SON DƏQİQƏ

Yuxusuzluq da bir bəladır

Tarix:

29-03-2019, 17:08

/ 10 177 dəfə oxundu.
Yuxusuzluq da bir bəladır

 

Bu günlərdə jurnalist həmkarım Əli Allahverdiyevin “Alimdən sensasiyalı açıqlama” yazısı diqqətimi cəlb etdi və qərara gəldim ki, bu məqaləni bir az da genişləndirib oxuculara təqdim edək.

Gecə ilə gündüzü yaradan Rəbbimiz hər şeyi nizamla yaratmışdır. Günün 24 saatının heç olmasa 12 saatını insan rahat yatmalı, istirahət etməlidir. Dünya alimləri də sübut etmişlər ki, yuxusuzluq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Yuxusuz qalan tələbə və ya şagird dərsi normal qavraya bilmir, nə də yuxusuz qalan müəllim dərsi keyfiyyətli keçə bilmir. Bu bütün sahələrə aiddir. Belə ki, hər bir işçi istər istehsalatda çalışarkən, istərsə də digər sahələrdə fəaliyyət göstərərkən normal yatmalı və gümrah olaraq işə başlamalıdır. Ana evdə gecəyə qədər ev işləri ilə məşqul olur, səhər tezdən isə şirin-şirin yatan övladını oyadaraq, ya baxçaya, ya da məktəbə tələsdirir. Yarı ac, yarı tox məktəbə gələn şagirdin yuxusuz qaldığı hiss olunur. Yuxusunu tam almamış uşaq müəlliməsinin dediklərini qavraya bilmir, gah yuxulayır, gah da fikri yayınır. Müəllim isə dərsə qulaq asmayan və beş kiloqramdan artıq çantanı belində gəzdirən və nəticədə onurğa sütunu əyilən şagirdi cəzalandırır və s. lakin müəllim də, nazirlik də, həkim də bu məsələni araşdırıb günahın kimdə olduğunu demir. 

Həqiqətən də səhər tezdən şirin yuxuda olarkən çalar saatla oyanmaq insanı ölümə sürükləyir. Oksford Universitetinin Yuxu İnstitutunun professoru nitobiloloq Poll Kelli bu yaxınlarda qəribə, sensassiyalı açıqlama verərək demişdir ki, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı, müxtəlif xəstəliklərə səbəb olur.

Britaniyada elm festivalında çıxış edən alim qeyd edib ki, insan ürəyi və qara ciyəri öz qanunlarına əsasən çalışırlar. Siz isə onları hər gün 2-3 saat tələsdirirsiniz. Orqanizmin bioritmini dəyişib vaxtından tez oyanmaq yanlış həyat tərzidir. Bizim orqanizmimiz öz fəaliyyətini günəşə uyğun təmin edir. Siz isə bədəninizi süni şəkildə oyadaraq özünüzə ən böyük pislik etmiş olursunuz. İstənilən sahənin işçiləri səhər saat 10:00-dan tez işə gəlməməlidirlər. Cəmiyyətimizin, hətta planetimizin insanları yuxusuzluqdan əziyyət çəkir. Ona görə də insanların emosional vəziyyəti ürəkaçan deyil və bir sıra xəstəliklərdən əziyyət çəkirlər.

Professor bu sistemin xüsusən də məktəbdə qorunmasının vacib olduğunu bildirib. Gələcəyimizi şikəst etməmək üçün dərslər saat 10-dan sonra başlamalıdır. Professorun nitqindən sonra Britaniyanın bir neçə məktəblərində dərslər 10:00-dan başladı. Şagirdlərin məhsuldarlığının kifayət qədər artdığı müşahidə olundu. Müəllimlər etiraf edir ki, sinif otaqlarındakı şagirdlər yuxulu yox, daha enerjili və xöşbəxtdirlər. Professorun sözlərini yazan qələm dostumuz qeyd edir ki, bəlkə də bütün dünya alimi dinləyib insanları xöşbəxt etməlidirlər.

Mən də bu məsələnin gündəmdə qalmasını və mütəxəssislərimizin fikrini bilmək istərdim. Vaxtilə Azərbaycan televiziyasında “Gecəniz xeyirə qalsın” verilişindən sonra analar övladlarına şirin layla çalaraq yatırdardı. Saat 9-10:00-dan yuxuya gedən hər kəs səhər saat 7 radələrində istər-istəməz yuxudan oyanardı, çünki 8-9 saat normal yatan insan səhər oyanarkən özünü gümrah hiss edir. İstər iş qabiliyyəti, istərsə də qavrama dərəcəsi yüksək olur.

Amma gəlin görək uşaqlar saat neçədə yatırlar?

Valideyn övladını baxçadan və ya məktəbdən evə gətirir, tez tələsik xörək hazırlayır, gah bazara qaçır, lazım olan yeyinti məhsullarını almaq üçün dukana tələsir. Sonra övladının dərslərini hazırlamaqda ona kömək edir. Bəzən də valideyn uşağın dərslərinə baxarkən məsələnin həllini tapmaqda çətinlik çəkir. Çünki, dərsliklər yaşa uyğun hazırlanmır, həm də kitablar qalın olduğu üçün 6 yaşlı uşaq 6 kiloqram çantanı çiynində aparmalı məcbur olur. Hətta hazırlığa gedən 5 yaşlı uşaqlara müəllimləri o qədər ağır dərs yükləyirlər ki, uşaqların oynamaq, dincəlmək hüququnu əllərindən alırlar.

Ölkəmizdə ibtidai siniflərin dərs yükü olduqca ağırdır və şagirdlərin əksəriyyəti ibtidai sinifdə eynək taxmağa məcbur olurlar. Elə şagirdin çantasının ağırlğından balalarımızın onurğa sütununda deformasiya yaranır. Hələ partaların standarta uyğun olmaması da əsas şərtdir. Əgər bu məsələlər vaxtında öz həllini tapmasa gələcək nəslimiz ömürlük eynəkli və beli bükük olacaqlar.

Xarici ölkələrdə orta məktəb dərslikləri çox yüngül və keyfiyyətli hazırlanır. Gün ərzində iki saat dərs keçən şagird qalan vaxtlarını idmanla, müxtəlif oyunlarla məşqul olur. Bu da onların zehninin daha kamilləşməsinə səbəb olur.

Tələbə üzrə Dövlət Komissiyası şagirdlərin qavraya biləcəyi tərzdə imtahan testlərini hazırlamalıdırlar. 

Onu da qeyd edək ki, valideynlərdə də günah çoxdur. Əksər valideynlər gecə saat 2-yə qədər boş-boş teleseriallara baxaraq evdəkilərin də yuxusunu pozurlar. Televiziyaların bütün kanallarında qorxulu filmlər göstərilərək ekranlardan mənzillərə qan-qada, stress, qorxu, həyəcan axır. Gecə narahat yatan körpələr də əcaib yuxular görür. Bundan əlavə insanlar təmizlənməmiş, keyfiyyətsiz, qoxusuz qazdan boğulduqları kimi, teleserial xəstəliklərinə də tutulurlar. Ağbirçək nənələr də nəvələrinə lay-lay demək əvəzinə Xoşqədəmin, iki Zaurun stress, ağlaşma, həyəcan dolu verilişlərinə, Tolikin atmacalı şousuna baxmaqla öz rahatlqlarını da pozurlar. Əslində isə bütün televiziyalar vətənpərvər mövzulu verilişlərə üstünlük verməli və Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında gecə-gündüz çalışmalıdırlar.

Hələ küçələrdə keyfiyyətsiz dönərlərin qoxusundan, yollarda tıxaclardan, Çindən gətirilən saxta, süni düyülərdən, yumurtalardan, bəzi dırnaqarası polis və gömrük işçilərinin iş verənlərlə əlbir olub narkotik alveri ilə məşqul olanlara göz yummalarından, “Memi” adı ilə Avropadan ölü paltarları gətirilərək kraxmal iyi ilə bəzəkli dukanlar açıb alver edənlərdən, rüşvətlə iş görənlərdən, paparozalardan və s. danışmıram. Görün nə qədər görülməli vacib olan işlər öz həllini gözləyir.

Bəzən rayonlara təyin olunan icra başçıları və yaxud da hər hansı bir məmur, köhnə bazara təzə mıx qoymağa çalışırlar. Köhnə icra başçısının tikdirdiyi obyektləri sökdürərək təzəsini tikdirir. Bəzi təzə nazir köhnə nazirin ayıbını açaraq özünü doğrultmağa çalışır. Prezidentimiz isə səlahiyyətlərini aşan elə məmurları vaxtında cəzalandırır. Biz media nümayəndələri probelmlərin həll olunmasını qabartmaqla tədbir görülməsi üçün çalışmalıyıq.

Ölkə prezidentinin son bir neçə ay ərzində imzaladığı Sərəncamlar, Fərmanlar hər birimizin ürəyindən xəbər verir.

Problemli dollar kreditləri ilə bağlı cənab Prezidentin atdığı cəsarətli addım bizi çox sevindirdi.

Bu yaxınlarda 8 km-də ticarət binasının yanması ilə əlaqədar ölkə prezidentinin keçirdiyi operativ müşavirə sahibkarları da çox sevindirdi. Dövlət həmişə xalqın yanındadır.

Biz jurnalistlər obyektiv yazıları, nöqsan və problemləri qərəzsiz qabartmaqla dövlətimizin inkişafı naminə çalışmalıyıq. Bəzən “sapı özümüzdən olan baltalar” xarici ölkələrdən Azərbaycanın əleyhinə böhtanlar yağdırır. Biz qələm sahibləri elə insanlara üzümüzü tutub deyirik ki, vətənin təsibini çəkin, Azərbaycana qarşı qara yaxmayın. Axı, burada sizin babalarınz, atalarınız uyuyur. Onların ruhlarını niyə incidirsiniz. Məgər Azərbaycanın bu gözəlliklərini görmürsünüz?

Mən inanıram ki, yazdığım bir neçə məsələlər təbii qəbul olunacaq, aidiyyatı qurumlar xalqımzın rifahı naminə, insanlarımızın gələcəyi üçün vicdanla çalışacaqlar.

 

Rauf İLYASOĞLU

Şair-publisist

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ