Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq.
GunAz.az xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılır. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir.
Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər.
Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.
