Hamı “yaxşıyam” deyir

Hamı “yaxşıyam” deyir
Bir-birimizlə hal-əhval tuturuq, dostumuzun, tanışımızın, qohumumuzun, qonuşumuzun kefini soruşuruq. Verdiyimiz necəsən sualını hər kəs “yaxşıyam” –deyə cavablayır. Hamı “yaxşıyam” desə də hər kəs həqiqətən yaxşımıdır görəsən?!
Hər səhər avtobusda üzlərə diqqətlə baxıram. Bir-birinə toxunmadan dayanmağa çalışan insanlar var. Hamının üzündə eyni ifadə – sakitlik. Amma o sakitliyin altında gizlənən min cür fırtınalardan xəbərsizik. Kimisi işə tələsir, kimisi telefonundan gələn mesajdan məmnun ifadə ilə gülümsəyir, kimisi ayaqüstə durmaqdan bezgin ifadə ilə baxır, kimisi sadəcə insanları izləyir, kimisi isə sanki illərin yorğunluğunu daşıyır gözlərində….Müşahidəm onu deməyə əsas verir ki, hər kəs məşğuldur. Kimsə sadəcə o anı yaşamır, hər kəsə uzaqlara-keçmişə və gələcəyə boylanır.
Bizə hisslərimizi gizlətməyi öyrədiblər. Hələ ta uşaq yaşlarından valideynlərimiz bizi istəklərimizdən kənarda qərar verməyə alışdırıb. “Necəsən?” sualına da cavabımızı isə cəmiyyət özü bizə təlqin edib. Bəli, biz hər zaman yaxşıyıq. Heç düşünmədən deyirik bunu. Çünki cəmiyyət bizə güclü görünməyi öyrədib. Ağlamağı yox, dözməyi; danışmağı yox, susmağı; yorulduğunu deməyi yox, davam etməyi….
Müasir cəmiyyətimizdə bir də sosial media reallığı mövcuddur. Burada hər kəs xoşbəxtdir. Şəkillər filtrli, gülüşlər ölçülüb-biçilmiş qaydada kimlərəsə təqdim edilir. Uğurlar paylaşılır, amma bu uğurun arxasındakı çətinliklər dilə gətirilmir. Heç kim “bu gün özümü boşluqda hiss edirəm” yazmır. Heç kim “gülürəm, amma içim ağlayır” demir.
Biz “yaxşı görünmək” üçün “yaxşı olmaqdan” vaz keçmişik.
Bəzən bir insanın ən böyük ehtiyacı məsləhət deyil. Sadəcə anlamaq, dinlənilmək, dəyər verilməkdir. Diqqət etsək görərik ki, əslində əksəriyyətimiz dinləməyi də unutmuşuq. Bəzən cavab vermək üçün qulaq asırıq, anlamaq üçün yox.
Ən təhlükəlisi insanın öz dərdinə alışmasıdır. Bir müddət sonra ağrılar adiləşir, yorğunluq həyat tərzinə çevrilir. Susmaq isə xarakter kimi qəbul olunur. Ancaq həqiqət budur – heç kim həmişə güclü deyil!!! Əslində güclü görünməyə çalışmaq da insanı mənən sındırır.
Bəzən bir insanın həyatını dəyişmək üçün böyük şeylərə gərək yoxdur. Bir mesaj, bir zəng səsi və yaxud “Sən mənim üçün dəyərlisən!” cümləsi kifayətdir.
Gəlin bir-birimizdən “necəsən?” sualını soruşanda gözlərinin içinə baxaq. Verilən cavablar əslində o gözlərdə gizlənir. Çünki hamı “yaxşıyam” desə də əslində reallıqlar fərqlidir.
Bəlkə də cəmiyyətin ən böyük problemi susaraq dağılmağımızdır. Qəlbimizin səsinə qulaq asaq! O, bizə asta da olsa  həqiqəti pıçıldayır.

     Filiz Məmməd
 Jurnalistika ixtisası üzrə I kurs tələbəsi


скачать dle 12.1
Geri qayıt