Zamanın əlləriylə boy- boya böyüyən ölməzlik dastanı
Pəncərə kənarında dayanıb uzaqlara baxarkən beynimdə dolaşan sükut dolu o pıçıltı:
Təqvimin vərəqləri bir-birini əvəzlədikcə, 103 rəqəmi sadəcə zaman içində bir an kimi ötüb keçir, lakin ruhumun dərinliyində titrəyən o xatirə hər an təzə qalır. Bəzən öz-özümə sual verirəm: bir insan bir millətin yaddaşına necə belə dərindən kök sala bilər? Baxıram və görürəm ki, Heydər Əliyev adı mənim üçün tarixə yazılmış bir addan çox uzaq, hər çətin anımızda qəlbimizə su səpən bir sığınacaq yeridir.
Düşüncələrim məni illər əvvələ, o sarsılmaz iradənin hər addımında hiss olunduğu anlara aparır. O, Azərbaycanın hər daşına, hər çınqılına öz nəfəsini üfürən, dağılmaqda olan ümidləri yenidən bir araya gətirən möhtəşəm bir qüvvəyə çevrilmişdi. Onun baxışlarındakı dərin məna, həm bir atanın şəfqətini, həm də bir sərkərdənin polad kimi möhkəm duruşunu özündə birləşdirirdi. Biz onunla bərabər dik durmağı, öz milli kimliyimizlə fəxr etməyi və ən əsası, azad yaşamağın şərəfini dadmağı öyrəndik.
Şəhərin axşam sədaları içində onun səsini eşidirəm sanki; hər kəlməsi bir nəsihət, hər fikri bir yol xəritəsidir. O, dövləti sadəcə idarə etmədi, onu bir memar dəqiqliyi ilə, hər kərpicini canı bahasına hörərək ucaltdı. Bu gün qazandığımız hər qələbənin, azad nəfəs aldığımız hər qarış torpağın təməlində onun o gərgin gecələrinin, yuxusuz qalmış gözlərinin nuru var.
İndi qəlbimdə bu böyük insana qarşı yalnız dərin bir minnətdarlıq hissi dolaşır. Heydər Əliyev ömrü, bitmək bilməyən bir eşqlə öz xalqına xidmət etməyin ən uca zirvəsidir. O, bizə elə bir miras qoyub ki, bu miras nə rəqəmlərə sığır, nə də illərin tozu altında qalır. Əsl böyüklük də elə budur; cismin getsə belə, ruhunla hər bir azərbaycanlının düşüncəsində, gələcək arzularında və döyünən ürəyində əbədi məskən salmaq.
Ruhun hər zaman şad, xatirən isə hər birimizin ruhunda sönməyən bir işıq kimi yaşasın...
