SON DƏQİQƏ
» » Məktəbdə mənəvi dəyərlərimiz təbliğ olunur

Məktəbdə mənəvi dəyərlərimiz təbliğ olunur

Tarix:

30-10-2018, 14:37

/ 11 321 dəfə oxundu.
Məktəbdə mənəvi dəyərlərimiz təbliğ olunur

Binəqədi rayonundakı 182 saylı tam orta məktəb respublikada ən qabaqcıl və nümunəvi məktəblərdən biridir. Bu təhsil ocağında 4200 nəfər şagird təhsil alır. 210 müəllimi olan bu böyük kollektivə təcrübəli pedaqoq Zinyət xanım Tağıyeva rəhbərlik edir. Məktəbə daxil olanlar divar guşələrində asılmış fotolara baxır və qürur hissiylə siniflərə daxil olurlar.

GunAz.az bildirir ki, “Vətən mənə oğul dedi” guşəsində Aprel döyüşlərində igidlik göstərmiş şəhid Emin Bağırovun fotoları əks olunub. Bu məktəbin məzunu əsgər Emin Bağırov vətənimizin azadlığı naminə, torpaqlarımızın müdafiəsi uğrunda canını qurban vermişdir. Belə oğulları böyüdən analar, onlara vətənpərvərlik ruhu aşılayan, təhsil verən müəllimlərimiz hər cür alqışlara layiqdir.

Lövhədəki yazı diqqətimizi cəlb edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin “Vətən uğrunda hamımız şəhid olmağa hazırıq, təki Vətən sağ olsun” kəlamı hər kəsdə vətənə məhəbbət hissini artırır. Axı bizim torpaqlarımızın 20 faizi erməni quldurları tərəfindən işğal olunub. Hər an ayıq-sayıq olmalıyıq. Şagirdlər gələcəyin əsgəri, zabiti, generalı, alimi, bir sözlə hər bir sənətin, hər bir sahənin peşəkarı olmalıdırlar. Bunun üçün uşaqlarımız müəllimlərindən elmin sirrini dərindən öyrənməli, cəmiyyətimizə yararlı vətəndaş olaraq xidmət etməlidirlər.

Respublikada ən qabaqcıl təhsil ocağı sayılan 182 saylı tam orta məktəbin məzunlarının sorağı nəinki respublikamızın ali təhsil ocaqlarından, hətta xarici ölkələrin nüfuzlu ali məktəblərində də gəlir.

Onu da qeyd edək ki, 2018-ci ildə məktəbin tək XIb sinifində təhsil almış məzunların 26-sı da yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.

Bu təhsil ocağında səliqə-səhman, nizam-intizam, vətənpərvərlik yüksək səviyyədə təbliğ olunur. Təcrübəli müəllimlər bilik və bacarıqlarını şagirdlərdən əsirgəmirlər. Hər dəfə şagirdlər məktəbə daxil olarkən pilləkənlərdə yazılmış vətənpərvər ruhlu sözləri oxuyaraq sinif otaqlarına daxil olurlar. Bu nümunə bütün məktəblərdə yayılmalıdır.

Məktəb əsaslı təmir olunmuş və şagirdlər üçün hər cür şərait yaradılmışdır. Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan danışan direktor Təhsil Nazirliyinin, Bakı şəhər Baş Təhsil İdarəsinin, rayonumuzdan seçilmiş millət vəkili Hacı Damər Musayevin fəaliyyətini xüsusilə qiymətləndirdi.

Məktəbin zəngin kitabxanada qabaqcıl müəllimlərindən olan şair-publisist Nəbibə Həbibinin (Səfərovanın) yenicə çapdan çıxmış “Nəsihətlər” və “Allahın gözəl adları” kitablarının təqdimat mərasimi keçirilmişdir. Ziyalıların, müəllim və şagirdlərin, din xadimlərinin, media nümayəndələrinin, qonaqların iştirakı ilə keçirilmiş tədbiri məktəbin direktoru Zinyət Tağıyeva açdı və torpaqlarımızın

azadlığı uğrunda canından keçən cəmi şəhidlərimizin xatirəsi birdəfəlik sükutla yad edildi.

Direktor fizika fənnini tədris edən Nəbibə Həbibinin geniş və çoxşaxəli yaradıcılığından, insani keyfiyyətlərindən danışaraq sözünə davam etdi:

- “Nəbibə Həbibi məktəbimizdə fizika müəllimi olsa da, bu gün də Azərbaycan və dünya ədəbiyyatı nümunələrini sevə-sevə oxuyur, bəhrələnir və bir-birindən maraqlı şeirlər, aforizmlər, nəsihətamiz kəlamlar yazaraq oxucularını sevindirir.

Bütün kitablarında vətən, ana, ailə, valideyn, tərbiyə, din, dil, elm, ağıl, səbr və sair haqqında topladığı nəsihətamiz misralar bütün xalqımıza, xüsusən də bugünkü gəncliyə gözəl hədiyyədir.

Nəbibə Həbibinin 2011-ci ildə ilk kitabı “Nurlu iman sorağında”, 2015-ci ildə isə “Ömrümün əvəzsiz vəfadarı” adlı ikinci kitabı işıq üzü görmüşdür. Növbəti “Nəsihətlər” və “Allahın gözəl adları” kitabı da Ekoprint mətbəəsində nəfis tərtibatda yenicə çap olunmuşdur.

Direktor ilk sözü “Nəsihətlər” kitabının redaktoru və ön söz müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nin müəllimi Vaqif Qurbanova verdi.

Vaqif Qurbanov dedi:

- “Qürur hissi ilə bildirirəm ki, bir vaxtlar bu məktəbdə dərs dediyim şagirdim Ziynət xanım bugünkü qabaqcıl məktəbin direktorudur. Bu məkan mənə doğma və əzizdir. “Nəsihətlər” kitabının redaktoru olmaqla yazdığım fikir və düşüncələrimi Nəbibə Həbibi kitaba daxil etmişdir. Nəzmlə yazılmış bu əsərlər ibrətamiz səslənən ədəbi parçalardan ibarətdir. Şeirlər “Nəzmi-nazik”, hikməti-rəvan dillə söylənən hissələrdən ibarət qısa, yığcam, lakin şərhləri geniş və dərin ola biləcək qədər əhatəlidir. Nəbibə Həbibiyə uğurlar arzulayıram. Allah ona xoş günləri, mərhəmətli qəlbindən keçənləri nəsib etsin, yenə də oxuculara paklıq arzulu müdrik kəlamlarla süslənmiş nəsihətlərini versin”.

Filologiya üzrə fəlsəfə elmlər doktoru, professor Fikrət Xaliqov kitaba yazdığı rəydə bildirir ki, “hikmətli kəlamlar yazmış şairin bu kitabını ləyaqət sahiblərinə geniş təbliğ etmək lazımdır. Bu kəlamlar sadə bir insanın, elmə, sənətə, əxlaqa, təhsilə qiymət verən ziyalı bir şəxsin insanda uca varlığın simasını görmək istəyən ananın səmimi ürək sözləridir. Belə analara eşq olsun”.

Televiziya kanallarında dini verilişlərin dəfələrlə layihə rəhbəri, jurnalist Namiq Qurbanov çıxışında bildirdi ki, elə əsərlər var ki, insanları intihara yükləyir. Nəbibə Həbibinin kitabları insan əxlaqını zənginləşdirir. Şagirdlər belə nəsihətamiz kəlamları eşidərkən onlarda vətənpərvərlik hissi artır, əsl vətəndaş kimi böyüyür, xalqına, dövlətinə, elinə, obasına daha çox bağlı olurlar.

“Həkəri” qəzetinin və Günaz.az saytının redaktoru, şair-publisist Rauf İlyasoğlu demişdir:

- 2011-ci ildə Nəbibə Həbibinin “Nurlu iman sorağında” adlı ilk kitabının redaktoru və ön söz müəllifi olaraq müəllifdə fitri-istedadı, insani, əxlaqi

keyfiyyətləri duyarkən çox qürurlandım. “Allahın gözəl adları” kitabının məsləhətçisi, elmi redaktoru, ön söz müəllifi görkəmli alimimiz, akademik Vasim Məmmədəliyev Nəbibə Həbibinin yaradıcılığını yüksək qiymətləndirmişdir: “-Allah insanı sevərək xəlq etmişdir. Bu sevginin şölələrindən də insanın ürəyini yaratmışdır. Ona görə insanın ürəyi hər dəfə döyünəndə Allahı zikr edir. İnsan ən kiçik varlığı olan hüceyrələri ilə, cansızlar da zərrəcikləri ilə Allaha şükür edirlər. Nəbibə Səfərova da inanclı bir xanım olduğundan bu kitabı ilə Qadir Allahın gözəl adlarını vəsf etmiş, onların izahını da oxucularının diqqətinə çatdırmışdır”.

İcazə ver mənə durum səcdənə,

Əbədi şükür edim mərhəmətinə -

deyən Nəbibə Həbibi insanları elmə, mədəniyyətə, təmiz vicdana, paklığa, mənəvi gözəlliyə, ruhi saflığa, islami dəyərləri düzgün qiymətləndirməyə, Böyük Allahı tanımağa və ona ibadət, həm də itaət etməyə çağırır.

Detektiv əsərlər yazıb milyonlarla tiraj çap etdirən, filmlər çəkilərək ekranlardan qan-qada püskürən filmlərin əvəzinə Nəbibə Həbibinin əsərlərinin orta məktəb dərsliklərinə salınması olduqca əhəmiyyətli olardı - deyən Rauf İlyasoğlu “Qızıl qələm” media mükafatını Nəbibə Həbibiyə təqdim etdi.

Məktəbin dil-ədəbiyyat müəllimi Raziyə Şükürova vurğuladı ki, “biz müəllimlər qoymarıq ki, milli-mənəvi dəyərlərimiz azalsın”.

Tədbirdə AzTV-nin baş redaktoru Cavanşir Cahangirov (Muradxanoğlu), “Dünya Xəbər” saytının şöbə müdiri şair Fəsih Alıoğlu, 51 il yorulmadan şagirdləri öyrədən təcrübəli pedaqoq Firəngiz Səribəyeva və başqaları vətənpərvər ruhlu çıxışlar etdilər və Nəbibə Həbibiyə təşəkkürlərini bildirdilər.

Məktəbin musiqi müəllimi, yüzlərlə mahnılar bəstələyən Nazilə Quliyeva fortepianoda yeni bəstələdiyi mahnıları peşəkar səviyyədə ifa etdi.

Məktəbin xüsusi istedadlı şagirdləri Nəbibə Həbibinin sözlərinə bəstələnmiş mahnıları xüsusi zövqlə, özlərinə məxsus tərzdə ifa etdilər, müəllifin şeirlərini söylədilər.

Nəbibə Həbibi tədbir iştirakçılarına təşəkkürünü bildirdi və bundan sonra da yazacağı növbəti əsərləri ilə oxucularını yenə də sevindirəcəyini vurğuladı.

Sonra şirniyyat süfrəsi təşkil olundu. Qonaqlar xatirə şəkli çəkdirdilər.

Tədbir hər kəsdə xoş ovqat yaratdı.

 

Rauf İlyasoğlu

Məktəbdə mənəvi dəyərlərimiz təbliğ olunur

 

 

 

Məktəbdə mənəvi dəyərlərimiz təbliğ olunur

 

скачать dle 12.1

Şərhlər