SON DƏQİQƏ

Büdcəyə dəyişikliklər müzakirə edilir

Tarix:

30-06-2017, 13:44

/ 3 619 dəfə oxundu.
Büdcəyə dəyişikliklər müzakirə edilir

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb.
İclasda layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2 faizini təşkil etməklə, mütləq ifadədə 16 766 milyon manat həcmində proqnozlaşdırılır: "Bu da ilkin proqnozla müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur. Yeni büdcənin xərclərinin isə 1 041 milyon manat artırılaraq 17 941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2 faiz çoxdur. Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat və ya 9 dəfə artırılaraq 4,5 milyard manata çatdırılacaq. Yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 milyon manat və ya 82,2 faiz artırılaraq 1 175 milyon manat çatdırılması nəzərdə tutulub ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8 faizinə bərabər olacaq”.
Komitə sədri qeyd edib ki, büdcə gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 milyon manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyinin xətti ilə əlavə 135 milyon manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 milyon manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və sair mənbələr vasitəsilə təmin edilməsi nəzərdə tutulur:
"Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 milyon manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 milyon manat və sair bu kimi xərclər xüsusi yer tutur”.
Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 milyon manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 milyon manat və ya 14,1 faiz çoxdur. İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1 051,0 milyon manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ