SON DƏQİQƏ

Yiyəsiz itlər sakinləri təngə gətirib

Tarix:

11-08-2017, 14:01

/ 3 135 dəfə oxundu.
Yiyəsiz itlər sakinləri təngə gətirib


 

Yay fəslini kəndə istirahətə gedərkən özümüzü qoyun itlərindən qoruyardıq. Birinin həyətinə daxil olarkən haylayıb ev yiyəsini çağırardıq: - Ay ev yiyəsi, itin varsa, itini bağla, sizə qonaq gəlmişik. Ev yiyəsi də dərhal itini bağlayar və xoş gəlmisiniz - deyə üzrxahlıq edərdi…
Paytaxtımız həqiqətən günü-gündən gözəlləşir, köhnə kommunal məhdud şəraitli evlər sakinlərin razılığı ilə sökülür və insanlar rahat mənzillərə köçürülürlər.
Uzun illərdir ki, Nərimanov rayonunun Maqsud Əlizadə küçəsində yaşayıram. Məhəlləmizin həm tinində, polis məntəqəsinin yaxınlığında, eləcə də Xan Şuşinski küçəsinin müxtəlif yerlərində ət dükanları fəaliyyət göstərir. Gündə iri buynuzlu mal və qoyun-quzu kəsilən dükanlarda heyvanın qarnı, baş-ayağı, sür-sümükləri, bir sözlə miyəntək ətləri zibil qutularına atılır. Zibilyığan maşınlar bəzən günaşırı, bəzən də üç gündən - beş gündən bir zibilləri daşıyırlar. Üfunət iyindən bu ərazilərdən keçmək mümkün deyil. 10-15 baş yiyəsiz itlər aclıqdan və istidən ləhləyərək zibil qutularının yanında var-gəl edir, sür-sümükləri dartışdırırlar. Sakinlər öz zibillərini gətirib qutulara atmağa ehtiyat edirlər. Hətta nəzarətsizlikdən itlər Yasamal rayonu 7-ci salaxanasında da insanlara cumur, hürür, uşaqları qorxudur. Bizə bir iş telefonu verdilər ki, ora zəng edin: (050) 358-96-66, (012) 465-61-94. Bu nömrələr cavab vermir. Gərək bu itlər kimisə qapsın, sonra tədbir görülsün?!. Çünki yiyəsiz itlər insanlara hücum edir və təhlükə yaradır, infeksiya yayırlar. Şəkildə gördüyünüz bu yiyəsiz itləri fotomüxbirimiz Elnarə xanım güclə, qorxa-qorxa çəkdi. İtdi də, birdən yazıq qızın yumşaq yerindən qapdı. Onda mən işçimin yiyəsinə nə cavab verərəm.
Hər gün gördüyümüz bu mənzərədən çox təsirlənirəm.
Hətta polis məntəqəsində asayişin keşiyində dayanan polis məmurları da sanki bu mənzərəni görmürlər. Lakin təzə ət kəsiləndə və ya araba, ya avtomobillə mer-meyvə gətirib məhəllələrdə (od tutub yanan marketlərdən fərqli) ucuz qiymətə satan satıcılar mütləq satdıqları yeyinti məhsullarından necə deyərlər, "uçaskovunun” payını ayırırlar. Yoxsa kim hünər edib məhəllələrdə qanunsuz dediyimiz (ailəsini dolandıran) ticarətlə məşğul ola bilər?
Hə, indi qayıdaq yiyəsiz, sürü ilə gəzən itlərə. Görəsən bu itlərə baxan bir şirkət, idarə və ya nazirlik varmı? Sakinlər bilmirlər hara şikayət etsinlər?
Mənzil istismar sahəsinin işçiləri isə deyirlər: Bu bizlik deyil, biz sakinlərdən zibil pulu, ev pulu yığmaqla məşğuluq. Bizim nə vecimizə.
Yəqin ki, bütün bu məsələlərə bir əncam çəkiləcəkdir.
Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər