istəyən kütlələr hazırda Suriyada,
İraqda, Əfqanıstanda, Liviyada, Yəməndə milyonlarla insanı qidalandıra biləcək
infrastruktur bombardmanlarla məhv etmişdir. Bəşəriyyət istehsal etmək əvəzinə
müharibələrlə dağıdır.
Bu gün dünyanın
hər yerində vicdanlı insanlar yuxarıda qeyd edilən problemləri həll etməyə
çalışırlar. Ancaq bu səylər çox vaxt uzunmüddətli həll yolu gətirmir. Çünki
bəşəriyyəti bu eqoizmə sürükləyən düşüncə dəyişmədikcə davamlılıqdan bəhs etmək
mümkün deyil. Başqa sözlə, bataqlığı qurutmadan ağcaqanadla mübarizədə qalib
gəlmək mümkün deyil. Burada bataqlıq eqoizmi, hərisliyi, şiddəti yayan
materialist düşüncədir. Bəşəriyyətə bu xüsusiyyətləri çatdıran təhsil
sistemləri, iqtisadi modellər, sosial və ictimai ideologiyalardır. Müharibə
ideologiyaları yerini sülhə verdikdə, fədakarlıq eqoizmlə əvəz edildikdə,
insanların hər şeyə sahib olmaq əvəzinə bölüşməkdən zövq aldığı dünyada pislik
tab gətirə bilməz. Gələcək nəsillərimizə qoyub gedəcəyimiz ən yaxşı miras
budur.
Adnan
Oktar