Səfərin ən səmimi anı – azyaşlı ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Xocavənd rayonunun Xanoba kəndində olub. Dövlət başçısını səfərdə Birinci vitse-prezident Mehriban Əliyeva müşayiət edib.

Səfər çərçivəsində Prezident və birinci xanım uzun fasilədən sonra doğma torpaqlarına qayıdan sakinlərlə görüşüb, onların yaşayış şəraiti və məişət problemləri ilə maraqlanıblar. Eyni zamanda kənddə bayram əhval-ruhiyyəsi hiss olunub – dövlət başçısı sakinlərlə birlikdə Novruz tonqalını alovlandıraraq bu əlamətdar günü onlarla bölüşüb.
Səfərin ən səmimi anı – azyaşlı ilə görüş
Səfər zamanı diqqət çəkən və sosial şəbəkələrdə geniş yayılan məqamlardan biri isə azyaşlı sakinlə bağlı olub. Qarabağa yeni qayıdan kənd sakinlərindən olan balaca uşaq Prezidentin avtomobilinə əyləşərək onunla səmimi söhbət edib.
Məlumata görə, azyaşlı hətta bir müddət avtomobilin sükanı arxasına keçib və bu anlar ətrafdakılarda təbəssüm yaradıb. O, avtomobildən düşərkən Prezidentə “Mən sənin maşınını istəyirəm” deyərək maraqlı və unudulmaz an yaşadıb.
Qarabağa qayıdışın simvolik görüntüsü

Bu hadisə sadəcə maraqlı epizod kimi deyil, həm də böyük mənəvi məna daşıyır. Çünki uzun illər işğal altında qalan torpaqlara qayıdan yeni nəslin nümayəndəsi artıq azad Qarabağda böyüyür və bu torpaqlarda gələcək qurur.
Azyaşlının Prezidentlə bu səmimi ünsiyyəti, onun avtomobilində əyləşməsi bir növ Qarabağın gələcəyinə olan inamın, təhlükəsiz və sabit həyatın simvolu kimi qiymətləndirilir.
Yenidən qurulan Qarabağ və yeni həyat
Son illərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Qarabağ bölgəsində həyat sürətlə canlanır. Xocavəndin Xanoba kəndi də artıq öz sakinlərini qəbul edir və burada yeni həyat başlayır.
Prezidentin bölgəyə səfərləri, sakinlərlə birbaşa ünsiyyəti və bu kimi səmimi anlar dövlətin əsas prioritetinin məhz insanların doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək olduğunu bir daha göstərir.
Bilman İSAQ
