Ququşu və Sezen Aksunu boykot edəkmi?

Ququşu və Sezen Aksunu boykot edəkmi?

Murad Arif: "Azərbaycan cəmiyyəti olaraq anlamalıyıq ki, bu, bizim öz problemimizdir”

Həmid Herisçi: "Belə faktlar təkcə musiqi sahəsində deyil, ədəbiyyatda da var”

Akif Nağı: "Belə adamların ölkəmizə gəlişinə imkan verilməyəcək”

Əslən azərbaycanlı olan dünya şöhrətli Ququşun Ermənistanda konsert verməsi ilə bağlı cəmiyyətdə ciddi etirazlar davam etməkdədir. Onun ölkəmizdə boykot edilməsi və ümumilikdə dünya azərbaycanlıları tərəfindən etiraz olunması ilə bağlı fikirlər səslənməkdədir.
Ümumiyyətlə təkcə Ququş deyil, ölkəmizdə onun qədər sevilən digər ulduzların, o cümlədən Sezen Aksunun da zaman-zaman ermənipərəst olması, ermənilərə meyl göstərməsi cəmiyyətimiz tərəfindən böyük təəssüflə, etirazla qarşılanıb.
Məsələn, 2013-cü ildə Sezen Aksu səhnəyə çıxararaq məşhur Azərbaycan mahnısı olan "Sarı gəlin”i erməni dilində oxumaqla pərəstişkarlarının, onu sevənlərinin qəlbinə böyük yara vurdu, ona olan sevgini paramparça etdi. İlk əvvəl həmin mahnının erməni dilində oxuyacağı ilə bağlı məlumat yayılanda bəziləri bu söhbətə inanmayanlar, "yalan söhbətdir” deyib keçənlər də oldu.
Hətta Sezen Aksunun evi qarşısında etiraz aksiyasının keçirilməsi də planlaşdırılırdı, araşdırmaçı Hikmət Babaoğlu "Sarı gəlin”lə bağlı araşdırmalarını ortaya qoydu, bəyanat yaydı ki, əgər türk müğənnisi belə bir addım atarsa, onu məhkəməyə verəcək.
Lakin bütün bunlar Sezen Aksuya təsir etmədi və müğənni özündə "cəsarət” taparaq məşhur Azərbaycan mahnısını erməni dilində ifa etdi. Bəs müğənninin ermənipərəst olması nədən qaynaqlanır? Bəzi iddialara görə, Sezenin ermənilərlə dostluğunun tarixi çox uzaqlara gedib çıxır, onun erməni əsilli türk musiqiçiləri Akto Tunc və Onno Tunc qardaşları ilə dostluğunun kökü də illərə dayanır. Hətta türk mətbuatında qeyd olunurdu ki, vaxtilə müğənninin erməni iş adamı Varuyan Sırmabıyıklı ilə yaxın əlaqələri, sevgi macərası olub.
Bəs Azərbaycan cəmiyyəti çox sevdiyi Ququşun, Sezen Aksunun və bu kimi ulduzların erməni sevgisinə necə mövqe bildirməlidir? Tolerant olmalı, yoxsa boykot etməlidir?
Teleaparıcı, sənətçi Murad Arif musavat.com-a açıqlamasında mövzuya bu cür şərh verib: "Ümumiyyətlə Ququşun anası erməni, atası azərbaycanlıdır. Bir Azərbaycan cəmiyyəti olaraq anlamalıyıq ki, bizim problemimiz bizim öz problemimizdir. Sezen Aksu mənim ən çox sevdiyim sənətçidir. Onun fanatı olaraq onun ermənipərəst çıxışlarını görmək məni çox üzür. Lakin bir şeyi dərk etməliyik ki, Ermənistan-Azərbaycan müharibəsinə əcnəbi ölkələrin ulduzlarından həssaslıq ummaq acizlikdir. Cəmiyyət olaraq bu məsələlərdə bir qədər diqqətli olmalıyıq. Əgər hansısa xarici ulduz səhv edibsə, onu ölkəmizə buraxmayaq. Məsələn, Soso Pavliaşvilnin Azərbaycana gəlməsi ilə bağlı mənim, Flora Kərimovanın odlu-alovlu çıxışları oldu. Bunu hər kəs bildi. Yəni, maksimim biz bunu edə bilərik. Və indi belə bir təklif edə bilərəm ki, Ermənistanda konsertindən sonra Ququşun ölkəmizdə konsertinə icazə verməyək”.
Tanınmış yazar, araşdırmaçı-jurnlaist Həmid Herisçi isə qeyd etdi ki, bu cür faktlar təkcə musiqi sahəsində deyil, yazılı söz sahəsində, ədəbiyyatda da davam edir: "Yazıçı, Nobel mükafatçısı Orxan Pamuk "Qars” əsərində dəfələrlə Qarsın erməni şəhəri olduğunu vurğulayıb və ermənilərə sevgi sərgiləyib və son nəticədə Nobel mükafatı qazanıb. Təəssüf ki, bu siyahıda biz buna misal olaraq "Daş yuxular” əsərini göstərə bilərik. Yəni bu təcrübə bizdən də yan ötməyib. Fikrimcə, cəmiyyət bu məsələyə tolerant yanaşmalıdır. Lakin hazırda müharibə şəraitində yaşayırıq. Tolerant o zaman ola bilərdik ki, bizim 1 milyon qaçqınımız olmazdı”.
QAT sədri Akif Nağı isə qeyd etdi ki, Sezen Aksu da, Ququş da Azərbaycan cəmiyyəti üçün artıq itirilmişlər cərgəsindədir: "Onlarla bağlı hər hansı fikir söyləməyə və yaxud düşüncələrindən döndərməyə ehtiyac yoxdur. Çünki onlar artıq öz seçimlərini ediblər. Lakin nə vaxtsa yenə deyəcəklər ki, "səhv etmişik” və s. Onlar özlərini bilməməzliyə vurmasınlar. Bütün dünya Ermənistanın Azərbaycana etdiyi vəhşilikləri, terroru bilir. Necə olur ki, onlar bundan xəbərsizdir. Ququşun sevgilisinin erməni olduğu haqda məlumatlar yayılır. Ola bilsin ki, hərə ağlını bir cür itirir və o da erməniyə meyl göstərir. Özləri bilər. Amma əgər doğrudan da bu fakt doğrudursa çox pisdir. Ona görə də o adamın Azərbaycana yolu artıq bağlanıb. Gedib özünü hansı qayadan atırsa, hansı erməninin boynuna sarılırsa, erməniyə xidmət edirsə, özü bilər. QAT adından bildirirəm ki, bu cür adamların ölkəmizə gəlişinə hər macalda imkan verilməyəcək. Bu da birmənalı olaraq boykotun bir formasıdır”.
Əslən Güney Azərbaycandan olan Yaqub Zurufçu isə mövzu ilə bağlı publika.az saytına açıqlama verərkən bildirib ki, Ququş heç vaxt, heç bir yerdə azərbaycanlı olduğunu etiraf etməyib. Buna görə də onun Ermənistanda çıxışına qadağa qoymaq doğru deyil: "O, hər zaman özünü fars adlandırıb. Dünyada tanınan hər hansı müğənninin azərbaycançılıq iddiası yoxdursa, deməli, hər yerə gedə bilər. Bizim onu tənqid etməyə haqqımız yoxdur. Özünü azərbaycanlı hesab etməyən müğənniyə onun Ermənistanda çıxış etməsinə qadağa qoya bilmərik. Çünki xanəndənin işi oxumaqdır. Ququşun da səfəri siyasi məqsəd daşımır, sadəcə oxumaq üçün gedir”.
Yaqub Zurufçu Ququşun anasının erməni olması ilə bağlı gəzən söz-söhbətlər də aydınlıq gətirib: "Ququşu mən yaxşı tanıyıram. Etiraf etməsə də, bilirəm ki, atası Cənubi azərbaycanlıdır, anası isə erməni deyil, əslən gəncəlidir. Atası ilə münasibətlərim olub, bizdən bir az yaşlı idi. Yeri gəlmişkən onu da xatırladım ki, Ququş rəqqasə kimi fəaliyyətə başlayıb. Atası ilə birlikdə kaberelərdə çıxış edərdi, çox istedadlı qızı idi. Oxumağa daha sonradan başladı”.
Müğənninin sözlərinə görə, Ququş sadəcə olaraq azərbaycanlı pərəstişkarlarının sözlərini yerə salmamaq üçün repertuarına bizim iki mahnımızı daxil edib: "Onun repertuarında bizim mahnılar yoxdur. Azərbaycan dilində cəmi iki mahnı oxuyub. Onlar biri "Ay işığında”, digəri isə "Ayrılıq”dır”. Bu mahnıları da konsertə gələn tamaşaçıların xahişi ilə səsləndirib. Axı İranda 80 milyon əhalinin yarısını azərbaycanlılar təşkil edir, konsertinə gələnlərin də yarısı azərbaycanlılar olduğundan onların istəyini yerə salmayıb”.
Sənətçi Ququşun Ermənistana getməsini bizneslə əlaqələndirib: "Ququş uzun illər İrandan çıxa bilməyib. 10 il əvvəl Amerikaya köçüb. Amerikada yaşamağa başladıqdan sonra müğənnilik karyerasını davam etdirməyə başladı. İndi də ona gələn təklifləri dəyərləndirir. Lakin yuxarıda dediyim ki, o, heç vaxt demir ki, azərbaycanlıyam. Onun pasportunda da iranlı olduğu yazılıb. Bizdə onu insanlar zorla azərbaycanlı edir. Odur ki, Ququş Ermənistana getdiyi üçün onu ittiham etmirəm. Onu biz özümüz Bakıya gətirməliydik. Təəssüf ki, bununla bağlı iş görmədik”.(Musavat.com)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt