SENTYABRIN 27-si AZƏRBAYCANDA ANIM GÜNÜDÜR

SENTYABRIN 27-si AZƏRBAYCANDA ANIM GÜNÜDÜR

Qaradağ rayonunun Qobustan qəsəbəsində Milli Qəhrəmanımız Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir  keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi həmin gün anılır.
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 26 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının ilk milli qəhrəmanlarından biri və Qaradağ rayonunun isə ilk Milli Qəhrəmanı olan Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Bakının Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət Evində Anım Günü ilə əlaqədar Milli Qəhrəmanımız Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov,Qaradağ rayonu İcra Hakimiyyətinin və YAP Qaradağ rayon təşkilatının məsul işçiləri,  idarə, müəssisə, təşkilat rəhbərləri, Qobustan qəsəbəsinin sakinləri, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri və qazilər, şəhidin ailə üzvləri və qohumları iştirak etdilər.  Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Qəhrəmanın döyüş və iş yoldaşları:Polis mayoru Fuad Bayramov,Bəhram Veysəlli, şəhidin oğlu İsmayıl Əliyev və başqaları  çıxış edərək Milli Qəhrəmanın  xatirəsini yad etmiş və qəhrəmanın keçdiyi həyat və döyüş yolu barədə xatirələrini dnışmışlar. Ədəbi-bədii tədbirdə  Qobustan qəsəbəsində yerləşən 195, 223, 321 saylı məktəblərin  şagirdləri  Şəhidlərə həsr olunmuş şeirlər söyləmişlər. Tədbirin sonunda Milli Qəhrəmanın oğlu İsmayıl Əliyev çıxış etmiş, tədbirin yüksək şəkildə təşkilinə və şəhid  ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə ailə üzvləri adından öz təşəkkürünü bildirmişdir. Tədbirin sonunda  milli qəhraman Əliyev Yusif Əliyusif oğlunun anım mərasimində iştirak edənlər onun  ata evində  açılmış ehsan süfrəsinə dəvət olundular.
Qeyd edək ki, Qaradağın ilk Milli Qəhrəmanı olan Əliyev Yusif Əliyusif oğlu 02.12.1969-cu ildə  Bakı ş.-nin Qobustan q. – 14.9.1991, Goranboy r-nunun Buzlaq k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. O həmin qəsəbədəki 223 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlamış, 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Rusiya Federasiyasının Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmiş, 1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayımış,
1990-cı il avqustun 23-də könüllü şəkildə DİN-nə müraciət etmiş,polis əməkdaşı kimi Vətənin müdafiəsində fəal iştirak edir, post-patrul xidməti alayının 3-cü rotasına əmr alaraq az müddət ərzində o, igid və cəsur bir döyüşcü kimi tanınmışdı.
1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından mərdliklə çıxır. Həmin vaxt silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. 1991-ci ilin fevralın 24-də səhər sübhdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçmişdi, qüvvələr qeyri-bərabər idi, həmin ərazimizi o vaxt qoruyan polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı düşməni planlı şəkildə yaxına buraxır və müxtəlif səmtlərdən onları hədəfə alırdı. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, polis dəstənin də döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşə atılır və gözlənilməz hücumdan çaş-baş qalan ermənilərə ağır zərbələr vurmaqla onları  pərən-pərən salır.
1991-ci il sentyabrın 14-ündə düşmən yenidən Goranboy rayonunun Buzluq kəndinə hücuma keçr və  ölüm-dirim savaşına girən polis dəstəsinin sursatı tükənərkən Yusif Əliyev güllə yağışı altında Buzluğa sursat çatdırmağa müvəffəq olur,lakin aldığı güllə yarasından özü də qəhrəmancasına şəhid olur. Şəhid olarkən o ailəli idi altı aylıq Hüseyn adlı  oğlu var idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
O Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Qobustan qəsəbsindəki 195 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Həmin məktəbdə Milli Qəhrəman Yusif Əliyevin büstü qoyulmuşdur.

 

ALLAH RƏHMƏT ELƏSİN!

Rəsmiyyə HEYBƏTAĞAQIZI

SENTYABRIN 27-si AZƏRBAYCANDA ANIM GÜNÜDÜR

 

 

 


 



скачать dle 12.1
Geri qayıt