SON DƏQİQƏ
» » Azad sözə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki... - Əli Həsənov

Azad sözə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki... - Əli Həsənov

Tarix:

16-09-2019, 22:39

/ 1 282 dəfə oxundu.
Azad sözə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki... - Əli Həsənov

Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir.

GunAz.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında bildirib.

Əli Həsənov tədbirdə Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçılarını Prezident İlham Əliyev adından salamlayıb. O bildirib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapdığını vurğulayan Ə.Həsənov bunun KİV-in inkişafında yeni tarixi mərhələnin başlanğıcı olduğunu vurğulayıb: "Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, kənar təsir olmadan özünütənzimləyən azad medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açıldı. Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış etdi".

Prezidentin köməkçisi bildirib ki, ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar atılıb. O, medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan birinin 2008-ci il iyulun 31-də Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın olduğunu deyib və əlavə edib ki, bu sənədə əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fond hazırda KİV layihələrinin maliyyələşdirilməsini həyata keçirir. "Bundan başqa Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005-ci, 2010-cu, 2015-ci və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb", - deyə Ə.Həsənov vurğulayıb.

Ə.Həsənov çıxışında Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında da məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların "Facebook", "Twitter", "Youtube", "İnstaqram" kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır.

Əli Həsənov onu da bildirib ki, Azərbaycan dövləti Azərbaycan Mətbuat Şurasına tərəfdaş kimi yanaşır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ