Sabunçuda nümunəvi AKSİYA

Sabunçuda nümunəvi AKSİYA

Sabunçuda nümunəvi aksiya: Qarabağ əlilləri, veteranlar və şəhid ailələrinə qurban payları təqdim olundu

Bakının Sabunçu rayonunda fəaliyyət göstərən Sabunçu rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (QMƏVŞAİB) tərəfindən hər il olduğu kimi bu il də nümunəvi xeyriyyə aksiyası həyata keçirilib. Təşkilat tərəfindən 130 nəfərdən çox üzvə ümumilikdə 150 kiloqramdan artıq qurban payı paylanılıb.

Qurban bayramı münasibətilə təşkil olunan aksiya cəmiyyət üzvləri tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Xüsusilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar göstərilən diqqət və qayğının onların mənəvi dəstəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirin təşkilatçısı olan təşkilatın sədri, 2-ci qrup Qarabağ əlili Çingiz Tağıyev bu xeyriyyə aksiyasını şəxsi maliyyəsi hesabına həyata keçirib. O, uzun illərdir ki, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin problemlərinə həssas yanaşması, sosial layihələrdə fəallığı və vətənpərvər fəaliyyəti ilə tanınır.

Çingiz Tağıyev bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı cəmiyyətin hər bir üzvü üçün örnək olmalıdır:

“Bizim borcumuz Vətən uğrunda sağlamlığını itirən qəhrəmanlarımızın, şəhid ailələrinin yanında olmaqdır. Bu insanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq göstəriblər. Onlara mənəvi dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur.”

Aksiyanın həyata keçirilməsində təşkilatın sədr müavinləri də fəal iştirak ediblər. 1-ci qrup Qarabağ əlili Arif İsgəndərov qurban paylarının hazırlanması və ehtiyac sahibi ailələrə çatdırılması prosesində yaxından iştirak edib. Şəhid ailəsi üzvü Xalidə Cəfərova isə təşkilati işlərin koordinasiyasında və paylanmanın operativ həyata keçirilməsində xüsusi fəallıq göstərib.

Təşkilat nümayəndələri qeyd ediblər ki, bu cür sosial aksiyalar yalnız maddi yardım xarakteri daşımır, eyni zamanda cəmiyyətin həssas təbəqələrinə mənəvi dəstək göstərilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə bayram günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılması onların dövlətə və cəmiyyətə olan inamını daha da artırır.

QMƏVŞAİB uzun illərdir ki, Sabunçu rayonunda sosial layihələr, yardım aksiyaları və vətənpərvərlik tədbirləri həyata keçirir. Təşkilatın əsas məqsədi Qarabağ müharibəsi iştirakçılarının, veteranların və şəhid ailələrinin sosial müdafiəsinə dəstək olmaq, onların problemlərinin ictimai diqqətdə saxlanılmasına töhfə verməkdir.

Qeyd edək ki, son illərdə Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən dövlət siyasəti ictimai təşkilatlar tərəfindən də fəal şəkildə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən humanitar aksiyalar cəmiyyətdə həmrəylik və milli birlik hissinin güclənməsinə xidmət edir.

Bilman İSAQ

скачать dle 12.1
Geri qayıt