
1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında AXC-nin silahlı dəstələri tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Naxçıvanda fəaliyyət göstərən Xalq Cəbhəsinin bəzi qüvvələri muxtar respublikanın hüquq- mühafizə orqanlarının rəhbər vəzifələrinə cəbhəçilərin yerləşdirilməsini tələb edirdilər.
O zaman Naxçıvan MR Ali Məclisinin Sədri, xalq arasında böyük nüfuza malik ulu öndər Heydər Əliyevin sayəsində təxribatın qarşısı alındı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri, separatçı Əlikram Hümbətovun başçılığı ilə təşkil olunan Lənkəran qiyamı, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Bakıda dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqla birliyi ilə alan ulu öndər Heydər Əliyev müstəqilliyimizin qarantı oldu.
Artıq 1995-ci ilin mart, dövlət çevrilişinə cəhddən 26 il ötür. Həmin dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı olan Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) Daxili İşlər Nazirliyinin (DİN) tərkibində erməni silahlı birləşmələrinə qarşı mübarizə məqsədilə yaradılmışdı. Sonralar canlı qüvvəyə və güclü hərbi texnikaya malik olan bu qurum fəaliyyət istiqamətini dəyişdi. Onlara etibar olunan silahları şəxsi məqsədləri naminə həmvətənlərinə tuşlayan XTPD cinayətkarlar yuvasına çevrildi. DİN-in nəzarətindən çıxan bu silahlı dəstənin üzvləri Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə yetirərək dövlət əleyhinə təxribatlara başladılar. Qaçaqmalçılıqla, terrorçuluqla, adam oğurluğu ilə, xalq malını və strateji dövlət əmlakını dağıtmaqla, reketçiliklə məşğul olan, mafioz qruplarla əlaqə yaradan «xüsusilər» 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd edən Sürət Hüseynovun xəyanətkar qüvvələri ilə birləşərək ağır cinayətlər törətdilər. Lakin Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdlərinin qarşısı alındı.
Həsənova Ulduz,
21 nömrəli şəhər poliklinikasının baş həkimi































