SON DƏQİQƏ
» » D vitamini ilə koronavirus arasında əlaqə varmı?

D vitamini ilə koronavirus arasında əlaqə varmı?

Tarix:

2-07-2020, 19:03

/ 4 988 dəfə oxundu.
D vitamini ilə koronavirus arasında əlaqə varmı?

İnternetdə ev şəraitində koronovirusla mübarizənin protokolları yayılandan dərhal sonra insanlar D vitamini də daxil olmaqla, müalicə üçün istifadə edilən dərmanları əldə etmək üçün apteklərə axışdı.

GunAz.az xəbər verir ki, Media.Az D vitamininin koronavirusun profilaktikasında və müalicəsindəki rolu, həmçinin nəzarətsiz qəbul edilmə riskləri barədə cərrah-endokrinoloq, qalxanvarı vəzinin xəstəliklərinin diaqnozu və müalicəsi üzrə mütəxəssis Xaqani Həsənovla söhbət edib.

- D vitamini bugünkü pandemiya kontekstində niyə bu qədər vacibdir?

- Bədənimizdə D vitamininin səviyyəsi nə qədər yüksəkdirsə, orqanizmin müxtəlif xəstəliklərə, o cümlədən koronavirusa müqaviməti bir o qədər güclü olur.

- Analizin nəticələri məlum olmadan D vitamini preparatlarını qəbul etmək olar?

- Bəli. Minimum profilaktik doza gündə 2000BV təşkil edir. Amma bu miqdar bədəndə vitamin səviyyəsinin normada olduğu şəxslərə aiddir. Əgər orqanizmdə vitamin çatışmazlığı varsa, profilaktik dozanın qəbulu az effektli olacaq, belə ki, dərman vasitələri ilə D vitamininin deposunu doldurmaq mümkün deyil. Əgər analizin nəticələri D vitamininin çatışmazlığını göstərirsə, bu zaman vitamin səviyyəsini normal vəziyyətə gətirmək üçün yüksək terapevtik dozalar təyin edilməlidir. Yalnız bundan sonra normal səviyyəni qorumaq üçün profilaktik dozalar qəbul edilə bilər.

- D vitamini koronavirusla mübarizədə nə qədər effektivdir?

- Əgər bir şəxs koronavirusa yoluxubsa, təbii ki, yalnız D vitamini ona kömək etməyəcək. Bu, ancaq kompleks müalicədə əhəmiyyətlidir. Belə vəziyyətdə D vitamininin çatışmazlığını yoxlamaq üçün analiz vermək lazımdır. Bu, həkimə müvafiq terapevtik doza təyin edə bilməsi üçün lazımdır.

- Bir insan orqanizmində D vitamininin çatışmazlığını necə təyin edə bilər?

- Orqanizmdə D vitamininin çatışmazlığı zamanı əsas şikayət oynaq, ayaq, əzələ ağrılarından ibarət olur, barmaqlarda keyimə yaşanır. Çox vaxt bu cür xəstələr barmaqlarının ucunda sanki "qarışqaların hərəkət etməsi”ndən şikayət edirlər. Həmçinin dişlərin və dırnaqların düşməsi, saç tökülməsi, həddən artıq tərləmə, əsəbilik və əmək qabiliyyətinin zəifləməsi də qeyd oluna bilər.

- D vitamini çatışmazlığını dərmanlarla deyil, təmiz havada gəzmək və yaxşı qidalanmaqla aradan qaldırmaq mümkündürmü?

- Təbii ki, D vitamininin əsas mənbəyi günəş şüalarıdır. Bölgəmizdə günəşli günlərin maksimal sayı may-sentyabr aylarına təsadüf edir. Məhz bu zaman kəsiyində bədənimizdə D vitamininin səviyyəsini artıra bilərik.

Orqanizmin D vitamini normasını saxlamaq üçün insan həftədə ən azı üç dəfə günəş vannası qəbul etməlidir, bədənin 70%-nə günəş şüaları dəyməlidir. Günəş şüalarının yalnız üzə və əllərə düşdüyü adi gəzintilər isə nəzərə alınmır. Belə gəzintilər yalnız gündəlik vitamin normasını ödəyə bilər, ehtiyat vitamin tədarükü yığmaq mümkün deyil.

Qidalara gəlincə, əsasən dəniz məhsulları, misal üçün treska balığının qaraciyəri D vitamini ilə zəngindir. Ancaq bir fərqi anlamaq lazımdır. Günəş şüaları vasitəsilə biz daha aktiv metabolit olan D3 vitamini, qida məhsullarından isə aktivliyi daha az olan D2 vitamini qəbul edirik.

- Apteklərdə tərkibində kalsium olan dərmanlarla D vitamini preparatının yanaşı satıldığını tez-tez görürük...

- Bu, çox vacib məqamdır. D vitaminini qəbul edərkən bədəndə kalsiumun mənimsənilməsi yüksəlir. Buna görə, D vitamininin qəbulu zamanı qidanız lazımi miqdarda kalsium istehlak etmirsə, mütləq dərman şəklində kalsium qəbul edilməlidir. Əks təqdirdə, bədən başqa yerdə kalsium mənbələri tapmağa çalışacaq, çünki o, orqanizmimiz üçün çox vacib elementidir. Bədənimizdəki əsas kalsium mənbəyi sümüklərdir, buna görə, bədən onu sümüklərdən almağa başlayacaq.

- Orqanizmdə D vitamininin normadan artıq olması nə ilə nəticələnə bilər?

- Təbii ki, D vitamininin qəbulunda sui-istifadəyə yol vermək olmaz. Həkimin icazəsi olmadan bu vitamini nəzarətsiz qəbul etmək qadağandır. İcazə veriləndən artıq qəbul hipervitaminozla nəticələnəcək, bu isə ürəkbulanma ilə müşayiət olunan intoksikasiyaya səbəb olur.

- D vitamini çatışmazlığı olan xəstələrlə tez-tez qarşılaşırsınız?

- Müşahidələrimə görə, orqanizmdə D vitamini çatışmazlığı bizim vətəndaşlarımız arasında geniş yayılıb. Qalxanvari vəzinin xəstəlikləri ilə məşğul olan həkim kimi, xəstələrin şikayətlərini nəzərə alıb, D vitamininin səviyyəsini öyrənmək üçün analiz təyin edirəm.

- D vitamininin çatışmazlığı ilə onkoloji xəstəliklər arasında əlaqə varmı?

- Bu kontekstdə məlumatlar ziddiyyətlidir. Bəzi mənbələr D vitamini çatışmazlığının xərçəng riskini artırdığını iddia edərkən, digər mənbələr həmin məlumatı təkzib edir. İstənilən halda, onkoloji xəstəlikləri nəzərə almasaq belə, onun bədəndə normada olması insanın sağlam həyat sürməsinə daha çox təminat verir, nəinki əksi.

- D vitamininin qalxanvari vəzinin xəstəliklərində rolu nə qədərdir?

- Autoimmun tireoidit (Haşimoto xəstəliyi) adlanan qalxanvari vəzi xəstəliyi var. Bu xəstəlik müalicə olunmur, lakin qalxanvari vəzinin funksiyasını qorumaq üçün D vitamini müalicəsi təyin edilə bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ