SON DƏQİQƏ
» » Milli Ordumuzun möhkəmlənməsinə 100 min dollar köçürən KARİKATURAÇI RƏSSAM

Milli Ordumuzun möhkəmlənməsinə 100 min dollar köçürən KARİKATURAÇI RƏSSAM

Tarix:

4-03-2019, 14:14

/ 10 412 dəfə oxundu.
Milli Ordumuzun möhkəmlənməsinə 100 min dollar köçürən KARİKATURAÇI RƏSSAM

Şəhid Ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Yasamal rayon təşkilatının, “Azərkitab” kitab evində Yasamal Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hərbi Mühafizə orqanları veteranları təşkilatının, Rayon Ağsaqqallar Şurasının və “Azərkitab” kitab evinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, geofizik alim, eyni zamanda siyasi karikaturaçı rəssam Kərim Məmmədxan oğlu Kərimovun rəsm əsərlərindən ibarət sərgisi təşkil olunmuşdu.

GunAz.az bildirir ki, ziyalıların iştirakı ilə keçirilmiş sərgini fəal ictimaiyyətçi, QHT-nin üzvü Mehriban Abdullayeva açmış və Kərim Kərimovun çoxşaxəli yaradıcılığından danışmışdır.

“Məhv olsun terrorizm”, Narkomaniyaya yox deyək, Xocalıya ədalət kampaniyası çərçivəsində keçirilmiş sərgidə erməni quldurlarının fitnəkarlığı, işğalçılıq siyasəti, qəddar qaniçən bu terroristlərin törətdikləri qanlı cinayətlər, Xocalı müsibətlərinin səbəbkarları rəssamın fırçasında əks olunmuşdur. Rəssam öz əsərlərində hər kəsi düşündürməklə bəşəriyyəti belə vəfalardan qurtarmağa, xalqları sülhə, əmin-amanlığa səsləyir.

Şəhid Ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, Əfqanıstan və Qarabağ döyüşçüsü Bəhram Şeydayev təşkilatın rəhbərliyi tərəfindən təsis olunmuş “Vətən Naminə” medalını Kərim Kərimova təqdim edərək, görkəmli alimin misilsiz fəaliyyətindən danışmış və Qarabağımızın yağı tapdağından azad olunması naminə xalqımıza və dövlətimizə uğurlu gələcək arzuladı.

Yasamal rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları veteranları təşkilatının sədri, “Tərəqqi” medallı Vaqif Məmmədov sərginin əhəmiyyətindən danışdı və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində Yasamal rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimovun böyük əməyi olduğunu bildirdi.

"Azərkitab" kitab evinin layihə rəhbəri MirSabir Həsənov və Qarabağ qazisi, əməkdar idman ustası, şəhid atası Hacı Əkbər Rüstəmovun vətənpərvər mövzulu çıxışları alqışlarla qarşılandı.

Sonra Kərim Kərimov tədbir iştirakçılarına təşəkkürünü bildirdi və dedi:

- Vaxtilə ata və babalarımızın yaşadığı Sisyan rayonunun Şəki kəndində 1920-ci ilində iki əmimi erməni quldurları güllələnmiş, kənd camaatı pərən düşərək yarısı Naxçıvana, yarısı da Qarabağa, Laçına, Qubadlıya zonasına pənah gətirmişlər. Atam Ağdamda məskunlaşmış və mən də o rayonda anadan olmuşam. 1993-cü ildə doğulub boya-başa çatdığım Ağdam şəhərini erməni quldurları yerlə-yeksan etmiş və 150 mindən çox azərbaycanlı öz elindən köçkün düşmüşdür. Ermənilər və onların havadarları nəinki Qarabağı, ətraf yeddi rayon və qəsəbələrimizi də işğal etmişlər. Nə qədər azərbaycanlı öz vətənində köçkün düşmüşdür. Məni bir alim və rəssam olaraq bu faciələr çox düşündürmüş və indiyə qədər 6 mindən çox siyasi plakatlar çəkərək bir çox xarici ölkələrdə sərgilərim keçirilmişdir.

1990-cı illərdə İstanbulda keçirilmiş sərgidə rəsm əsərlərinin satışından əldə olunan gəlirdən 120 min dollar pulun 100 min dollarını yeni yaranmaqda olan Milli Ordumuzun hesabına keçirmişəm. Bir neçə ildən sonra Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara kömək məqsədi ilə 8 min dolları da qardaş Türkiyənin insanlarına yardım etmişəm.

Haqqımda Rauf İlyasoğlu, Xeybər Göyyallı kitablar yazıblar, filmlər çəkilibdir. Bu gün də xalqıma xidmət etməkdən qürur duyuram. 25-dən çox monoqrafiyam əsasən neft sahəsinə həsr olunub. Zəlzələnin olma təhlükəsini bir-iki saat əvvəl cihah və avadanlıqlar vasitəsi ilə sübut edərək beynəlxalq patentlər almışam. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Hər birinə təşəkkür edirəm.

Çıxış edənlər ordumuzun günü-gündən güclənməsindən, dövlətimizin qüdrətindən danışdılar və Kərim Kərimova uğurlar arzuladılar.

Biz inanırıq ki, dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində tezliklə Qarabağımız və ətraf rayonlarımız erməni quldurlarından təmizlənəcək, ordumuz qalib gələcək və yenə də Cıdır düzündə igidlərimiz Novruz bayramı ərəfəsində dağlara səs salacaqlar, düşmənlərimiz də xar olacaqlar.

 

 

 

 

Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ