SON DƏQİQƏ

Gürcü Deputatalar Bakıda- MÜZAKİRƏLƏR

Tarix:

8-05-2019, 20:03

/ 283 dəfə oxundu.
Gürcü Deputatalar Bakıda- MÜZAKİRƏLƏR

Gürcüstan parlament nümayəndə heyətinin üzvləri Bakıda mühüm görüşlər keçiriblər

Bu gün Gürcüstan Parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvlərinin görüşü keçirilib. Əvvəlcə qonaqlar görüşün keçirildiyi Milli Məclisin binası ilə tanış olublar.

Toplantıda çıxış edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan və Gürcüstan xalqlarının tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki dövlətin hazırkı strateji müttəfiqliyi müstəvisində daha da inkişaf etdiyini vurğulayıb. Bu müasir təməl Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze tərəfindən qoyulub.

Deputat bildirib ki, ölkələr regionda enerji və təhlükəsizlik məsələlərində mühüm təminatçı kimi çıxış edirlər və mövcud status perspektiv əməkdaşlığın qlobal şəraitin şərtlərinə uyğunlaşması üçün geniş imkanlar yaradır. «Elə bir problem və çətinlik yoxdur ki, biz onu müzakirə yolu ilə həll edə bilməyək. Bu, son dərəcə vacib məqamdır. Yaşadığımız regionda dünya əhəmiyyətli layihələr gerçəkləşdirilməkdədir. Həmin layihələr bilavasitə Azərbaycan və Gürcüstan xalqlarının gələcəyinin təminatıdır. Bunun üçün baza yaratmışıq. Hazırda Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatında mühüm mövqelərdən birinə sahibdirlər. Onların sayı 650-ə qədərdir. Biz fəxr edirik ki, SOCAR Gürcüstanda ən çox vergi ödəyən şirkətdir. Gürcü sahibkarlarının da Azərbaycan iqtisadiyyatında payı var, təxminən 300-ə yaxın şirkətlə təmsil olunurlar. Qeyd etdiyimiz rəqəmlər qarşılıqlı etimad və inam mühitinin mövcudluğundan xəbər verir. Lakin münasibətlərimizdəki dinamikanı, xalqlarımızın yaxınlığını gözü götürməyən qüvvələr də kifayət qədərdir. Onlar ara-sıra aktivləşirlər. Hesab edirəm ki, parlamentarilər məsələyə həssas yanaşmalıdırlar. Bir daha bildirim, danışıb həll edə bilməyəcəyimiz hər hansı problem və çətinlik yoxdur», - deyən Ə.Amaşov Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin missiyasını önə çəkib.

Deputat çıxışında həmçinin diqqəti zaman-zaman Azərbaycanın və Gürcüstanın ictimai rəyinə təsir göstərmiş məsələlərə yönəldib. Mövcud xüsusda bir müddət öncə erməni terrorçusu Mixail Avaqyana Gürcüstanın Axalkalaki bölgəsində abidə ucaldılmasına, eləcə də Gürcüstan ərazisindən Rusiya mallarının Ermənistana tranzitinə dair və bir sıra digər məqamlara toxunub. Bu sayaq məsələlərin parlament üzvləri arasında müzakirəsinin yarana biləcək hər hansı problemin qarşısının zamanında alınması baxımından əhəmiyyətini vurğulayıb.

Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycana səfərin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun təşəbbüsü ilə gerçəkləşdiyini bildirib və bu sayaq səfərlərin qarşılıqlı əməkdaşlığın güclənməsindəki əhəmiyyətindən söz açıb. Z.Dzidziquri onu da bildirib ki, Azərbaycan və Gürcüstan hökuməti arasındakı təmaslar zaman-zaman ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması üçün mühüm təminatdır.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb. Bu baxımdan o, hər iki ölkənin ərazi bütövlüyünə qəsddən, işğal faktından söz açıb. Q.Paşayeva Azərbaycan və Gürcüstan arasındakı dostluq və mehriban qonuşuluq münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu dilə gətirib və əlavə edib ki, onların törətdikləri təxribat əməllərinə dərhal adekvat reaksiya verilməlidir. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən vacibdir.

Xanım Paşayeva həmçinin Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlardakı təmsilçiliyinə də toxunub. O, iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, azərbaycanlı deputatların hər zaman Gürcüstanla bağlı məsələlərdə Gürcüstanın maraqlarından çıxış etdiyini vurğulayıb. Eyni yanaşmanın hər iki ölkənin parlamentariləri üçün aktuallığını önə çəkib.

Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun sədri Z.Dzidziquri son zamanlar Azərbaycanın və Gürcüstanın ictimai rəyində geniş müzakirəyə səbəb olmuş Keşikçidağ məbədi (David Qareci monastrı) ilə bağlı məsələyə toxunub. O bildirib ki, həmin məbədin gürcülər üçün yalnız dini mahiyyəti əsas deyil. Keşikçidağ gürcü xalqının keçmiş SSRİ-yə qarşı mübarizəsinin də rəmzi kimi qarşılanır. Belə ki, vaxtilə ərazidə SSRİ ordusunun hərbi hissəsi yerləşirdi. Orada hərbi təlimlər keçirilirdi və məbəd də ziyan görə bilərdi. Ona görə də gürcü xalqının nümayəndələri buna etirazlarını bildirdilər və onların təkidi ilə hərbi təlimlər dayandırıldı. Z.Dzidziquri eyni zamanda bildirib ki, hazırda Gürcüstan və Azərbaycan hökumətləri mövzunu müzakirə edirlər. Hər iki tərəfdən müvafiq komissiya iş aparacaq və şübhəsiz danışıqlar nəticəsində optimal həll variantı tapılacaqdır.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Rasim Musabəyov əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlərin və şəxsi təmasların rolunu önə çəkib. O bildirib ki, məhz bunun nəticəsində yaranmış və yaranmaqda olan hər hansı problemin ictimai rəydə yanlış istiqamətləndirilməyə məruz qalmadan həllinə nail olmaq mümkündür. R.Musabəyov habelə dünyada dəyişən reallıqlar, yeni qlobal şərtlər müstəvisində Azərbaycanın və Gürcüstanın işbirliyinin region üçün əhəmiyyətli tərəflərini sadalayıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Birgə əməkdaşlığın müxtəlif aspektlərinə diqqət çəkən səfir bildirib ki, bu, meydana çıxan problemlərin aradan qaldırılmasında, anlaşılmazlıqların yoluna qoyulmasında mühüm baza rolunu oynamaqdadır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin iqtisadi tərəfləri üzərində dayanan səfir mövcud xüsusdakı xarakterik cəhətləri vurğulayıb. O, eyni zamanda məlumat verib ki, iyunun 14-dən Bakı-Batumi aviareysi fəaliyyətə başlayacaq.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvü, deputat Flora Qasımova çıxışında bildirib ki, dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstanın bütün sahələrdəki işbirliyi örnək mahiyyət daşımaqdadır və bunu qəbul etməyən qüvvələrə qarşı mübarizədə monolit mövqe nümayişi mütləqdir. Bu, xalqlarımızın bir-birindən gözləntilərinin doğrulması üçün həssas məqamdır və ciddi şəkildə nəzərə alınmalıdır.

***

Gürcüstan parlamentinin nümayəndələri bu gün Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər.
Z.Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində əlaqələr yüksək səviyyədədir.

Görüşdə bildirilib ki, Azərbaycan və Gürcüstan geosiyasi və geostrateji mövqedə yerləşirlər. Onların işbirliyinin möhkəmliyi regionla bağlı proseslərə təsirini göstərməkdədir. Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.

Z.Əsgərov Azərbaycan və Gürcüstanın parlament səviyyəsindəki əməkdaşlığının qanunvericilik məsələlərini də əhatə etməsinin əhəmiyyətinə aydınlıq gətirib. O bildirib ki, regionda reallaşmaqda olan böyük layihələrin hüquqi münasibətlər sisteminə də təsiri qaçılmazdır. Bu baxımdan ölkələrin qanuvericiliklərində müəyyən unifikasiya işlərinin aparılması nəzərdən keçirilə bilər. Mövcud istiqamətdə danışıqlar aparılmalıdır.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri də çıxışında sırf qanunvericilik müstəvisindəki əməkdaşlığın əhəmiyyətinə önəm verib və bu baxımdan azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü deyib. O, məsələnin parlament sədrləri səviyyəsində müzakirə üçün mühüm mövzu ola biləcəyinə əminliyini bildirib. Z.Dzidziquri həmçinin ümumən parlamentlərarası əlaqələrin önəmindən bəhs edib və deyib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu baxımdan fəaldir. Gürcüstan tərəfi də ümumi iş üçün səmərəli addımlar atmaqdadır.

***
Nümayəndə heyətinin üzvləri bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Ramiz Həsənovla da görüşüblər. Görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın hazırkı dinamikasını əks etdirən məqamlara toxunulub. Regional əməkdaşlıq platformasının Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əbədilik təminatı olduğuna diqqət yetirilib. Həmçinin beynəlxalq müstəvidə Azərbaycanın və Gürcüstanın ortaq maraqların müdafiəsindəki ardıcıllığının və prinsipiallığının zəruriliyindən söz açılıb.

***

Gürcüstanın parlament təmsilçilərindən ibarət nümayəndə heyəti üzvlərinin bu günkü daha bir görüşü Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə olub. Görüşdə Azərbaycan və Gürcüstanı birləşdirən tarixi dəyərlərin müasir beynəlxalq tərəfdaşlıq üçün etibarlı baza rolunu oynadığı vurğulanıb.

***

Qeyd edək ki, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun sədri Z.Dzidziqurinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-dən 9-dək Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin tərkibinə Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri - deputatlar Gela Samxarauli, Mahir Dərziyev, Ramaz Nikolaişvili, həmçinin Gürcüstan Parlamentinin Beynəlxalq Münasibətlər İdarəsinin Parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze daxildir.

Səfərdən məqsəd iki ölkə parlamentləri arasındakı əlaqələri daha da gücləndirməkdən, Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinin dərinləşmə perpektivlərinə, Azərbaycan və Gürcüstan xalqlarının regionla bağlı proseslərdə iştirakçılığına dair, həmçinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.

***

Səfərin dünənki ilk günündə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gürcüstanın parlament üzvlərindən ibarət nümayəndə heyəti mayın 7-də həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində komitə sədri Fuad Muradovla görüşüblər. Görüşdə Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları ölkələrin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına inteqrasiyası məsələləri və bu xüsusdakı bir sıra məqamlar ətrafında geniş fikir mübadiləsi aparılıb, dost və qonşu ölkələri birləşdirən dəyərlərə, yeni əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Gürcü Deputatalar Bakıda- MÜZAKİRƏLƏR

 

Gürcü Deputatalar Bakıda- MÜZAKİRƏLƏR

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ