Ömrünü maarifçilik missiyasına həsr edən-Şəmil SADİQ

Ömrünü maarifçilik missiyasına həsr edən-Şəmil SADİQ
Şəmil Sadiq – elmə, təhsilə və ədəbiyyata həsr olunmuş bir ömür.
47 yaş bir insanın ömründə gəncliklə müdrikliyin əl-ələ verdiyi bir zirvədir. Bu zirvədə dayanmış Şəmil Sadiq isə yoluna davam edir: gənclərə yön, təhsilə nəfəs, kitaba dəyər verir.
GunAz.az bildirir ki, Pedaqoq, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiqin doğum günüdür.
Şəmil Sadiq uşaq yaşlarından elmə, kitaba bağlı olub. Onun üçün müəllimlik sadəcə bir peşə deyil, bir amal, bir həyat yoludur. Orta məktəb illərində formalaşan ədəbiyyat sevgisi tələbəlik dövründə elmi axtarışlara çevrilib və o vaxtdan bəri bütün ömrünü maarifçilik missiyasına həsr edib.
2008-ci ildə şəxsi təşəbbüsü ilə Hədəf Kurslarını, 2009-cu ildə isə Hədəf Nəşrlərini təsis edib. Sonrakı illərdə fəaliyyətini genişləndirərək Hədəf Liseyini, XAN Nəşriyyatını, Kitabevim.az mağazalar şəbəkəsini, Hədəf Multimedia və digər qurumları qurub. Hal-hazırda bütün bu müəssisələr Hədəf Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir və minlərlə şagird, tələbə, müəllim və oxucuya xidmət göstərir. 2021-ci ildən isə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və sədri olaraq ölkədə kitab nəşri, yayımı və oxu mədəniyyətinin inkişafına da böyük töhfələr verir.O, Azərbaycanda ilk dəfə STEAM əsaslı liseyi təsis etmiş və təhsil prosesinə robot müəllimi gətirməklə bu sahədə mühüm yeniliklərə imza atmışdır. Bu təşəbbüslər müasir təhsil sisteminə texnologiyanın inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Şəmil Sadiq filologiya üzrə fəlsəfə doktorudur. O, Hüseyn Cavid yaradıcılığına həsr olunmuş “Sənətkarlıq məsələləri” və “Qəhrəman konsepsiyası” mövzulu elmi monoqrafiyaların müəllifidir. Bundan başqa, məktəblilər üçün “Ədəbiyyat” və “Azərbaycan dili” dərsliklərinin, diasporada yaşayan soydaşlarımız üçün “Azərbaycan dilini öyrənirəm” kitabının müəllifidir. Onun tədqiqatları arasında həm cavidşünaslıq, həm də İsa Muğanna irsinin öyrənilməsi xüsusi yer tutur.
Bədii yaradıcılıqda da fərqlənən Şəmil Sadiq oxuculara “Mən bir müəlliməm”, “Odərlər”, “Qara tut ağacı”, “Qorqud atanın pıçıltısı”, “İnsan mühəndisi”, “Yuxu maşını” və digər kitablarını ərməğan edib. Ümumi olaraq bugünə qədər 50-yə yaxın elmi məqalənin, 30-dan çox kitabın müəllifi və ya həmmüəllifi olmuş, həm elmi, həm də metodik ədəbiyyat sahəsində geniş auditoriya üçün mühüm əsərlər ortaya qoymuşdur.
Şəmil Sadiqin ömür yolu göstərir ki, zəhmət, elm sevgisi və əqidə ilə yüzlərlə müəllimin, minlərlə gəncin həyatına işıq salmaq, Azərbaycan ədəbiyyatına və təhsilinə əhəmiyyətli töhfələr vermək mümkündür.
Bilman İSAQ
скачать dle 12.1
Geri qayıt