SON DƏQİQƏ

Milli Şuranın mitinqini kimlər təyin edir?

Tarix:

30-10-2019, 14:06

/ 2 720 dəfə oxundu.
Milli Şuranın mitinqini kimlər təyin edir?

Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinq müzakirə mövzusudur. 19 oktyabr mitinqində həbs edilənlər azad olunmamış, məhkəmələr tərəfindən cərimə edilənlər cərimələrini ödəməmiş daha bir mitinqin təyin olunması ortaya bir sıra suallar çıxarır.

Ən aktual suallardan biri isə prezident İlham Əliyevin 15 oktyabr müşavirəsində yaşlı məmurların vəzifəsindən istefa verməyə çağırışı, ölkədə ciddi kadr və struktur islahatlarına başlamasından sonra şəhərin mərkəzinə icazəsiz aksiyaların təyin olunmasının səbəbləri haqdadır.

Əslində, bunun səbəbləri aydındır və ayrı-ayrı şəxslər mediaya açıqlamalarında bu haqda informasiya veriblər. Məsələn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Prezidentin “islahatlara iqtidar daxilindən də bəzi məmurların müqaviməti var” ifadəsinin ardınca, müxalifətin bəzi kəsiminin küçələrə çıxmasının eyni zamana təsadüf etməsi qəribədir: 

“Sanki o kəsimlə - müqavimət göstərən məmurlarla müxalifətin radikal kəsiminin bağlantısı var. Sanki iqtidar daxilindəki müqaviməti məhz onlar küçəyə daşıyırlar. Azərbaycanı və komandasını yeniləmək istəyən bir Prezidentə ölkə və dünya miqyasında problem yaratmaq istəyirlər. 14 ildir küçəyə çıxmayan bir lider (AXCP sədri Əli Kərimli nəzərdə tutulur - red.) qəfil küçəyə çıxır. İndiyədək bu qədər aksiya olmuşdu, amma o adam küçələrə çıxmamışdı. Oktyabrın 19-da çıxdı, skandallar yaratdı, polisi toqquşmaya təhrik etdi... 

Ardınca da dünya miqyasında bir kampaniya başladıldı. Elə bil hazır durub, gözləyirdilər. Sanki iqtidarın öz içindən gizli müqavimət göstərən bir kəsim müxalifətin içindəki bir kəsimlə əlbir şəkildə Azərbaycanda islahatları dayandırmaq istəyir. Mən vətəndaşlarımızın bu məqamda ayıq-sayıq olmasını istəyirəm. Səmimi müxalifətçilərin, mənim dostlarımın ayıq-sayıq olmasını istəyirəm. Bizlərə hər kəsdən daha çox lazım olan, əslində hər kəsə lazım olan bu prosesə açıq gözlə baxsınlar, dəstək verməsələr də, əngəl olmasınlar”.

Aksiyalara həm “içəridən”, həm də kənardan dəstək verilməsi haqda daha bir detala diqqət yetirək. 2 noyabır mitinqi təyin olunandan dərhal sonra AXCP sədri Əli Kərimli Avropa Birliyinin Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşür. Həmin təşkilatın 19 oktyabr mitinqindən sonra səsləndirdiyi bəyanat hər halda oxucuların yadındadır. Ə. Kərimli görüşlə bağlı yaydığı açıqlamada bildirir ki, 19 oktyabr mitinqi zamanı baş verənlər ətraflı müzakirə olunub. “Səfir AB-nin 19 oktyabr gecəsi açıqladığı rəsmi mövqeyi bir daha vurğuladı. AB hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. AB həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır”.

“İçəridəkilərin” və kənardakıların aksiyalara bu şəkildə dəstək verməsi, xüsusi aktivlik onu göstərir ki, əslində, iddia edildiyi kimi aksiya heç də narazı xalqın küçələrə çıxması deyil. Təbii ki, ötən aksiyada bir neçə məmurdan narazı və siyasi oyunlardan xəbərsiz şəxslərin olması da mümkündür. Amma ümumilikdə aksiyanın haradan və necə idarə olunduğunu artıq qeyd etdik.

Durumu şərh edən millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, bu  mitinqlərin arxasında başqa niyyətlər dayanır. O, ölkədə kütləvi aksiyaların keçirilməsinə hər hansı məhdudiyyət qoyulmadığını bildirir: “Amma icazə verilib-verilməyəcəyi yerli icra hakimiyyətindən asılı olan bir məsələdir. Hesab edirəm ki, onlara mitinq yox, siyasi şou, provokasiya lazımdır. Onlar bu yolu seçiblər. Düşünürlərsə ki, bu yolla Azərbaycan dövlətçiliyini laxlatmaq olar, bununla xaricdən gələn tapşırıqları, siyasi sifarişləri yerinə yetirə biləcəklər, çox böyük səhv edirlər. 

Mitinqlərin keçirilməsi bizlər üçün qeyri-adi bir şey deyil. Azərbaycanda vaxtaşırı mitinqlər və piketlər keçirilir. Müxalif qüvvələr bununla öz mövcudluqlarını yada salmaq, sosial bazalarını göstərməyə çalışırlar. Buyursunlar. Bu məsələdə hər hansı məhdudiyyət yoxdur”.

Aksiya ilə bağlı artıq sosial şəbəkələrdə də müəyyən dartışmalar başlayıb ki, bu da mitinqlərin haradan idarə olunması ilə bağlı həqiqətlərin artıq daha geniş çevirədə aydınlaşdığını göstərir. Məsələn “Meydan TV”nin sabiq rəhbəri Emin Milli bu aksiyaları tənqid edib. Əli Kərimlinin tərəfdarlarını itaətsizliyə çağırması, xüsusilə,19 oktyabr icazəsiz aksiyasından sonra daha da azğınlaşması, növbəti qanunsuz çağırışlar etməsi nəinki iqtidar, eləcə də müxalifətyönlü təmsilçilər tərəfindən də sərt şəkildə qınanılır, ona qarşı müxtəlif ittihamlar irəli sürülür. 

E. Milli yazır: “Bir qrup insanlar özlərini elə aparır ki, güya indi inqilab olacaq, amma kimsə bunun qarşısını alır. İstənilən tənqidə və fərqli yanaşmaya görə sənə satqın damğası vururlar.

...Onların populizminin bir qəpik qiyməti yoxdur. Cəmi 300-400 nəfərin küçəyə çıxması inqilabın nə qədər uzaqda olduğunu göstərir. Bunu görməyənlər siyasi cəhətdən kordurlar”.

“Report”un yazdığına görə isə, Milli Şura 2 noyabr mitinqini keçmiş "Məhsul" stadionunda və ya metronun “28 May” stansiyasının yaxınlığında istəyir. Sanki AXCP sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli süni şəkildə çaxnaşma yaratmaqda maraqlı görünür. Baxmayaraq ki, o və yaxın ətrafı nəinki xalqı, hətta tərəfdarlarını da mənasız addımları ilə bezdirib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyir ki, ölkədə qarşıdurma yolverilməzdir. “Ölkədə qarşıdurmadan çəkinmək lazımdır, dialoq mühiti olmalıdır. Qarşıdurma, gərginlik fayda verməyəcək. Bu, hər iki tərəfə aiddir. Partiya olaraq digər müxalifət partiyalarının təşkil etdiyi aksiyalarda iştirak etmirik. İnadkarlıq etmək olmaz, ortaq məxrəcə gəlmək lazımdır”.

Məsələyə hakim Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzovun da reaksiyası fərqli deyil: “Antimilli və marginal qruplar növbəti dəfə Azərbaycan dövlətinin milli maraqlarına, xalqın mövqeyinə zidd mövqedən çıxış edirlər. Diqqət yetirsəniz, görərsiniz ki, işğalçı Ermənistan, erməni lobbisi və bir sıra anti-Azərbaycan dairələr bu tədbirlə əlaqədar qərəzli və neqativ məzmunlu informasiyalar dövriyyəyə buraxır, Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar. Ölkəmizdəki "beşinci Kolon"un nümayəndələri də eyni tezisləri ifadə edir, bu isə bir daha radikal müxalifətin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini göstərir.

Ümumiyyətlə, qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin məqsədi vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yaratmaq, Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır. Lakin xalqdan dəstək almayan marginal qrupların bu cür əməlləri hər zaman iflasa məhkumdur, çünki Azərbaycan xalqı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, ölkəmizin inkişafına və xalqımızın firavan gələcəyinə xidmət edən bu siyasətə alternativ görmür”.

Artıq mitinqlərə içəridən verilən dəstəyin prezidentin son qərarları ilə müəyyən dərəcədə kəsildiyini söyləmək olar. Burada qalır xaricdən “qrant imperiyası”nın dəstəyi. Bu dəstəyin də kəsilib-kəsilməyəcəyini 2 noyabr aksiyası göstərəcək. Hər halda əgər icazəsiz aksiyada israr edilərsə, küçələrdə yalnız polis görəcəyimiz qaçılmazdır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ