SON DƏQİQƏ
» » Millət vəkilləri irad bildirdi: Dövlət qurumlarında ciddi nöqsanlar var

Millət vəkilləri irad bildirdi: Dövlət qurumlarında ciddi nöqsanlar var

Tarix:

5-04-2019, 13:42

/ 10 262 dəfə oxundu.
Millət vəkilləri irad bildirdi: Dövlət qurumlarında ciddi nöqsanlar var

Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir sıra dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar olunur. Nöqsanlar üzə çıxarılır, amma onların aradan qaldırılması istiqamətində işlər axsayır, onlar olduğu kimi qalır və təkrarlanır.

Gunaz.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili xüsusilə dövlət satınalmaları ilə bağlı məsələdə ciddi problemlərin, nöqsanların olduğunu bildirib:

“Burada çox ciddi problemlər var, olmaqda davam edir. Bu məsələdə şəffaflıq, demək olar ki, yoxdur. Kim necə istəyirsə, o cür hərəkət edir. Dəfələrlə bu məsələni qaldırmışıq, təəssüflər olsun ki, nəticə yoxdur. Həmçinin, dövlət zəmanəti ilə alınmış kreditlərin qaytarılmasında ciddi nöqsanlar var. 

​Bir çox dövlət qurumları dövlət zəmanəti ilə aldıqları kreditləri geri qaytarmırlar və ya qaytarmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Hesab edirəm ki, bu özbaşınalıqlar aradan qaldırılmalıdır və kreditlər verilərkən, bütün addımlar yüz dəfə ölçülüb biçilməlidir. Kimə gəldi bu kreditləri vermək olmaz.

Eyni zamanda, ünvanlı sosial yardımların verilməsində nöqsanlar davam etməkdədir. Bu günlərdə təmsilçisi olduğum Quba rayonunda 60-a yaxın seçicinini qəbul etdim. Onların az qala 90 faizi bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirdilər. Deyirdilər ki, bizə verilməlidir, amma verilmir, qeyri-şəffaflıq var və sairə. Ona görə bu məsələdə də problemlər, nöqsanlar artıq aradan qaldırılmalı, insanlar incidilməməlidirlər. 

Bununla yanaşı, mühasibat uçotu ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Biz hələ bir il öncə “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər edilərkən, həmkarım Əli Məsimli ilə öz narahatlığımızı bildirmişdik, demişdik ki, bu sahədə ölkədə təcrübəli, peşəkar mütəxəssislər çox azdır, bu məsələ, yeni dəyişikliklər gələcəkdə yeni problemlər yarada bilər və yaradacaq. Ötən bir il ərzində dediklərimizin, narahatlığımızın əsaslı olduğu üzə çıxmış oldu. Odur ki, bu məsələyə də daha ciddi şəkildə qayıtmaq lazımdır”.

Millət vəkili Tahir Mirkişili də mühasibatlıq və hesabatlılıq məsələsinin vacibliyinə diqqət çəkərək, deyib ki, burada problemlər özünü göstərməkdədir.

Millət vəkilinin dediyinə görə, xüsusilə mühasibatlıq, mühasibatlarla bağlı ciddi problemlər yaşanır:

“Bu məsələlərdə peşəkarlıq çox aşağı səviyyədədir”. 

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə mühasibat uçotunun çox vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, bu məsələdə, bu sahədə elə ciddi məsələlər, problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı xüsusi Dövlət Proqramı hazırlanmalıdır:

“Mən də səsləndirilən iradlarla razıyam. Hesab edirəm ki, bu məsələyə, bu sahəyə ciddi diqqət yetirilməlidir. Hətta düşünürəm ki, bu yöndə müvafiq dinləmələr də keçirilməlidir. Bu məsələ üzərində də düşünməyə dəyər. Çünki dediyim ki, xüsusilə yerlərdə, bu sahədə elə ciddi məsələlər, problemlər var ki, bu gedişlə onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ