SON DƏQİQƏ

Birliyə və bərabərliyə səsləyən-NOVRUZ

Tarix:

20-03-2023, 09:30

/ 3 358 dəfə oxundu.
Birliyə və bərabərliyə səsləyən-NOVRUZ

Novruz bayramı insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır.

 Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni, 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub  Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında Ədəbiyyatşünas Əzizə Cəfərzadə yazırdı: 
"Çillə çıxarma bayramı təbiətlə bağlıdır. Ən uzun gecə şəbi-yelda gecəsində qaranlıqla bağlı tapmacalar, yanıltmacalar, rəvayətlər söylənər, əylənər, şeirlər oxuyardılar. 40 günlük Böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qurtarır və 20 günlük Kiçik çillə başlanır".
Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: "Əhd edən evin sahibəsi gecəyə qonaqlar dəvət edir, evdə kişilərdən biri də qalmır. Bir qoyun kəsilir, həmin qoyunun ətindən gecə səhərə qədər müxtəlif yeməklər bişirilir. Hamı oynayıb, şənlənər, mahnılar oxuyub, lətifələr söyləyər, tapmaca, yanıltmac deyib, üzük falına baxıb, noxud falı açırdılar. Yuxuya getmək olmazdı. Çillə çıxarmaq bayramı üçün qarpız saxlayarmışlar, həmin günü böyük süfrə açar, qarpızı kəsərmişlər:"
Qovub qışı, ayazı,
Kəsdik çillə qarpızı.. 
Beləliklə Novruz başlayar, bahar təravəti duyular, torpaq oyanar, insanlar bahar təravətinin əhatəsində baharın gəlişini qeyd edərdilər. Amma dövrümüzün bolşevizmi bu bayramı da bizə yasaq etdi.
1925-ci ildə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və (Novruz da daxil) milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Ancaq bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. Hətta "Kommunist" qəzeti yazırdı ki, "Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır"
 Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış "Mübariz Allahsızlar İttifaqı"nın üzvləri idi. Nəhayət, 1929-cu ildə "Mübariz Allahsızlar İttifaqı" öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra "Mübariz Allahsızlar İttifaqı"nın üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə reydlər təşkil edir, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan komsomolçuları aşkarlayaraq bu adamları komsomol iclaslarında müzakirəyə çıxarırdılar.
1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində Novruz bayramı qeyd edilirdi. Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı. Yenidənqurmadan sonra Milli kadrlar Hakimiyyətə gəldikdən sonra Novruzun Azərbaycan və Mərkəzi Asiyada dövlət səviyyəsində keçirilməsinə yol açdı. Hətta kommunist və Sovet qəzetləri də martın 21-də rəngli çıxır, ən başlıcası daha "bahar bayramından" yox, Novruzdan söz açılırdı.
1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.
2000-ci ilin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır.  Novruz bayramı insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır.
Bu il qeyd etdiyimiz bayram Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi üçüncü Novruz bayramıdır.
Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır. 

BAYRAMINIZ MÜBARƏK!
Bilman İSAQ



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ