Beynin içində başlayan savaş

Beynin içində başlayan savaş
İnsan beyninin ən qorxulu tərəfi onun susaraq dəyişməsidir. Hər şey ilk baxışda adi görünür. Adam əvvəlki qədər danışmır, insanlardan uzaq gəzir, uzun-uzun düşünür, bəzən bir nöqtəyə baxıb qalır. Evdəkilər bunu yorğunluq sayır, xarakter dəyişməsi sayır, keçici hal kimi qəbul edir. Halbuki həmin vaxt insanın daxilində görünməyən bir proses başlayır. Reallıq yavaş-yavaş formasını itirir.
Şizofreniya psixologiya və psixiatriyanın ən mürəkkəb mövzularından sayılır. Burada söhbət yalnız eşidilən səslərdən və ya pozulmuş davranışlardan getmir. İnsan beyninin gerçəkliyi qəbul etmə mexanizmi dəyişməyə başlayır. Düşüncə ilə hiss arasında yaranan uyğunsuzluq bir müddət sonra insanın gündəlik həyatına qədər yayılır. Ən ağır məqam isə çox vaxt insanın özündə baş verənləri izah edə bilməməsidir.
Müasir elmi araşdırmalar göstərir ki, şizofreniya bir səbəbdən yaranmır. Genetik meyillər, uzunmüddətli stress, travmalar, sosial təzyiq və beyində baş verən bioloji dəyişikliklər bu prosesin formalaşmasına təsir göstərə bilir. Psixoloqların üzərində dayandığı əsas məsələlərdən biri də budur: insan bir günün içində dəyişmir. Beyində gedən parçalanma uzun müddət ərzində dərinləşir və çox vaxt ətrafdakılar bunu gec hiss edir.
Şizofreniya yaşayan insanların bir qismi olmayan səslər eşidir. Kimisi izlənildiyini düşünür, kimisi insanların ona qarşı gizli plan qurduğuna inanır. Lakin xəstəliyin əsas ağırlığı yalnız hallüsinasiyalarda görünmür. Ən böyük yorğunluq insanın öz düşüncələrinin içində itib qalmasıdır. Bir müddət sonra adam öz beyninə qarşı belə ehtiyat hiss etməyə başlayır.
Bu vəziyyət əsasən gənclik illərində üzə çıxır. İnsan əvvəl zövq aldığı şeylərdən uzaqlaşır. Dostlarla əlaqə azalır. Emosional reaksiyalar zəifləyir. Nitqdə dolaşıqlıq yaranır, fikir ardıcıllığı pozulur. Psixologiyada bunu “koqnitiv dağınıqlıq” kimi izah edirlər. İnsan düşünür, amma düşüncələr bir-birinə bağlana bilmir. Beyin eyni anda çoxlu siqnal qəbul edir, onların arasında sağlam əlaqə qura bilmir.
Cəmiyyət isə çox vaxt məsələnin elmi tərəfinə yox, qorxu tərəfinə baxır. Filmlər və stereotiplər illərlə şizofreniyanı təhlükə obrazı kimi təqdim edib. Nəticədə xəstə insan yardım almaqdan əvvəl damğalanmaq qorxusu yaşayır. Ən ağrılı məqamlardan biri də budur. İnsan artıq təkcə beynindəki dəyişikliklərlə yox, insanların münasibəti ilə də mübarizə aparır.
Halbuki erkən diaqnoz, düzgün dərman müalicəsi və psixoterapiya bir çox halda vəziyyətin ağırlaşmasının qarşısını ala bilir. Müasir psixiatriya şizofreniyanı “ümidsiz son” kimi yox, idarə oluna bilən psixoloji vəziyyət kimi qiymətləndirir. Müalicə alan və sosial dəstək görən insanların böyük hissəsi cəmiyyətə yenidən uyğunlaşa bilir, işləyir, təhsil alır, ailə qurur.
Burada ailənin və yaxın çevrənin rolu xüsusilə böyükdür. Şizofreniya yaşayan insan üçün təhlükəsizlik hissi həyati əhəmiyyət daşıyır. Daim mühakimə olunmaq, qorxu ilə qarşılanmaq və ya lağa qoyulmaq vəziyyəti daha da ağırlaşdırır. İnsan beyninin ən çox ehtiyac duyduğu şeylərdən biri sakitlik və anlaşılmaq hissidir.
Psixologiyada bir fikir var: insanı ən çox tükəndirən ağrı yox, tənhalıqdır. Şizofreniya yaşayan insanlar da çox vaxt həmin tənhalığın içində qalırlar. Ətraf adamlarla dolu olsa belə, insan öz beyninin içində tək qalır.
Ona görə şizofreniyaya yalnız tibbi termin kimi baxmaq kifayət etmir. Burada bir insan həyatı var. Yorulan bir beyin, qarışan düşüncələr, kömək istədiyini ifadə edə bilməyən bir insan var.Və bəzi savaşlar kənardan görünmür.

Songül Allahverdiyeva
Eskişehir Osmangazi Universiteti Psixologiya üzrə I  kurs tələbəsi
скачать dle 12.1
Geri qayıt