Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir
İyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz işinə başlayıb.
GunAz.az xəbər verir ki, konqres-festivalın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş bədii kompozisiya və I və II “Qərbi Azərbaycana Qayıdış” konqres-festivallarını əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək vurğulayıb ki, bölgədə sülh şəraitində həyatı davam etdirməyin yeganə yolu burada Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdır: “Bu reallıqlardan biri də ilkin mərhələdə, Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi öz doğma ocaqlarından qovulmuş 300 min azərbaycanlı qaçqının və onların övladlarının geriyə qayıdış hüququnun tanınması və təmin edilməsidir”.
Çıxışlardan sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin təqdimatı izlənilib.
Bədii hissə ilə davam edən tədbirə Qərbi Azərbaycanın zəngin folklorunu, musiqi ənənələrini və milli-mənəvi dəyərlərini özündə əks etdirən konsert proqramı təşkil edilib.
Bədii hissənin ardınca Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış olub.
Həmçinin görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən sənət nümunələri nümayiş olunub, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələr təqdim edilib. Xalça sərgisində isə Qərbi Azərbaycan xalçaçılıq məktəbinin ənənələri, qədim ornamentləri və əl işləri sərgilənib.
Festival iştirakçıları Qərbi Azərbaycan florası, kulinariyası, qədim yurd yerlərimizin tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı kitab, jurnal, qəzet sərgilərinə də baxıblar.
Konqres-festival Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş 8 istiqamət üzrə plenar iclas və panel müzakirələrlə öz işini davam etdirir.
скачать dle 12.1
Geri qayıt