SON DƏQİQƏ
» » Bu münaqişə həll edilməlidir, əks təqdirdə... - “EU Reporter”

Bu münaqişə həll edilməlidir, əks təqdirdə... - “EU Reporter”

Tarix:

9-10-2020, 22:11

/ 1 364 dəfə oxundu.
Bu münaqişə həll edilməlidir, əks təqdirdə... - “EU Reporter”

Brüsseldə yerləşən "EU Reporter” Avropa multimedia xəbər platformasında "Avropa İttifaqı xarici siyasət platformasında Dağlıq Qarabağda erməni təcavüzkarlığı kimi başağrısı ilə üz-üzə qalıb” adlı məqalə dərc edib.

GunAz.az xəbər verir ki, məqalədə Avropa İttifaqının COVİD-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə qaldığı, qitə iqtisadiyyatının yaz aylarında yaşanan koronavirus pandemiyasının təsirlərinin aradan qaldırmağa başladığı bir dövrdə Avropanın şərq sərhədlərində xarici siyasət sahəsində qarşısı alına bilinən yeni çağırışla – Dağlıq Qarabağda baş verən yeni silahlı toqquşmalarla üzləşdiyi bildirilir.

Məqalədə bu həftənin əvvəlində Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin avropalı parlamentarilərlə müzakirələrində tərəfləri atəşkəsin bərpa olunmasına və qanlı toqquşmaların dərhal dayandırılmasına çağırışlar etdiyi qeyd olunur. Həmçinin Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ayrılmaz ərazisi olduğu vurğulanır. Müəllif Ermənistanın 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması dövründə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonunu işğal etməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq bu əraziləri nəzarətdə saxlaması faktlarını diqqətə çatdırır.

Bu narahatedici vəziyyətin 2014-cü və 2016-cı illərdəki qısa sərhəd toqquşmaları ilə qızışdığı, ancaq son otuz ildə dəyişməz qaldığını xatırladan müəllif bu gün vəziyyətin dəyişdiyini, son həftə baş verən döyüşlərə ağır artilleriya, pilotsuz uçuş aparatlarının cəlb edildiyini, Azərbaycanda 27 mülki şəxsin həlak olduğunu, 141 nəfərin yaralandığını bildirir.

Məqalədə Qərbin COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistanın vəziyyəti öz xeyrinə dəyişdirmək və yaranmış fürsətdən istifadə edərək daha çox Azərbaycan ərazisini ələ keçirmək məqsədi güddüyü qeyd edilir. Müəllif bildirir ki, keçmiş Sovet dövlətlərinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan öz sərhədləri daxilində xarici təcavüzlə qarşılaşdığı təqdirdə, Rusiyanın köməyinə güvənə bilər. Beynəlxalq hüquqa əsasən, 30 ildir Ermənistanın işğal altındakı beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayona bu cür müdaxiləyə haqq qazandırmaq mümkün deyil. Münaqişənin Avropa üçün böyük bir itki olduğunu bildirən müəllif, bunun nəinki Avropanın cənub hüdudlarında şiddətli bir silahlı qarşıdurmanın qızışmasına, hətta Azərbaycandan keçən və Avropanı qazla təmin edən əsas boru kəmərini təhlükə altına atdığını bildirir. Qeyd edir ki, uğurlu dünyəvi siyasət yürüdən Azərbaycan həm də Qərbin güclü tərəfdaşıdır.

Məqalədə, həmçinin bildirilir ki, Azərbaycanın Ermənistanın təcavüzünə qarşı çox ehtiyatla davranaraq cavab verir, yalnız Dağlıq Qarabağ daxilindəki hərbi hədəflərə hücum edir. Ermənistan isə Dağlıq Qarabağdan 100 kilometr aralıda yerləşən Gəncəyə, o cümlədən Beyləqan, Bərdə və Tərtər şəhərlərinə raket və artilleriya hücumları həyata keçirərək gərginliyi artırmağa çalışır. PKK silahlılarının Ermənistan silahlı qüvvələrinin hərbçilərinə təlimlər keçirmək məqsədilə Dağlıq Qarabağa gətirilməsi barədə məlumatlar var.

Məqalə müəllifi Prezident İlham Əliyevin Türkiyənin "TRT Haber” televiziya kanalına müsahibəsinə istinadla yazır: "İndi Azərbaycanı bombalayan Ermənistanın hədəfi bu münaqişəyə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməkdir”.

Məqalədə, həmçinin Rusiya, ABŞ və Fransa dövlətlərinin tərəfləri atəşkəsə çağırdığı, bununla bərabər Rusiya Prezidenti Vladimir Putinin hazırkı münaqişəyə son qoyulması üçün regional nüfuza sahib yeganə lider olduğu bildirilir. Rusiyanın Ermənistanın müttəfiqi olması, eyni zamanda Azərbaycanla da yaxşı münasibətləri olduğu onun hər iki tərəf üçün məqbul vasitəçi rolunu oynamasına şərait yaratdığı qeyd edilir.

Prezident İlham Əliyevin Rusiyanın Dağlıq Qarabağda gedən hazırkı döyüşlərlə bağlı mövqeyini müsbət qiymətləndirdiyini diqqətə çatdıran müəllif Azərbaycan Prezidentinin sözlərini sitat gətirib: "Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil”.

Müəllif sonda yazır: "Hərbi əməliyyatların dərhal dayandırılması üçün Avropa İttifaqı Rusiya ilə birgə işləməlidir. Ermənistan Azərbaycanın şəhərlərinə hücumları dayandırmalı və Dağlıq Qarabağdan geri çəkilməsinə dair danışıqlara başlamalıdır. Bu gərginləşən "dondurulmuş münaqişə” artıq həll edilməlidir, əks təqdirdə daha geniş regional müharibənin baş verməsi istisna olunmur”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ