Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə
birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar təqdim
edir. Universitet
2015-ci ildən Böyük Britaniyanın "Koventri”, 2016-cı ildən bu ölkənin Sinqapurda
yerləşən "London Biznes və Maliyyə Məktəbi” və İsveçrədə yerləşən Biznes və
Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və bu ildən etibarən Çexiyanın
"NEWTON College” Universiteti ilə birlikdə ikili diplom layihələrini həyata
keçirir.
Böyük Britaniyada
15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti dövlət ali təhsil
müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr "İşgüzar
inzibatçılıq” ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala bilirlər.
Sinqapurda yerləşən
"London Biznes və Maliyyə Məktəbi” ilə əməkdaşlığa əsasən isə tələbələr bir il ərzində
Sinqapurda 8 intensiv modul keçib, bu ölkənin tanınmış otel və kurortlarında ödənişli
təcrübə proqramında iştirak edə bilirlər.
İsveçrənin
Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində əməkdaşlıq
edilir. Proqram çərçivəsində
dərslər Qərb Universiteti və UBIS-in professor-müəllim heyəti tərəfindən
aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr
diplomlarını əldə edirlər.
Son
olaraq isə Çexiyanın "NEWTON College” Universiteti ilə də bu istiqamətdə əməkdaşlıq
barədə razılıq əldə olunub.
Beləliklə,
məzunlar üç il Qərb Universitetində, bir il isə "NEWTON College” Universitetində
təhsil almaqla ikili diploma sahib ola biləcəklər.
Onu da əlavə
edək ki, Qərb Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli
dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda
Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya,
Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı
universitetlərində təhsil ala bilirlər.
Ümumiyyətlə,
beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə
malik olan Qərb Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini
əhatə edir.