
Qulu Məhərrəmli
Professor
İkinci Qarabağ savaşının media qəhrəmanlarından biri olan reportyor Fulya Öztürk (CNN TÜRK kanalı) haqqında sənədli film çəkilməsi ilə bağlı sosial şəbəkələrdə gedən ürəkbulandıran mübahisələri izlədim. Düzü, bu məişət səviyyəli mübahisələrin predmeti mənə aydın olmadı. Biz nəyin üstündə mübahisə edirik?
Şəxsən mən Azərbaycan media hadisəsi olmayan, amma Azərbaycan reallığında və bizim informasiya məkanında ulduz kimi parlayan fədakar bir reportyor haqqında film çəkilməsini təqdir edirəm. Həmin filmin Tahir Tahiroviç kimi təcrübəli rejissora həvalə olunmasını da alqışlayıram. Fikrimcə, "Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Azərbaycanın informasiya maraqları baxımından belə bir filmin çox faydalı olacağını düşünürəm. Gul Arifqızı, bəli, cəbhə həyatını işıqlandıran, ciddi araşdırmalar aparan sizin kimi, adını çəkdiyiniz Zemfira xanım kimi fədakar jurnalistlərin gördüyü işlər unudulmazdir. Əlbəttə, cəbhə bölgəsinə yaxın təhlükəli ərazilərdə bizim telekanalların da layiqli jurnalistləri çalışırdı, amma Fulyanın bir reportyor kimi fərqliliyi ondadır ki, o, birbaşa xəbər xəttinə, efirə bağlı idi. Baş verən GÜNDƏLİK hadisələr onun təqdimatından keçərək ən azı 80 milyonluq Türkiyəyə yayılırdı. Bir az da, fərdiliyi, peşəkarlığı, yaxşı mənada artistizmi, səmimiyyəti, canıyananlıqda ifadə olunan emosionallığı, etnik kimliyi və bu kimliyin təmsilçisi olan dövlətin Azərbaycana münasibəti Fulyanı iri plana gətirirdi. Amma "niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirəyə həmişə açıqdır. Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoymuş Nəcəf Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və s. jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarılması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm.