SON DƏQİQƏ

9 iyul Azərbaycan diplomatiyası günüdür

Tarix:

9-07-2019, 08:00

/ 2 083 dəfə oxundu.
9 iyul Azərbaycan diplomatiyası günüdür

Azərbaycan Cənubi Qafqaz və Ön Asiyanın çox qədim  tarixə və ən zəngin mədəni irsə malik olan ölkələrindən biridir. Onun dövlətçilik ənənələri 5 minillik bir tarixi dövrü əhatə edir. Azərbaycanın dövlətçilik tarixinin ən mühüm istiqamətlərindən biri onun diplomatiya tarixidir. Qədim Şumer-Akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş ilk siyasi qurum, çarlıq və dövlətlərinin xarici siyasəti, onların Ön Asiya ölkələri ilə diplomatik əlaqələri haqqında məlumatlar vardır. Kutilərin, lullubilərin və hurrilərin Şumer şəhər dövlətləri ilə diplomatik əlaqələri kimi yazılarda öz əksini tapmışdır.

Azərbaycan ərazisində yaranmış və onun cənub ərazilərini bütünlüklə əhatə edən ilk dövlət Manna dövlətidir. E.ə. IX əsrin II yarısında yaranmış bu dövlət çox qısa bir dövr ərzində çox fəal xarici siyasət yeritməyə başlayır. Onun qonşu Assuriya və Urartu dövlətləri ilə münasibətləri buna bariz misaldır. Xüsusilə də İranzunun hakimiyyəti dövründə (e.ə. 740-719-cu illər) yeridilən xarici siyasət ölkənin beynəlxalq aləmdə mənafelərini müdafiə etməyə imkan verirdi.

Sistemli və peşəkar fəaliyyət növü kimi Azərbaycan diplomatik xidmətinin tarixi 9 iyul 1919-cu ildən başlayır. Məhz həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nuranə

GunAz.az

скачать dle 12.1

Şərhlər