SON DƏQİQƏ
» » İnsan kasıb olanda kaş var-dövlətdən olsun, ağıldan yox...

İnsan kasıb olanda kaş var-dövlətdən olsun, ağıldan yox...

Tarix:

15-04-2021, 13:59

/ 3 714 dəfə oxundu.
İnsan kasıb olanda kaş var-dövlətdən olsun, ağıldan yox...

Bəzən fərqinə varıldı, varılmadı söz düşəndə deyirik ki, biz qılınc müsəlmanıyıq. Təbii ki, bu ifadənin islamla hər-hansı bir bağı yoxdur. Bunu islamla bağlayanlar isə dinimizə qara yaxmağa çalışanlardır.

Tarixdən də bilirik ki, "qılınc müsəlmanı” sözü İslamı zorla, qılınc yolu ilə qəbul etməyimiz anlamına gəlmir və gələ də bilməz. Ancaq bəzən məcazi mənada bu ifadənin reallıqlarımızla uzlaşmasının şahidi oluruq. Belə ki, daha çox insanlıqla və qanunlarımızla bağlı olan bəzi məqamlarda bu özünü büruzə verir. Əsasən də günümüzdə həyatımızın dəvətsiz bir parçasına çevrilmiş pandemiya dövründə. Təbii ki, koronaviruslu dövrümüzdən əvvəllər də bu belə olub. Bizə nə qadağa olunursa, nədənsə onu qəbul etmək istəyində olmuruq. Ancaq arxasında inzibati tədbirlər dayanan kimi onu elə gözəl qəbul edirik ki. Bəs görəsən bu nədən belədir?

Avropalıya deyəndə ki, bunu etmə bu sənin sağlamlığın, gələcəyin və s. üçün zərərlidir, o, bunu dərhal qəbul edir. Biz isə bunu etməmək üçün hətta ən çətin qanunazidd addımlara belə getməyə hazırmış kimi canfəşanlıq edirik…

Koronavirusun yeni başlanan dövrlərində dövlət dedi ki, maska taxın, ondan istifadə edən olmadı. Sonra inzibati resurslar ortaya çıxdı, hamı maska taxmağa başladı. Pandemiya şiddətlənən dövrdə deyildi ki, evdən çölə çıxmayın, hamı töküldü çölə. Yenə inzibati tədbirlər düşdü işə və hamı başladı gizlənqaç oynamağa və maraqlı, acınacaqlı «filmlərin» də şahidləri olduq. Polislə kartof, soğan döyüşündən tutmuş, tuman-köynəkdə evindən baş-ayağından tutularaq bölmələrə aparılanlara qədər. Bu «səhnə əsərləri» bitməmiş, indi də ortaya peyvənd vurma kampaniyası çıxıb. Dövlət bu qədər xərc çəkib ölkəyə nə qədər vaksin gətirib ki, bu virusdan ölümü yox etsin, ancaq ki nə çarə, dəyirman yenə çax-çaxındadır. İndi də bəziləri öz «kreativ» düşüncələri ilə bu vaksinasiya prosesinə min bir don geyindirməkdədir.

Artıq tədricən bu prosesdə də yenə inzibati resurslar yavaş-yavaş işə düşür. İşləyənlər iş yerini itirməmələri üçün bəzi sahələr üzrə vaksinasiyadan qaça bilmir. Ancaq qeyd etdiyim kimi bu prosesdən də yayınmaq üçün yeni "kəşflər” edilməkdədir...

Nəhayət, mus deyincə, mustafaya gəlməyin zamanı çatdı. Əslində bu cızma-qaranın yazılması da elə bu «mustafa» ilə bağlıdır. Belə ki, tanıdığım çox kasıb bir ailənin yenicə işə başlayan xanımı vaksinasiya prosesində iştirak etməsi tələbi üzərindən 20 manat verərək bu prosesdən yayınması xəbəri məni heyrətə gətirdi. Haradasa xadimə işləyən birinin belə addım atması təbii ki, həm mənəvi, həm də maddi anlamda qəbulolunmazdır. Əvvəla yoxsul şəraitdə yaşayan biri üçün bu 20 manatın nə demək olduğunu anlamaq heç də çətin deyil. İkincisi insan nə qədər cahil ola bilər ki, onun sağlamlığı üçün dövlət bu qədər xərc, zəhmət çəksin bu kasıb bədbəxt də kimin ağlı iləsə həm malından, həm də canından olsun. O, məsələnin digər tərəfidir ki, bunu kim edib. Çünki bu artıq edilib və deyilən «məlumatlara» görə hələ də belə işlər davam etməkdədir. Belələrini sadəcə öz vicdanları ilə (əgər varsa – A.A.) baş-başa buraxaq…

Bəli, qayıdaq əsas məsələyə, yəni «mustafaya». Buna bir çox lətifələr də uyğunlaşdırmaq olar. Ancaq bu lətifəlik deyil, çünki lətifənin sonu gülməlidir. Bunun isə əvvəli də, sonu da faciəvidir.

Görünür heç də təsadüfi deyilmiş ki, "daş” düşəndə nədənsə, daha çox kasıbın başına düşürmüş. İnsan kasıb olanda da kaş var-dövlətdən olsun, ağıldan yox...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ