SON DƏQİQƏ
» » Prezident: Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil

Prezident: Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil

Tarix:

11-01-2019, 22:20

/ 10 288 dəfə oxundu.
Prezident: Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil

2018-ci il ölkəmiz üçün uğurlu il olub. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib.

GunAz.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı qeyd edib ki, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır:

“Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. “İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”, - deyən dövlət başçısı vurğulayıb ki, keçən il iqtisadi inkişaf baxımından uğurlu il olub.

Keçən ilin dərin iqtisadi islahatlar ili olduğunu və bu islahatların nəticələrini indi hər kəsin gördüyünü söyləyən Prezident vurğulayıb ki, büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. Onun sözlərinə görə, iqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir.

“Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”, - deyə Prezident qeyd edib.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollar təşkil edir.

“Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb.

Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

скачать dle 12.1

Şərhlər