SON DƏQİQƏ
» » Əks səda: Toy və yas mərasimlərini bərbad günə salanlar

Əks səda: Toy və yas mərasimlərini bərbad günə salanlar

Tarix:

27-01-2017, 16:21

/ 7 872 dəfə oxundu.
Əks səda: Toy və yas mərasimlərini bərbad günə salanlar


Azərbaycan xalqının ümumbəşəri mahiyyətli toy və dəfn mərasimi haqqında: Problemlər, mülahizələr, təkliflər

Bəşər övladı olan İNSAN əsasən ömrü boyu, demək olar ki, yalnız bircə kərə canından şirin olan həyatının ən gözəl məqamında yaşayır. Həmin an o, həqiqətən qəlbən, ürəkdən sevinmək, öz doğma və yaxın qohum-əqrabasını, dost-aşnalarını ətrafına toplayıb, şənlənmək, ən ləziz, dadlı yeməklərdən nuş etmək, oynamaq – rəqs etmək, deyib-gülmək həvəsində olur. Təbii ki, hər bir ata-ananın əzəli arzusu isə əsasən öz ciyərparasına layiqli, yaddaşlara həkk olunan toy etməkdir. Üç hərfdən ibarət olan "Toy” anlayışında çox dərin məna, məzmun və mündərəcə ehtiva olunur. Belə ki, toyda yeni ailə quranlara böyüklər, doğmalar, tanışlar tərəfindən xeyir-dua verilir, əsrarəngiz, ecazkar, ürəkləri riqqətə gətirən musiqi çalınır, xalq, bəstəkar mahnıları ifa olunur. Gündən-günə, aydan-aya, ildən-ilə, əsrlər, qərinələr keçdikcə təkmilləşən milli zəmində formalaşmış Azərbaycan toyları daim digər xalqlar, millətlər üçün nümunə, örnək, dərs olub. Biz bu qədimdən-qədim, zəngindən-zəngin milli çalarları ilə başqa xalqlarınkindən, millətlərinkindən öz müsbət, mütərəqqi məziyyətləri baxımından seçilən, fərqlənən toy şənliklərimizlə çox haqlı olaraq fəxr etmişik, öyünmüşük. Bu qəbildən olan toylarda qurulan ailələrin təməli tamamilə sarsılmaz olur.

...Azərbaycan İNSANI öz toyunun ... "əllisini”, "yüzünü”... çox böyük təntənə ilə qeyd edir.

Toy-düyünlərin, onların təşkil olunduqları məkanların – yerlərin müəyyən mənada acı nəticələrindən yaxa qurtarmaq yolları

Evdəki və işdəki yazı masamın üstündə bir qəzet var. Adı - "Azad Azərbaycan”-dır. Tarixi 08 oktyabr 2016-cı il. № 143 (2967). Burada siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin "Toyların və ya Şadlıq Evlərinin əsarətindən – yeni sosial bəladan xilas yolu...” adlı çox maraqlı və ciddi şəkildə düşündürücü məqaləsi dərc olunmuşdur. Məqalənin müəllifinin və onun milli mütərəqqi, dərin fəlsəfi və siyasi təfəkkürə malik yazısının dönə-dönə diqqətlə oxuduqdan sonra, ona – Qafar müəllimə zəng edib, fikrimi, rəyimi bildirib, təbrik etdim. O, bu zəngdən çox məmnun olduğunu bildirdi. Söhbət zamanı mən ona dedim:

- İcazə versəniz, mən fikrimi mətbuat vasitəsi ilə də bildirərdim, dedim.

- Bu, nə sözdür?! Mən şad olardım – dedi.

Beləliklə, insanın mənalı ömür payına düşən toy, məhz Azərbaycan toyu haqqında bəzi mülahizə və təkliflərimi bildirmək, sözügedən problemlə bilavasitə maraqlananlarla düşündüyümü bölüşməyi özümə mənəvi borc bildim.

...Fərd, insan, kollektiv, cəmiyyət, dövlət, ölkə, ümumiyyətlə sosial, siyasi, mədəni və mənəvi həyatda baş verən hadisələrin, proseslərin müsbət və mənfi xarakteri, xüsusiyyətləri əsasən fəlsəfənin zaman və məkan kateqoriyalarına aid anlayışların kəsb etdiyi məna, məzmun və mündərəcə çalarlarından çox asılıdır. Bu baxımdan yaşadığımız hazırki qloballaşma, inteqrasiya, informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı XXI əsrin toylarımıza göstərdiyi bəzi mənfi təsirlə bilavasitə bağlı bu və ya digər mülahizələrini bəyan etmək istərdim.

... Çox-çox təəssüflər olsun ki, toy günü heç də hamı, o cümlədən xüsusilə təzə bəyin valideyinləri qəlbən, ruhən sevinmək əvəzinə, əksinə, dərdə, kədərə məruz qalırlar. Burada qarşıya çox haqlı və təbii sual çıxır. Axı, ciyərparasına – oğluna toy-düyün təşkil edən ata-ana, qardaş, bacı və digər doğmalar nə üçün bədbinliyə düçar olsunlar? Bizcə, sualın cavabı birbaşa və bir mənalı belə ola bilər. Özlərini məmur hesab edən bəzi sahibkarlar – şadlıq evlərinin sahibləri heç nədən, şəxsi maraqları naminə heç kimdən çəkilmədən, qorxmadan bildiklərini edirlər. başqa sözlə desək, toy sahiblərini, o cümlədən xüsusilə bəyin valideyinlərini demək olar ki, soyub-talayır, var-yoxlarını onların əlindən alırlar. Əvəzində lazımı xidmət göstərmir, dadsız-duzsuz, lazımsız, çox çeşidli yemək-içməkləri, bahalı süfrələri toya gələnlərə sırıyırlar:

İnsanların, o cümlədən xüsusilə ilk dəfə ailə quran gənc oğlanın və onun valideyinlərinin ən pak, təmiz və ülvi hislərindən əməlli-başlı faydalanmaq, varlanmaq, harınlamaq eşqinə, həvəsinə düşən bir deyil, beş deyil, daha çox bu qəbildən olanlar, eləcə də musiqiçilər, dizaynerlər, videoçular, fotoçular və s. bu kimi dəstələrdən ibarət olan adamlar zümrəsi meydana çıxmışlar ki, belələrini ifrat soyğunçu, talançı adlandırsaq, bir qədər yumşaq desək zənnimcə, heç də yanılmarıq, səhv etmərik, eybəcər halı ilə müəyyən mənada bir qədər sərt demiş olsaq, ölkəmizdə sovet dönəmi, kommunist rejimi iflasa uğradıqdan və Azərbaycanda 1991–ci ilin 18 oktyabrında ikinci dəfə milli müstəqillik əldə etdikdən sonra keçən qısa zaman kəsiyində, təəssüflər olsun çox dəhşətli sosial bəlalara düçar olmuşuq. Özü də öz içərimizdən çoxan gözü doymayan, nəfsi qılıncdan çox iti olan bəzilərinin ucbatından. Bir qədər də başqa sözlə desək, bu ağır, bəlkə də bu, sonu görünməyən sosial bəlanı bizə kimsə xaricdən gətirməyibdir. Əsasən özümüzün sözügedən çox vacib, həyati məsələyə laqeyd, biganə yanaşmağımızın məntiqi nəticəsidir.

Burada qarşıya yenə də çox haqlı və təbii suallar çıxır. Bunun qarşısını almaq olmazmı? Hanı qanun-qayda? Harda qaldı inzibati tədbirlər, ölçülər, qadağalar, yasaqlar?

Doğrudur, bunlar lazımdır. Lakin onlardan öncə, ictimai qınaq, ictimai rəy daha vacibdir. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, ictimai qınaq, ictimai rəy rəsmi qanundan daha güclü, təsirli olur. Bax, toylarda şadlıq evlərinin sahiblərinin iti nəfslərinin qarşısına almaq üçün ictimai qınaq, ictimai rəyi formalaşdırmaq lazımdır. Bundan ötrü hər şeydən əvvəl, dövrü mətbuatda, efirdə, ekranda, internetdə, ictimai tədbirlərdə kəsərli ağsaqqal sözü, ziyalı fikri, düşüncəsi hökmən lazımdır.

Hörmətli, müqtədir, ağıllı söz sahibi, görkəmli alim – ünlü ziyalı, filosof - alim Qafar Əliyevin dediyi kimi, açıq, səmimi şəkildə etiraf etmək lazımdır ki, günümüzdə yas, dəfn mərasimi evlərindən daha çox bəzi şadlıq evlərinin, restoranların sahibləri qədirbilən xalqımızın maddi cəhətdən xeyli dərcədə imkansız olan qismini gözümüzün qarşısında əməlli-başlı soyur, talayır, onların övladlarının toylarını layiqincə keçirmək istəyindən sui istifadə edərək, külli miqdarda müftə pul qazanırlar. Nəticədə toy sahibi yaxın tanış-bilişinə, qohumuna borclu qalır, belələrinin kifayət qədər yüksək olmayan, yəni azlıq təşkil edən maaşları, əllərində olan-qalan, çorək, gündəlik qida məhsullarına, dolanışığı, geyim, ev-eşik, gündən-günə artmaqda olan kommunal xərcləri, habelə digər məqsədlər üçün nəzərdə tutulan qəpik-quruşlarının demək olar ki, hamısı nəfsi iti restoran və şadlıq evlərinin sahiblərinin ciblərinə axır.

Əlimizdə konkret faktlar var. Nəfsi iti həmin obyekt sahiblərinin bəziləri toylardan qazandığı müftə pullar hesabına turist səfərlərinə ölkə daxilindəki yerlərə deyil, çox bahalı olan uzaq xarici ölkələrdəki turist mərkəzlərinə gedirlər. Burada ən qəribəsi budur ki, həmin qəbildən olan turist səfərlərinə gedərkən ailə üzvlərini aparmır tək gedir. Məqsədləri bəllidir...

Burada, həqiqət naminə, çox vacib olan bir məqama toxunmaq istərdik. Heç kimə sir deyildir ki, xaricdə çox yerlərdə olduğu kimi, ölkəmizdə də neft gəlirlərinin aşağı düşdüyü, qeyri-neft sektorunda vəziyyətin hələ də, kifayət qədər yüksək olmadığı bir dövrdə, şəraitdə, üstəlik də əsasən daxili səbəblərdən deyil, dünyada gedən proseslərlə bilavasitə bağlı qiymətlərin bahalaşdığı, məlum səbəblərdən iş yerlərinin azalmaqda olduğunu və s. bu kimi, obyektiv və subyektiv amilləri nəzərə alsaq, nəticədə də sosial-iqtisadi münasibətlərdə olduqca mənfi, yanlış meyillərin getdiyini, qeyd olunan təmtəraqlı toyların dünyəvi, hüquqi, demokratik dövlətimizə, hümanist, sivilizasiyalı, vətəndaş həmrəyliyi cəmiyyətimizə çox ciddi mənfi təsir göstərdiyini, zərər vurduğunu qeyd etməyə bilmərik.

Son zamanlar ölkəmizdə keçirilən, təşkil olunan toy mərasimləri çox haqlı olaraq və zamanında ictimai müzakirəyə çıxarılıbdır. Bu çox yaşıdır, müsbət haldır. ...Lakin...

Burada, yenə də qarşıya çox haqlı və təbii sual çıxır. Görəsən, müəllif yuxarıdakı abzasda hər iki tərəfinə üç nöqtə qoyduğu və kursivlə yazdığı "lakin”lə nə demək istəyir?

Bəli, müəllif burada nəsə demək istəyir. Cavab aşağıdakılardan ibarətdir.

Birincisi, bəli, ölüm haqqdır. Ondan qaçmaq mümkün deyildir. Burada bir məsələ var. Biri var xəstələnir ölür, digəri ömür vəfa etmir, ölür. Üçüncüsü, qəza baş verir, ölür. Dördüncüsü, nahaqdan qətlə yetirilir. Bu qəbildən olan digər ölümlərin səbəblərini də artırmaq olar. Eləsi də vardır ki, cəmiyyətdə tanınmış, ölkədə nüfuzlu adam deyildir, ölür. Başqa birisi isə çox cavandır, vaxtsız dünyasını dəyişir. Ölüm hər halda kədərdir, qəmdir, qüssədir.

Elə ölü sahibi vardır ki, maddi imkanı var, ölüsünün dəfn gününü, üçünü, qırxını, ilini rəsmi məsciddə keçirir. Elə ölü sahibi də vardır ki, maddi imkanı zəifdir, əzizinin dəfn gününü, üçünü, qırxını, ilini evində, yaxud yaşadığı binanın həyətində çadır, mağar qurur, orada keçirir. Çox-çox təəssüflər olsun ki, son günlər şəhərimizdə bəzi, iri, rəsmi vəzifə sahibləri, aidiyyəti qurumların rəhbərləri mətbuatda, efirdə, ekranda , internetdə çıxış edərək, iddia edirlər ki, ölü sahibi əzizinin dəfn mərasimini, yalnız və yalnız rəsmi olaraq məsciddə keçirməlidir. Bizcə, bu, düzgün deyildir. Çünki, elə ölü sahibi də vardır ki, ehsanın dəyərini məscidə ödəyə bilmir, mərasimini evində, həyətində keçirir. Bunu rəsmi qadağan etmək, ona yasaq qoymaq olmaz. Bu, düzgün deyildir. Məsələ burasındadır ki, yas mərasimi də toy mərasimində olduğu kimi, süfrəyə keyfiyyətsiz yemək-içmək qoyulmur. Toy mərasimlərinin əksəriyyətində süfrəyə köhnə salatlar, köhnə ətdən bişirilən xörəklər: lülə, tikə kabab, hardan gətirildiyi və necə hazırlandığı məlum olmayan bildirçin, toyuq, balıq və s. təklif, tövsiyə olunur. Müşahidələr göstərir ki, keçirilən toylarda bizdəki qədər zəngin menyu ilə müxtəlif çeşidli növbənöv salat, göy-göyərti, bahalı içkilər, o cümlədən, spirtli, alkaqollu içkilər, yeməklər, mer – meyvə, çərəz və ləbləbilər, çay, kofe, dondurma və s. təklif olunur. Elə bil və bəzən adama elə gəlir ki, toya gələnlərə bir illik yeməyi, bir neçə saatda yeməyə məcbur edilir. Nəticədə də süni şəkildə və həddən ziyadə şişirdilmiş menyu əsasında adam başına 150 manatdan, 100 dollardan da artıq olan hesabla toyun xərci hesablanır. Bəli, beləliklə də çarəsiz qalan bəzi insanlar borc-xərc edərək, toya iri məbləğdə pul salaraq, nəmər verərək, maddi cəhətdən pis, ağır vəziyətə düşür.

Daha bir, çox vacib məqama toxunmaq istərdik. Qəribədir ki, son vaxtlar yas mərasimlərində edilən israfçılıq, bədxərclik, ifratavarma və s. bu kimi mənfi hallar ictimai qınağa çəkildiyi halda, nədənsə, şadlıq evlərində, toyxanalarda, restoranlarda edilən "görməmişlik” hələlik ciddi, ictimai, kütləvi müzakirə obyektinə, ictimai qınağa çəkilməyib, ictimai rəyin obyektinə səbəb olmayıb. Bizcə, bunun bir və başlıca səbəbi ola bilər ki, restoranların, şadlıq evlərinin sahiblərinin, yuxarıda, ali kürsüdə, rəhbər vəzifədə olan söz sahiblərinin olmasıdırsa, başqa bir səbəbi də sözügedən sahədə müəyyən qisim adamların çörək pulu qazanması və dövlətə vergi verməsi, iqtisadi gəlir kəsb etməsidir.

Məlum olduğu kimi, ölkəmizdə mövcud olan sahibkarlıq mühitindən, inkişafdan, tərəqqidən və əlverişli şəraitdən sui istifadə edərək varlanan bir qrup insanlar əllərinə düşən ilkin iri kapitalı, pulu bir qədər çətin başa gələn əmək – istehsal sahələrinə: sənayeyə, kənd təsərrüfatına, tikintiyə deyil, daha sadə, asan başa gələn xidmət sahələrinə yönəldərək şadlıq evləri, restoranlar, xeyir-şər evləri tikdirmiş və tikdirirlər. Sözügedən sahə ona görə "bir göz qırpımında” sürət götürdü ki, əvvəllərdə burada ciddi rəqabət, ağılsız tələbat yox idi. Və sanki yaz yağışından sonra artan göbələk kimi, tikilən şadlıq evlərindən xeyli dərəcədə və asanlıqla gəlir əldə edilir. Yeri gəlmişkən, burada, çox təəccüb bə təəssüf doğuran bir məsələyə də toxunmaq istərdik. Konkret faktların, müşahidələrin göstərdiyi kimi, iri, möhtəşəm, dəbdəbəli şadlıq evlərinin, restoranların sahibləri ya hər hansı bir nazirin, komitə sədrinin və ya deputatındır. Doğrudur, bu, eyni zamanda həmin obyektləri tikən fəhlələr, orada, mədəni-məişət xidmtəi göstərənlər üçün yeni iş yerləri deməkdir ki, həmin möhtəşəm binalar milli memarlıq, arxtektura, tikinti, dizayn və s. baxımdan zövq oxşayır. Amma... Bax, bəla bu ammadadır...

Burada daha bir "amma” meydana çıxır. Tikilən bu restoran və şadlıq evlərinin sayının tələb olduğundan qat-qat çox olması neftin – "qara qızılın” qiymətinin çox aşağı düşməsi, dollarla müqayisədə manatın – milli valyutanın dəyərdən düşməsi müqabilində restoranlara, şadlıq evlərinə tələbatı əhəmiyyətli dərəcədə azaldır. Restoran və şadlıq evlərində qiymətlərdə endirimlər oldu. Bütün bunlarla yanaşı, əhaliyə, insanlara göstərilən xidmətin keyfiyyəti də əhəmiyyətli, nəzərə çarpacaq dərəcədə aşağı düşdü. Yeri gəlmişkən, qeyd edək ki, bu, təkcə iqtisadi deyil, sosial-ictimai böhrana düşən, sözügedən sahədəki mədəni-məişət obyektlərinin sahiblərini belə bir şəraitdə, demək olar ki, müftə gəlir mənbələrinin məhdudlaşması üçün yeni-yeni metod və üsullar, yollar düşünüb, onları işə salmağa çalışırlar. Müşahidə və konkret faktlardan bəlli olduğu kimi, bir çox şadlıq evlərinin, restoranların sahiblərinin əsas məqsədi xalqa xidmət etmək deyil, öz şəxsi maraq və mənafelərini güdməkdən ibarətdir. Bəli, bu gün demək olar ki, hər kəsə məlumdur; insanlar, o cümlədən xüsusən orta təbəqənin təmsilçiləri sayılanlar, ələlxüsus da bəzi məmurlar, habelə həkimlər və bu qəbildən olan digərləri bu cür təşkil olunan toylardan bezib, cana doyublar. Onlar bir ay sərasər işləyib aldığı məhdud miqdarda maaşını - əmək haqqını ayda ən azı bir neçə toya yazdırmağa məcbur olur, öz ailələrini: arvad-uşaqlarını ayın bu başından o başına güclə dolandıra bilirlər.

Göründüyü kimi, toylar bəzi insanları, o cümlədən xüsusi ilə də toy edən oğlanların valideyinlərini, qohum-əqrabası, tanış-bilişləri ilə görüşdürən, sevindirən, onları bir-birinə daha da doğmalaşdıran, yaxınlaşdıran, sıx ünsiyyət yaradan, əyləndirən ...bir bir yerə - məkana deyil, əksinə, kədərləndirən, bədbinliyə düçar edən bir mərkəzə çevrilib.

Toy məclisinə dəvət olunan qonaqlar həddindən ziyadə bayağı, baş gicəlləndirən, insanın qəlbinə yatmayan, ruhunu oxşamayan səs-küylü musiqidən, köhnəlmiş, vaxtı keçmiş mahnılardan, keyfiyyətsiz dadsız-duzsuz yeməklərdən bezib qaçaraq, restoranların, şadlıq evlərinin foyesində toplanır, tanış-bilişləri ilə görüşüb, söhbətləşirlər.

Toylarda əhaliyə göstərilən xidmətin mədəni səviyyəsi barədə kifayət qədər təsəvvür yaransın deyə mənim şəxsən yaxından tanıdığım, vaxtı ilə tələbəm olmuş Əhməd adlı (əlbəttə, bu ad şərtidir) bir gəncin toyundan aldığım təəssüratı oxucularla bölüşmək istərdim. Toy mərasimi təmtəraqlı, möhtəşəm bir binanın 3-cü mərtəbəsində təşkil olunmuşdu. Çəngəli boşqaba uzadıb bir tikə lülə kababdan yaxud dana basdırmasından götürüb yemək istədim. Kabab, basdırma o qədər dadsız, duzsuz idi ki, bir qədər ağzımda çeynədikdən sonra bir parça yumşaq kağız – salfet götürüb, yanımda oturanlardan demək olar ki, gizlincə onu lazım olan yerə atdım. Digər yeməklər də demək olar ki, bu cur keyfiyyətsiz və dadsız idi. Fürsət tapıb, diqqət çəkib, yan-yörəmdə əyləşən dost-tanışa da nəzər saldım, onlar da mənim kimi edərək, yalnız pendir çörək və göy-göyərti ilə toyu yola verdilər. Yaxşı ki, toyu vaxtından əvvəl tərk etdik. Bəyin valideynləri sonda mənə yaxınlaşıb dedilər:

- Əvvəla, xoş gəlmisiniz.

- Çox sağolun, Allah mübarək eləsin, xoşbəxt olsunlar.

Onlara başqa nə deyə bilərdik. Deyə bilməzdik ki, çoxlu xərc çəkib, bolluca yemək sifariş verdiyiniz xörəklərin dadı-duzu, keyfiyyəti yox idi. Çünki bundan ötrü əsas günahkar, təqsirkar toyun sahibləri deyil, restoranın sahibi idi.

Məclisin sonunda, stolların üstündəki yemək-içməklərə bir anlığa nəzər yetirdim. Demək olar ki, əksər qida məhsulları, mayelər, hətta spirtli içkilər də tökülüb qalmışdır. Əgər nemətlər keyfiyyətli olsaydı bu qədər tökülüb qalardımı? Əlbəttə, əsla yox.

...Yadıma bir anlığa ötən əsrin 60-cı illərində doğma kəndimizdəki toyum xatirimə gəldi. Əsasən, mərhum anamın tövsiyəsi ilə qonşu qızı, orta məktəbdə birgə oxuduğum Güllü (şərti addır) ilə evləndiyim toy indiki kimi yadımda qalıb. Elçi getdik qəbul olundu. Toya tədarük etdik, o qədər də çətin olmadı. Toyun vaxtı təyin olundu. Məclis ahəstə oldu. Ağsaqqallar, ağbirçəklər xeyir – dua verdilər. gənclər qol götürüb, qaldırıb oynadılar, deyib-güldülər.

Üstündən təxminən 60 ilə yaxın bir vaxt keçir. Dörd övlad atası, səkkiz nəvə babasıyam. Elə bilirəm ki, bizdən xoşbəxti yoxdur.

Müasir (əgər buna müasir demək olarsa) toylar daha dəbdəbəli, möhtəşəm, şəhər restoranlarında, şadlıq evlərində keçirilir. O zamankı toylar daha mənalı, məzmunlu və mündərəcəli keçirilirdi, yeməklər milli, nisbətən məhdud, lakin çox dadlı, duzlu və ləzzətli olurdu.

Çox təəssüflər olsun ki, bu gün toy və yas mərasimlərimizə lazımi dəyər verilmir, sözügedən sahədə özbaşınalıq ayaq açıb yeriyir. Müvafiq dövlət orqanları hələlik seyirici mövqe tutmaqda davam edirlər. Məncə, Azərbaycanın müvafiq orqanları, düşünən ziyalıları, dövlətinin, millətinin və xalqının parlaq gələcəyini istəyənlər zamanında sözügedən məsələyə, problemə müdaxilə etməsələr, həmin bu biabırçı, eybəcər toylardan, şadlıq evlərinin və restoran sahiblərinin, adlarını el sənətkarı qoyan üzdəniraq müğənnilərin və s. bu kimi işbazların bəd əməllərindən əhali daha çox əzab-əziyyət çəkəcək. Demək olar ki, sonu görünməyən bu prosesdə isə əhalinin nisbətən kasıb və orta təbəqəyə aid olan qismi daha çox kasıblaşar, müflisləşər, restoran sahibləri, yalançı müğənnilər isə varlanarlar. Bax budur, acı da olsa reallıq, gerçəklik...

Mən əvvəllər hər yerdə, o cümlədən xüsusən xarici ölkələrdə çox böyük qürur hissi ilə, sevinclə milli-mənəvi dəyərlərimizdən olan toylarımızı ağızdolusu tərifləyir, başqa xalqların millətlərin sözügedən sahədəki təcrübəsinə nümunə, örnək kimi təqdim edirdim. Hazırki qloballaşma, inteqrasiya, informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı indiki şəraitdə, zamanda isə bunu edə bilmirəm. Hər şeydən əvvəl, ona görə ki, əvvəlki, milli – mütərəqqi mahiyyətli, xarakterli toylarımız elə eybəcər, biabırçı hala salınıb, korlanıb ki, bu barədə danışmağa, söz açmağa adamın dili belə gəlmir. Burada, yenə də qarşıya çox haqlı və təbii sual çıxır. Bəs, nə etmək olar, çıxış yolu varmı?

Bəli, çıxış yolu var. Bu dövlətin çox təcili olaraq sözügedən sahəyə qanunvericiliklə müdaxilə etməsidir. Digər sahələrdə, məsələn Naxçıvanda olduğu kimi, yas mərasimləri təki, toylarımızı da ictimai müzakirəyə çıxarmaq, sözügedən sahədə baş alıb gedən, ayaq tutub yeriyən özbaşınalığa, israfçılığa, boyağcılığa, vergidən yayınma hallarına, ikili standartlara və sanitar-epidemoloji normalara, qayda-qanunlara yerli-yataqlı əməl edilməsi, prinsiplərə zidd olan halları, mənfi meyllərə qarşı çox ciddi və köklü şəkildə mübarizə aparılmalıdır. Əlaqədar dövlət qurumları və yerli hakimiyyət orqanları, bələdiyyələr qeyd olunan, sözügedən sahəni daha məqsədyönlü şəkildə nəzarətə götürməli, xüsusilə harınlamış, özbaşınalıqlara yol verən və insanları aldadan, onlardan qanunsuz olaraq artıq pul tələb edən, alan, əvəzində çox keyfiyyətsiz yeməklər, bayağı musiqilər təklif edən restoran və şadlıq evlərinin sahiblərini qanun çərçivəsində məsuliyyətə cəlb etməlidirlər.

Əlbəttə, sözügedən problemlə bilavasitə bu qəbildən olan mülahizələrin sayını artırmaq da olardı. Bununla belə, sözügedən məsələ ilə əlaqədar olaraq tövsiyyə xarakterli bəzi təkliflərimizi də bildirmək istərdik. Həmin təkliflər əsasən aşağıdakılardan ibarətdir.

Birincisi, Bakı şəhərində, onun 12 rayonunda, habelə respublikamızın hər bir rayon və şəhərində, həbelə iri yaşayış məntəqələrində xüsusi layihə əsasında şadlıq evləri fəaliyyət göstərsin.

İkincisi, həmin şadlıq evlərinin əhaliyə nümunəvi xidmət göstərməsi üzrə hər bir şadlıq evlərində ağsaqqallar şurası yaradılsın. Həmin şuralar toylara, orada iştirak edən qonaqlara göstərilən xidmətə aid məsələlər həmin ictimai şuranın qərarı ilə təsdiqlənsin.

Üçüncüsü, qonaqların toylarda iştirakı ər-arvad qismində təmsil olunmasının təmin edilməsi çox faydalı olardı.

Dördüncüsü, Azərbaycan toylarında qardaş Türkiyənin müsbət zəngin tarixi təcrübəsindən geniş və hərtərəfli istifadə etmək çox faydalı olardı. Çünki toy zamanı toya qonaq gələnlərə mədəni xidmətdə demək olar ki, israfçılığa yol verilmir. Toya yüksək məbləğdə pul salınmır, nəmər verilmir. Toyda yemək-içmək üçün adam başına təxminən 10-15 manatdan artıq pul xərclənmir.

Beşincisi, toyda əsasən ağsaqqalların və ağbirçəklərin xeyir-duasına xüsusi fikir verilməsi, diqqət yetirilməsi də çox vacibdir.

Son söz əvəzi: Əgər belə olarsa, onda Azərbaycan toyunun əvvəlki şan–şöhrəti daha da artar. Toy da multikulturalizm – çoxmədəniyyətlilik kimi, bütün dünyaya örnək, nümunə ola bilər.


 

Əsədulla QURBANOV

BDU-nun professoru, fəlsəfə elmləri doktoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər