SON DƏQİQƏ

BAĞIŞLAYIN BİZİ...

Tarix:

29-06-2020, 08:16

/ 2 897 dəfə oxundu.
BAĞIŞLAYIN  BİZİ...

 

Azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycan milli azadlıq hərəkatının lideriƏbülfəz Elçibəy 2000-ci ildə Bakıda xəstə olan vaxtı mənim yenicə çapdan çıxan "Məhkəmədən əvvəl məhkəmə və ya Kəfənini geymiş qoca” (hekayələr və pyeslərdən ibarət toplu) kitabımı oxuyub və bu kitab haqqında özünün yüksək fikrini deyib. Hətta həmin vaxtı verdiyi müsahibələrin birində bu kitabı " Milli demokratiya yolunda ilk qaranquş” adlandırıb. Və söz vermişdi ki, müalicədən qayıdandan sonra biz görüşəcəyik. Əfsus ki, bu görüş baş tutmadı... O, avqust ayının 22-də dünyasını dəyişdi. Mən bunu eşidən vaxt onunla bağlı "Bizi bağışlayın” adlı elegiya yazdım. Həmin elegiya Əbülfəz Elçiyəbin dünyasını dəyişdiyi 40-cı günü "Azadlıq” və "Yeni Musavat” qəzetlərində çox böyük tirajla çap olundu. Bu elegiya ilə bağlı mənə çoxlu insanlar öz təşəkkürlərini, xoş sözlərini bildirdilər...

Allah sizə rəhmət eləsin, xalqımızın böyük oğlu, sevimli insan, milli azadlıq hərəkatımızın lideri Əbülbəz Elçibəy! Mən inanıram, nə qədər ki, Azərbaycan adlı məmləkət varsa, Siz həmişə yaşayacaqsız. Seviləcəksiz.

Müəllif

                                                                 Elegiya

Bilmirəm bizi, bu millətin ziyalılarını bağışlayacaqsınızmı? Çoxumuz Sizin amallarınızın, ideyalarınızın, məramlarınızın ardınca getmədik... Öz qınımıza çəkildik... Bəzilərimiz vəzifələrimizi itirmək qorxusuna, bəzilərmiz daxilimizdə olan qorxu xofuna qalib gələ bilmədik. Bəzilərimizsə hələ də köhnə dünyanın, qırmızı İmperiyanın "xəyal-plovu ilə" yaşayaraq, Sizi başa düşə bilmədik... Eşitmədik Sizi. Güldük Sizə... Eşitmişəm, hansısa dahi deyib ki, "Əgər ziyalı daxilən azad olub, öz sözünü, xalqının dərdini, problemini lazım olan yerdə deyə bilmirsə, onun ziyalı olmasına şübhəm var"...

Siz ilahi bir varlıq olmaqla, ilahi bir Dövlət qurmaq istəyirdiniz. Kiminlə?.. Bizimləmi?.. Axırı nə oldu?.. Məgər Siz bilmirdiz ki, Şah İsmayıl da o arzularla yaşıyıb? Axırı nə olub?.. Əbih Sultanlar ona imkan vermədi... Əbih Sultanın törəmələri məgər sizə də imkan verərdilərmi ki, Siz o Dövləti qura biləsiz? Məgər bu törəmələr imkan verərdilərmi ki, Siz bu torpağın altının da, üstünün də varını, dövlətini, sərvətini məmləkətdə yaşayanlara ata malı kimi bərabər böləsiz? Bəs onda Əbih Sultanın törəmələrinə nə çatardı? Məgər hər şey bərabər bölünsəydi, Əbih Sultanın törəmələri bu qədər benzindoldurma məntəqələri, bu qədər maşın, əşya, ərzaq bazarları, bu qədər restoranlar, fahişəxanalar, qumarxanalar, nə bilim nə xanalar, nə xanalar yaradıb, milləti qul bazarına qova bilərdilərmi? Məgər hər şey bərabər bölünsəydi, illərlə millətin qanı, canı, taleyi, məhrumiyyəti, alın təri bahasına başa gələn bu qədər zavodları, fabrikləri, təsərüfatları hərraca qoyub, söküb, dağıdıb, satıb, öz dədələrinin malları kimi istədiklərini eləyə bilərdilərmi?.. Belə ildırım surəti ilə varlanıb, milləti ayaq altına qoyub, məhv eləyə bilərdilərmi? Sizi şəbədəyə qoyub, ardınızca "araq içib, ağaca çıxıb", - deyə bilərdilərmi?.. Bağışlayın bizi, ey BÖYÜK BƏY. Günahkar bizik. Biz ziyalılar... Əgər biz vaxtında sizin ardınızca getsəydik, onda adını Xalq Cəbhəsinin üzvü qoyub, savadsız, səriştəsiz, vəzifə xatirinə sizə qoşulanlar da, vəzifə kürsüsündə əyləşib, "millətin anasını ağlada" bilməzdi. Əgər biz sizi vaxtında başa düşə bilsəydik, onda sizə arxa, dayaq olardıq. Sizinlə birlikdə istədiyiniz bütöv müstəqil Azad Azərbaycan Demokratik Dövlətini qurardıq. O dövləti ki, orda tayfabazlıq, yerlibazlıq, rüşvətxorluq, qəddar iqtidar, yalançı, qorxaq, satılmış müxalifət, səriştəsiz, "mənəm-mənəm” deyən rəhbərlər, torpaq satanlar olmaz, millət xoşbəxt, firavan yaşayar, ayrı-seçkilik etməzdilər... Əgər biz sizi başa düşsəydik...

Əgər biz sizi başa düşsəydik, onda parça-parça, tikə-tikə yadlara, yağılara payladığımız torpaqlarımızı tezliklə geri qaytarıb, arzusunda olduğumuz qüdrətli Vahid Azərbaycan Demokratik Dövlətini yarada bilərdik. Bu dövləti Şah İsmayıl da, Məmmədəmin Rəsulzadə də arzu edirdi. Siz də... Kim bilir daha bundan sonra neçə əsrlər, qərinələr gözləmək lazım gələcək ki, Sizin kimilər yenə də dünyaya gəlsin. Gələcəkmi?.. Gələcəkmi ki, bu milləti azad eləyib, yağı düşmənlərin tapdağı altında inildəyən torpağımızı birləşdirə bilsin. Qız-gəlinlərimizi düşmən caynaqlarından, əsirlikdən azad eləyə bilsin... Azad eləyə bilsin ki, biz də kişi kimi başımızı dik tutub gəzə bilək...

Belə deyirlər ki, "Siyasət-bicliklə giclik arasında qurulmuş, düşünülmüş bir oyundur". İndi çox siyasətçilərimiz də bu oyunu oynayırlar... Ancaq siz onlardan fərqli olaraq heç bir oyun oynamırdınız. Hər şeyi xalqa açıq-açığına düz deyib, onu qırğına aparmadınız. Heç bir millət oğullarını həbsxanalara doldurmadınız... Bizim bədnam, iyrənc oyunlarımızı, əməllərimizi görüb küsdünüz bizdən... Uzaqlaşdınız bizdən... Kələkidən, o hündürlükdən, ucalıqdan izlədiniz bizi... Demə Siz bu əsrdə bizim gözümüzün qarşısında Ulu Tanrının millətimizçün göndərdiyi müqəddəs bir varlıq olubsuz. Biz isə bunu nə görmüşük, nə də başa düşə bilmişik... Elə Ulu Tanrının yaratdığı, Məhəmməd peyğəmbər, imam Əli yaşıında da dünyanızı dəyişdiniz... Heyf ki, AZADLIQ, BİRLİK, BÜTÖVLÜK çağırışınızın əvəzində biz sizi "daş-qalaq” elədik... "Daş-qalaq” elədik... İnanmadıq. Şübhə ilə yanaşdıq sizin dediklərinizə... Ali məqsədinizə. Arzularınıza.

Eşitmişəm axırıncı dəqiqənizdə də biz ziyalıları düşünüb, bizim haqqımızda fikirləşib, bəzi sözləri ürəyinizdə, bəzilərini isə dilinizdə demisiz:

- Ey ziyalı qardaşlarım... Bilin ki, özümlə çoxlu sirləri, arzuları, amalları, fikirləri, dərdləri aparıram o dünyaya... Sizə deyiləsi çoxlu sözlərim, sirlərim qaldı ürəyimdə... Bu sözlər, sirlər yara bağladı, qubar elədi ürəyimdə. Çarəsiz dərdə saldı məni... Vaxtından tez apardı qara torpağa. İndi qoy məni nə iqtidar, nə müxalifət dəfn eləsin. Məni qoy ziyalılar dəfn eləsin. O ziyalılar ki, vaxtında mənim çağırışıma gəlmədilər... Gəlmədilər ki, bütöv, müstəqil, Demokratik Azad Azərbaycan adlı bir məmləkət yaradaq. Parça-parça olmuş torpaqlarımızı, bir-birinə düşmən kəsilən, bir-birini eşitməyən millətimizi birləşdirə bilək... Axı mən sizin yolunuzu gözləyirdim... Ey ziyalı qardaşlar, bacılar, bəylər, xanımlar. İndi isə vayıma gəlin... Bu tək mənim yox, elə millətin də öz vayı deməkdir. Öz... Vayı... Deməkdir...

Ey böyük şəxsiyyət! Əgər bir millətin ki, təkcə şimalındakı məmləkətində milyondan artıq qaçqını, köçkünü varsa, ondan da çoxu çörək, gün-güzəran həsrəti ilə "cəlai-vətəndirsə", əgər bir millətin torpağı həm güneydən, həm quzeydən, həm cənubdan, həm də şərqdən özgə millətlərin, yağıların tapdağı altındadırsa və bu məqamda da millət birləşib, bir olmaq istəmirsə, bir-birini "söz atəşinə", güllə atəşinə, təhqirlərə tutursa, deməli, düz deyibsiz: " Bu gün bu mıllətin vayıdır”. Bu vay da BİRLİK yaranmayana qədər millət arasında davam eləyəcək. BİRLİK isə ancaq o vaxt yaranacaq ki, həm iqtidar, həm də müxalifət kini-küdurəti, məkri, qəddarlığı, tayfabazlığı, yerlibazlığı, mənəm-mənəmliyi kənara qoyub, bir yumruq kimi birləşsin. Torpağının, millətinin bütövlüyü uğrunda döyüşə, vuruşa qalxsın. Hamı hərbi paltar geyinib, cihad eləsin... CİHAD ELƏSİN! BİRLƏŞSİN!

Bağışlayın bizi... Belə deyirlər ki, ancaq adları boyük hərflərlə yazılan İNSANLAR bağışlamağı bacarırlar. Siz də həmin insanlardan idiniz.

Bu dünyada hökmdar da olmaq olar. Ancaq əgər o hökmdarın daxilindəməkr, qəddarlıq, qaniçənlik, ancaq özünü, öz tayfasını, öz əsabələrini düşünmək, öz "mənini" nəyin bahasına olursa olsun, güclə millətin beyninə yeritmək varsa, adı tarixdə heç vaxt nə böyük hərflərlə yazılacaq, nə də adını şərəflə, fəxrlə çəkən olacaq. Hətta haqqında qalaq-qalaq kitablar yazılsa belə. Epopeyalar çəkilsə belə. Səhərdən axşama qədər məddahlar şəninə, təriflər yağdırsa belə. Sağlığında adına bağlar, meydançalar, parklar salınsa belə... Onlar, belə hökmdarlar tarixdə yalnız bir adla qalırlar. Diktatorlar... Biz belələri haqqında çox oxumuşuq və özümüz də onları görmüşük…

Sizsə bu torpağın altında rahat yata bilərsiz. Çünki adınız bu millətİn tarixində, böyük Türk dünyasının müqəddəs kitabında əbədi, böyük hərflərləyazıldı. Siz həqiqətən BÖYÜK BƏY kimi millətimizin tarixində qaldınız. Əzizimiz. Ulumuz. Müqıddəs varlığımız-ƏBÜLFƏZ ELÇİBƏY.

BAĞIŞLAYIN  BİZİ...Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Sumqayıt şəhəri

9-10 sentyabr 2000-ci il.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ