Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir?

Bəs sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir?
GunAz.az xəbər verir ki, bu barədə vəkil Nurlan Səfərov açıqlama verib.
“Bu məsələ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Əlaqədar mövzuda nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçi və ya etibarnamə, icarə və ya digər hüquqi razılaşma əsasında nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) tərəfindən idarə olunub-olmaması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan bu fəaliyyəti həyata keçirən şəxsə yüz manat cərimə tətbiq edilir. Məcəllənin 335.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi tərəfindən idarəetmə hüququ olmayan şəxsə nəqliyyat vasitəsini vermək nəticəsində fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat cərimə olunur. Beləliklə, əgər şəxs nəqliyyat vasitəsinin sahibidirsə və onun idarə etmə hüququ yoxdursa, həmin şəxs 100 manat cərimə olunur, amma əgər nəqliyyat vasitəsinin sahibi deyilsə və idarə etmə hüququ yoxdursa, həmin şəxs 100 manat, nəqliyyat vasitəsinin sahibi isə şəxsin növündən asılı olaraq 60, 200 və ya 2000 manat cərimə edilir”./milliaz