Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.
GunAz.az bildirir ki, Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar:
Yeni modelin mahiyyətini açıqlayan C.Bayramov əlavə edib ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.
C.Bayramovun sözlərinə görə, əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi.
O, qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.