Kirayənişinlərin nəzərinə: Bu halda təzminat ödəyəcəksiniz!

Maraqlıdır, kirayə verilən evlərdə bədbəxt hadisə olduğu təqdirdə, dəyən zərər kim tərəfindən qarşılanmalıdır? Bu məsələ necə tənzimlənir?
GunAz.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Globalinfo.az-a açıqlamasında hər kəsin öz evini sığortalamalı olduğunu bildirib:
“Bununla bağlı sığorta müqaviləsi var və bunun əsasında hər bir vətəndaş öz evini sığortalaya bilər. Bədbəxt hadisələrdən qorunmaq üçün yalnız bu vasitə ilə hər hansı bir ziyan dəydikdə sığorta tərəfindən bu vəsaitin ödənilməsi təmin edilir, yəni illik 50 manat icbari sığorta ilə 25 min manata qədər ziyan qarşılanır. Ziyan 25 mindən yuxarı olduqda isə bununla bağlı müvafiq icra qurumları və ya məhkəmə tərəfindən qərar çıxarılarsa, bilavasitə günahkar olan şəxs dəyən zərəri ödəməlidir. Kirayənişin və ya ev sahibinin zərəri ödəməsi məsələsinə gəldikdə isə burada günahkar şəxs kirayənişin olduğu üçün onun tərəfindən dəyən ziyan qarşılanmalıdır. Bunların hamısı isə kirayə müqaviləsində öz əksini tapır. Dəymiş ziyanın ödənilməsi birbaşa icarədarın üzərinə düşür. Ona görə də vətəndaşlar evini kirayə verərkən mütləq qaydada müqavilələr bağlamalıdırlar. Burada isə hər hansı baş verəcək halların sığortalanması üçün tərəflərin məsuliyyəti mütləq olaraq qeyd edilməlidir”.