
Daşınmaz əmlakların sığortalanması məsələsi, fikrimcə, çox müsbət haldır.
GunAz.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş məlumatlar yayılır:
“Onu deyim ki, bu məsələ tam olaraq nazirliyin cavablandıracağı istiqamət deyil. Yaxşı olardı ki, bu məsələ ilə bağlı aidiyyəti orqanlara sual ünvanlayasınız. Amma düşünürəm ki, hər bir halda daşınmaz əmlakın və digər əmlakların sığortalanması həm iqtisadi, həm də sabitlik nöqteyi-nəzərindən müsbət haldır.
Heç kim istəməz ki, xoşagəlməz hallar baş versin, lakin heç birimiz bəzi hadisələrdən qaça bilmirik. Lakin daşınmaz əmlakların sığortalanması məsələsinin məcburi və ya könüllü olması qanunvericiliklə tənzimlənməlidir. Bu isə dediyim kimi, aidiyyəti orqanlar tərəfindən cavablandırılsa, daha doğru olar”.
Nazir KİV-də bu məsələ ilə bağlı gedən məlumatlara da münasibət bildirib:
“KİV yayımladıqları məlumatlar bəzən dəqiqləşdirilir, bəzən isə dəqiqləşdirmədən verir. Bu isə, yəqin ki, hər bir KİV-nin redaksiya siyastindən asılıdır”.