Yollar qanla yazılan səhvləri unutmur

Yollar qanla yazılan səhvləri unutmur
İLAHƏ ALLAHVERDİYEVA yazır

Son ayların qəza statistikası artıq sadəcə rəqəmlərdən ibarət soyuq bir cədvəl yox, hər gün bir az daha böyüyən ortaq faciəmizin aynasıdır. Yollarımız getdikcə daha təhlükəli bir xəttə çevrilir. Hər səhər xəbər lentlərində rast gəldiyimiz qara xəbərlər artıq gündəlik həyatımızın qanlı rutini halını alıb. O quru sətirlərin, metal yığınlarının və səpələnmiş şüşə qırıntılarının arxasında yarımçıq qalmış arzular, boş qalan stullar, param-parça olmuş ailə taleləri gizlənir. Biz məsələyə çox vaxt səthi yanaşırıq. Sürət həddi, diqqətsizlik və ya texniki nasazlıq bəhanələri ilə təsəlli tapırıq. Lakin bu yanaşma real təhlükəni görməyə mane olur. Çünki əsl faciə sükan arxasındakı fərdin anlıq səhvindən daha çox, illərlə formalaşan yanlış bir mədəniyyət reallığından qidalanır.
Yollarımız bu gün bir nəqliyyat marşrutundan çox, kiminsə öz üstünlüyünü, saxta cəsarətini sübut etməyə çalışdığı bir döyüş meydanını xatırladır. Sükan arxasındakı aqressiya artıq fərdi xarakter sərhədlərini aşaraq, qorxunc bir sosial davranış modelinə çevrilib. Yol verməməyi "qürur", qayda pozmağı "çeviklik", həyatı riskə atmağı isə "cəsarət" hesab edən bu zəhərli psixologiya həm sürücünü, həm də heç bir günahı olmayan piyadanı ölümün qucağına itələyir. Bu mənəvi aşınmanı tamamlayan digər tərəf isə infrastrukturun səssiz boşluqlarıdır. Kifayət qədər işıqlandırılmayan döngələr, silinmiş nişanlar, məntiqsiz piyada keçidləri və texniki baxışdan formal keçən "saatlı bomba" avtomobillər hər tin başında bizi pusquda gözləyir. Biz qəzaların səbəblərini kökündən həll etmək əvəzinə, hadisədən sonra reaksiya verməyə köklənmişik. O faciəyə aparan yolu çoxdan öz əllərimizlə döşədiyimizi isə görməzdən gəlirik.
Xilas yolu nə cərimələrin miqdarında, nə də sadəcə yeni çəkilən asfaltın keyfiyyətindədir. Həqiqi çıxış yolu, yol hərəkəti qaydalarını cəza qorxusu kimi yox, insan həyatına verilən müqəddəs bir dəyər kimi qəbul etməkdən keçir. Maarifləndirmə kampaniyaları formal xarakterli çağırışları kənara qoymalı, birbaşa vicdanlara toxunmalı, insan ruhunu silkələməlidir. Unutmayaq ki, yol qəzaları qaçılmaz bir "alın yazısı" yox, əksər hallarda qarşısı alına bilən acı bir nəticədir. Yollar sükut içində olsa da, hər bir səhv manevri, hər bir səhlənkarlığı öz yaddaşına qanla yazır. Və o yaddaşın qiyməti çox vaxt geri qaytarılması mümkün olmayan canlarla ödənilir. Bu gün o sükutda boğulan fəryadları eşitməsək, sabah eyni yolda eyni ağrı ilə üz-üzə qalmağımız qaçılmazdır.
скачать dle 12.1
Geri qayıt