SON DƏQİQƏ

Vitaminlər və immunitet: Nələr uşaqlarda immuniteti gücləndirir?

Tarix:17-10-2020, 21:47 Oxunub:1 139

Bağça və məktəbdə uşaqlar tez-tez rast gəlinən yoluxucu xəstəliklərə məruz qalırlar. Uşaqlarda immunitetin möhkəmlənməsi üçün mikrob və bakteriyalara da ehtiyac var. Uşaq yaşadığı mühit və insanlarla nə qədər əlaqəlidirsə, immuniteti bir o qədər güclü olur.

Bu barədə Erkən Uşaqlıq Dövründə İnkişaf layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləsində bildirilir. Qeyd olunub ki, qarşılaşdığımız bu infeksiyaların 80 faizi viral infeksiyalardır. Lazımsız antibiotiklərdən istifadə edildikdə uşağın mədə-bağırsaq və boğaz florası pozulur və bununla da uşaqda bakterial müqavimət zəifləyə, allergiya və astma əmələ gələ bilər.

Mütəxəssislər bildirib ki, uşaqlıqda immunitetin gücləndirilməsi yetkinlik dövründə sağlam bir həyat sürmək üçün böyük əhəmiyyət daşıyır: "Sağlam qidalanma ilə yanaşı, uşaqların sağlam mühitdə böyüməsi immunitetin inkişafında mühüm rol oynayır. Sağlam mühit isə həddindən artıq gigiyenik mühit demək deyil.

Tərəvəz və meyvələrin tərkibindəki antioksidant, beta karotin, C, E vitaminləri və selenium, sink kimi mikro elementlər, qırmızı və yaşıl bibər, brokoli, kələm, kərəviz, turp, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, balıq və qozun tərkibindəki Omega 3 yağları immuniteti gücləndirir.

Portağal, naringi, kivi və limon C vitamini ilə zəngindir. Gündə ən az 1 portağal, 1 kivi və ya 2 naringi uşağın gündəlik C vitamini ehtiyacını təmin edir.

Meyvə şirələri vitaminlə orqanizmi təmin etsə də, meyvənin tərkibində lif və digər minerallar olduğundan meyvələri yeməyə üstünlük verilməlidir. A vitamini ilə zəngin olan əncir, beta karotinlə zəngin ərik kimi yaz meyvələri qışda qurudulmuş şəkildə uşağa verilə bilər.

 

Probiotiklər ağız yolu ilə alınan canlı mikroorqanizmlərdir. Bağırsaqda yerləşirlər, zərərli bakteriyalardan qoruyur və həzm etməyə kömək edirlər. Süd məhsulları - qatıq, ayran, kefir və s. probiyotiklərlə zəngindir. Xüsusilə evdə hazırlanmış süd məhsullarına üstünlük verilməlidir.

Sarımsaq, soğan, banan, bütün tərəvəzlər, dənli bitkilər və paxlalılar immuniteti möhkəmləndirən ərzaqların qrupundadır. Protein tərkibli qidaların əsas mənbəyi olan ət uşağın böyüməsini dəstəkləyir".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<