SON DƏQİQƏ

Prezidentin son 11 ayda gördüyü işlər: Yanvar

Tarix:

8-04-2019, 21:09

/ 10 268 dəfə oxundu.
Prezidentin son 11 ayda gördüyü işlər: Yanvar

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

GunAz.az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir. 

Növbəti yazı 2019-cu ilin yanvar ayını əhatə edir.

ABADLAŞDIRMA DAVAM EDİR

Prezident İlham Əliyev 2019-cu ilin yanvarında abadlaşdırma işlərinin həyata keçirilməsi üçün 59,168 milyon manat vəsait ayırıb.

Belə ki, sərəncamlara uyğun olaraq, 

Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə–Beyləqan avtomobil yolunun tikintisinə 14,6 milyon manat,

Qubanın Susay–Xınalıq avtomobil yolunun tikintisinə 13 milyon manat,

Balakəndə 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 4,4 milyon manat,

Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinə 3,9 milyon manat,

Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına üç milyon manat,

Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat,

Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılmasına 11 milyon 468 min 300 manat ayrılıb.

VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?

Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun tikintisi başa çatdırılıb. 

Bundan başqa, Qubanın Susay–Xınalıq və Kürdərimirin Karrar–Bağman–Böyük Kəngərli avtomobil yollarının, eləcə də, Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi davam etdirilir.

BAKIDA VƏ REGİONLARDA AÇILIŞLAR

İlham Əliyev bu ilin yanvar ayında bir sıra açılış mərasimlərinə qatılıb. 

Belə ki, dövlət başçısı yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib, yanvarın 10-da isə yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. 

Bundan başqa, yanvarın 14-də İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılış mərasiminə qatılıb. Mərasimdə çıxış edən dövlət başçısı deyib ki, Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın: 

“Ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir. Vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində yerinə yetirilir”.

Yanvarın 16-da İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib. Tədbirdə çıxış edən prezident bildirib ki, qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. 

O əlavə edib ki, bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. 

Yanvarın 24-də prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışını edib.

VACİB İCLASLAR VƏ LAHİYƏLƏR

Yanvarın 11-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda çıxış edən dövlət başçısı 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

O bildirib ki, keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub:

“Bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. 

Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir. Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. 

2018-ci ildə Azərbaycanda 118 min daimi iş yeri yaradılıb və Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. 

Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və bu, ən yüksək göstəricidir. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır. Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək. Turizm sahəsində apardığımız siyasət maliyyə sahəsində özünü büruzə verir”. 

Dövlət başçısı çıxışında bu il qarşıda duran məqsədlərdən də söz açıb:

“Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Bundan başqa, 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Bu il ən azı yeddi min ailə özünüməşğulluq proqramından faydalanacaq və ən azı daha 80 min hektar su ilə təmin olunacaq”.

Yanvarın 29-da dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edib. 

Tədbirdə çıxış edən prezident bildirib ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib.

“Son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib. Son 15 ildə 640 tibb müəssisəsi tikilib və yenidən qurulub. 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği iki milyard manatı ötüb. Azərbaycanda son on beş ildə 15 min kilometr avtomobil yolu çəkilib”.

İlham Əliyev bildirib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət, qayğı göstərməli və dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. 

Prezident bu il yeddi min ailənin özünüməşğulluq proqramı ilə əhatə olunacağını qeyd edib.

Bundan başqa, o əlavə edib ki, 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən beş minə yaxın iş yeri açılacaq. 

Onun sözlərinə görə, bu il “Şimal 2” elektrik stansiyasının açılışı gözlənilir. 

Yanvarın 29-da Azərbaycan prezidenti regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq edib.

YENİ QURUMLARIN YARADILMASI

Prezident İlham Əliyevin yanvar ayında imzaladığı fərmanlara uyğun olaraq, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

KADR İSLAHATLARI VƏ DƏYİŞİKLİKLƏR

Son bir ildə aparılan ciddi kadr islahatlarının və dəyişikliklərinin bir qismi yanvar ayına təsadüf edir.

Belə ki, prezidentin yanvarın 15-də imzaladığı sərəncama əsasən, Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 

Bundan başqa, İlham Əliyev həmin gün Gürsel İsmayılzadənin ölkəmizin Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

VACİB SƏFƏRLƏR

Yanvarın 21-də prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. 

Səfər zamanı prezident bir sıra vacib görüşlər keçirib və Forum çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib. 

Bundan başqa, Davosda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.

ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT

Yanvarın 28-də İlham Əliyev şəhid ailələri ilə görüşüb. 

Görüşdə çıxış edən prezident deyib ki, vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq.

Həmin gün prezidentin sərəncamı ilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 35 milyon manat ayrılıb. 

Bundan başqa, İlham Əliyev yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

 

скачать dle 12.1

Şərhlər