
AXCP-Müsavat cütlüyünün 1992-ci ildə hakimiyyətə zor gücünə gəlməsi heç kimə sirr deyil. Məhz bu "zorun" nəticəsi idi ki, Azərbaycan torpaqları ardıcıl olaraq işğalçı Ermənistanın əsarəti altına alınırdı. Çünki, cəbhədə hökm sürən acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü acınacaqlı situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə günü-gündən qızışırdı. Bu mübarizəyə cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin cəlb edilməsi işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə isə AXC hakimiyyətinin hərbi sahədəki "nailiyyətlər"i ona gətirib çıxardı ki, ermənilər ölkənin ümumilikdə 20% ərazisini işğal etdilər. Hələ hakimiyyətə gəlmə ərəfəsində də AXC-nin "fəaliyyəti" Dağlıq Qarabağ münaqişəsində ağır nəticələrlə yadda qalıb. Belə ki, Mütəllibov hakimiyyətini devirmək uğrunda AXC-nin mübarizəsi Xocalı şəhərini müdafiəsiz qoydu və məlum faciə baş verdi. Digər tərəfdən, parlamentin içindən bir qrupu seçərək onu Milli Şura adlandrımaq və digər deputatların böyük əksəriyyətini səlahiyyətindən məhrum edərək, kiçik bir qrupun qanunvericilik təşəbbüsü etməsi heç bir demokratiyadan xəbər vermir.
Bütün sadalananlar tarixdir və çox təəssüf ki, müasir Azərbaycan tarixinə "qara yara" kimi düşüb. Birmənalı şəkildə etiraf edilməlidir ki, əgər 1993-cü il 15 iyun tarixi və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi olmasaydı, vəziyyət daha da ağırlaşacaqdı. Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi: "Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi. Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun - inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik".
Sözün həqiqi mənasında o zaman ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin işinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Həmin dövrdə ciddi senzuranın mövcudluğu da söz və fikir azadlığını məhdudlaşdıran amillərdən idi. AXC hakimiyyətinin antidemokratik addımlarından biri də məhz prezident seçkiləri öncəsi özünü göstərmişdi. Belə ki, seçkilərdə Heydər Əliyevin iştirak edəcəyindən və onun səs çoxluğu ilə qalib gələ biləcəyindən qorxan AXC hakimiyyəti namizədlərə qarşı haqsız olaraq yaş senzi tətbiq etdi. Bu isə bir daha AXC-nin demokratik dəyərlərə zidd fəaliyyətinin göstəricisi idi.Bütün sadalanan faktlar bir daha onu göstərir ki, bir illik hakimiyyəti dövründə AXC-Müsavat cütlüyü heç bir ciddi nailiyyəti ilə yadda qalmayıb. Əksinə ölkədə bütün sferalarda geriləmə, tənəzzül prosesləri güclənib. Ümumilikdə 1993-cü ilə qədər Azərbaycanda demokratiyanın olmaması təsadüfi insanların hakimiyyətə gələrək müstəqilliyə ləkə gətirməsi ilə bağlı idi.
GunAz.az
N.SAFURA