SON DƏQİQƏ

Pərdəarxası oyunların zamanı bitib

Tarix:

3-12-2020, 08:24

/ 5 514 dəfə oxundu.
Pərdəarxası oyunların zamanı bitib


 

Partiya sədri: "Rusiya "sülhməramlı" adı ilə nəzarət etdiyi Azərbaycan ərazisində ermənilərə hansısa "status" qazandırmağa cəhd edir"

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində, hərb meydanında, işğalçı, mənfur və qaniçən erməni faşistlərini tam məğlubiyyətə uğradıb diz çökdürərək, atəşkəs haqqında alçaldıcı saziş imzalamağa məcbur etdi».

Bunu "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, hərb meydanında qazanılan qələbə, 10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti V.Putinin Ermənistanın baş naziri N.Paşinyanla birgə imzaladıqları bəyanata uyğun olaraq, diplomatik-sülh yolu ilə davam etməkdədir: «Bu bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə də atılmadan artıq işğaldan azad edilmişdir». T. Qənioğlu qeyd edib ki, bu bəyanatda onu imzalayan tərəflərin vəzifələri və öhdəlikləri tam açıqlanmadığından bəzi narahatlıqlar sezilməkdədir. Belə ki, bəyanatın 3-cü maddəsinə uyğun olaraq Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. "Sülhməramlı kontingentin" statusu, mandatı dəqiqləşdirilmədiyindən Rusiya onların yerləşdikləri Azərbaycan ərazilərini az qala özünün ərazi subyekti hesab edir. Onlar bu əraizilərdə mülkü idarəetməni aparır, bərpa-tikinti, quraşdırma, təmir-təchizat, yerləşdirmə işlərini intensiv şəkildə həyata keçirir, bu prosesə zibil qutusuna atılmış qondarma "arsaxın" cinayətkar "rəhbərlərini" cəlb edir! Bu azmış kimi, Rusiyanın yüksək çinli bəzi rəhbərləri Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmir! Məlumdur ki, üçtərəfli 10 noyabr bəyanatının 5-ci maddəsində "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması" nəzərdə tutulub.

Partiya sədri bildirib ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov iki gün öncə deyib ki, birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq: «Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək (?)". Bu nə ikibaşlı ifadədir cənab İqor Konaşenkov, məgər Dağlıq Qarabağ Azərbaycan ərazisi deyil? Nə üçün Mərkəzin məhz Azərbaycan ərazisində yerləşəcəyini xüsusi vurğulayırsınız? Qeyd etmək lazımdır ki, eyni fikri bir neçə gün əvvəl xarici işlər naziri Lavrov da ifadə etmişdi. Yəqin bu fikirlərin "sülhməramlı kontingent" arasında geniş yayılmasının nəticəsidir ki, KİV-də yayılan məlumatlara görə, Rusiya hərbçiləri noyabrın 30-da Laçın şəhərində nə erməni, nə Azərbaycan bayraqlarının qaldırılmayacağını bəyan etmişdirlər».

T.Qənioğlunun sözlərinə görə, müşahidələr bunu söyləməyə əsas verir ki, Rusiya "sülhməramlı" adı ilə nəzarət etdiyi Azərbaycan ərazisində ermənilərə hansısa "status" qazandırmağa cəhd edir və bunu təkbaşına həyata keçirə bilməsə bu prosesə anti-Azərbaycan mövqeyində olan bədnam Minsk qrupunu cələb etmək istəyir. Bu da alınmasa müxtəlif bəhanələrlə yerləşdiyi ərazilərdə uzun müddət (bəlkə də əbədi) qalmağa çalışır. Çünki bilir ki, status almasalar ermənilər Dağlıq Qarabağda qalmayacaqlar və beləliklə də "sülhməramlılara" ehtiyac olmayacaq. Bir Azərbaycan məsəlində deyildiyi kimi: "Sən çaldığını çal, görək Allah nə istəyir!"

Partiya sədri əlavə edib ki, bəzilərinin pərdəarxası oyunlarına baxmayaraq, Azərbaycan hərb meydanında əldə etdiyi qələbələrin diplomatiya cəbhəsində davamına da tam nail olacaq: «Dağlıq Qarabağın bütün ərazilərində süverenliyimiz bərpa ediləcəkdır! Azərbaycan xalqının yekdil birliyi, nəyi nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandanın rəhbərlik etdiyi qüvvətli və qüdrətli silahlı qüvvələrimizin mövcudluğu, qardaş Türkiyənin hərtərəfli təmənnasız yardımı belə düşünməyə əsas verir. İnanırıq ki, belə də olacaqdır!»

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ