Şərəfli ömrün və qəhrəmanlığın NÜMUNƏSİ
Qarabağ qazisi Tağıyev Çingiz – Şərəfli ömrün və qəhrəmanlığın nümunəsi
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə igid oğullarımızın göstərdiyi şücaət tariximizin ən şərəfli səhifələrini təşkil edir. Belə qəhrəmanlardan biri də Qarabağ qazisi Tağıyev Çingizdir. Onun həyat yolu, döyüş fəaliyyəti və bu gün cəmiyyətə verdiyi töhfələr hər bir vətəndaş üçün örnəkdir.
Tağıyev Çingiz 1 aprel 1963-cü ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuşdur. Uşaqlıq illərindən vətənə bağlı ruhda böyüyən Çingiz Tağıyev Azərbaycanın çətin günlərində tərəddüd etmədən silaha sarılan igidlərdən biri olmuşdur.
O, 1991–1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş, atəşkəsə qədər vətənin müdafiəsində şərəflə xidmət göstərmişdir. 708 nömrəli briqadanın 8/45 nömrəli batalyonunda döyüşən Çingiz Tağıyev cəbhənin ən qaynar nöqtələrində olub, iki dəfə yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməmiş, mübarizəsini davam etdirmişdir.
Vətənə olan sevgisi və döyüş ruhu illər sonra da sönməmişdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı o, yenidən könüllü olaraq cəbhəyə yollanmışdır. Bərdə korpusunun 051 və 190 nömrəli briqadalarında könüllü kəşfiyyat dəstəsinin tərkibində iştirak edən Çingiz Tağıyev Ağdam istiqamətində gedən döyüşlərdə fəallıq göstərmişdir. Bu döyüşlər zamanı o, ağır kontuziya almasına baxmayaraq, yenə də döyüş yoldaşlarına dəstək olmuşdur.
Cəsarətli döyüşçü kimi göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmiş, bir neçə medalla təltif olunmuşdur. 2020-ci ilin noyabr ayında Ermənistan silahlı qüvvələrinin Ağdamı təhvil verməsindən sonra, 22 noyabr tarixində Çingiz Tağıyev və onun döyüş yoldaşları doğma torpaqlara daxil olmuş, Paprəvənd istiqamətində irəliləmişlər. Onların könüllü dəstəsi erməni işğalçılarına məxsus hərbi hissəni nəzarətə götürmüş, noyabrın 28-də isə tərxis olunmuşdur.
Bu gün Tağıyev Çingiz yalnız döyüş meydanında deyil, ictimai həyatda da fəallığı ilə seçilir. O, hazırda “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sabunçu rayon filialının sədri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilir, bayram günlərində onlara sovqatlar təqdim olunur.
Xeyirxahlığı, insanpərvərliyi və vətənpərvərliyi ilə cəmiyyətin böyük hörmətini qazanan Çingiz Tağıyev, həyatını Azərbaycan dövlətinə və xalqına xidmətə həsr etmiş əsl vətəndaşdır.
Bu gün doğum gününü qeyd edən Qarabağ qazisi Tağıyev Çingizi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq. Onun keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün daim örnək olacaqdır.
Bilman İSAQ
