Mayın 10-da xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunub. Bununla bağlı dövlət başçısının sərəncamı oxunub və Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim edib.
Nəriman Həsənzadə mükafatla bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb. O bildirib ki, Heydər Əliyev mükafatının təqdimatı onun üçün gözlənilməz olub:
"Heydər Əliyev mükafatını almağı gözləmirdim. Mənə mükafatın təqdim ediləcəyini belə, təxmin etməmişdim. Heydər Əliyev mənim həyatımda çox böyük rol oynayıb. O, həmişə mənim ürəyimdədir. Cənab prezidentimiz İlham Əliyev isə gözümüzün qabağında böyüyüb. Mən fəxr edirəm ki, onun kimi bir şəxs ölkəmizin rəhbəridir.
Hər halda bu, böyük sevincdir. Heydər Əliyev mükafatı mənim üçün daha anlamlı və dəyərlidir. Bu mükafat hər şeydən, yəni indiyə kimi aldığım bütün mükafatlardan üstündür”.
Xalq şairi mükafat təqdim edilən zaman keçirdiyi hisslərindən də bəhs edib:
"Mükafat mənə təqdim ediləndə sanki Heydər Əliyevin yanımda durduğunu gördüm. Tək olmadığımı hiss etdim. İnanın mənə, həmin an dünyasını dəyişən Heydər Əliyevin bir anlıq sağ olduğunu və İlham Əliyevin yanında dayandığını zənn etdim”.
Nəriman Həsənzadə həmçinin, Heydər Əliyev mükfatı ilə bağlı çox təbrik aldığını da vurğulayıb:
"Mükafatla bağlı təbriklər çox oldu. Bilirsiniz, cənab prezidentimiz İlham Əliyev hər kəsin yaradıcılığını görür və izləyir. Hər kəsə lazimi dəyəri verir. Buna görə də mən İlham Əliyevə və eyni zamanda xalqıma, oxucularıma minnətdaram. Hamınızdan çox razıyam”.
Qeyd edək ki, xalq şairi Nəriman Həsənzadə hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.