SON DƏQİQƏ
» » Ümid və inam hisslərinin insan sağlamlığında rolu

Ümid və inam hisslərinin insan sağlamlığında rolu

Tarix:

29-07-2019, 08:00

/ 1 370 dəfə oxundu.
Ümid və inam hisslərinin insan sağlamlığında rolu

Tibbi təcrübədə, adətən, dərman kömək etmədikdə cərrah bıçağına əl atılır. Heç nə kara gəlmədikdə isə sözün qüdrətinə ehtiyac qalır, yəni psixoterapiyadan istifadə edilir. Psixoterapiya–izah etmək, həvəsləndirmək, ruhlandırmaq, inandırmaq, təlqin, hipnoz və s. yollarla mütəmadi olaraq psixi təsir göstərməklə aparılan müalicə üsuludur. İlk baxışda bu üsul ancaq psixi xəstələrin müalicə vasitəsi kimi başa düşülsə də, əslində, xəstə ilə söz vasitəsi ilə yaradılan hər hansı ünsiyyət psixoterapiya elementi kimi qiymətləndirilməlidir. 


Müalicə xəstə ilə elə ilk görüşdən, onun haqqında hər hansı məlumatı, şikayətlərini, xəstəliyin tarixçəsini toplamaqdan başlayır. Elə ona görə də deyirlər ki, həkimlə söhbətdən sonra xəstədə bir yüngülləşmə, yaxşılaşma duyulmursa, bu müalicədən müsbət nəticə gözləmək çətindir. Bunu nəzərə alan filosof  M.Balint deyirdi: “Həkimin özü–görünüşü, mimikası, danışıq tərzi, rəftarı və s. xəstə üçün dərman təsiri bağışlamalıdır.”

Unutmayaq ki, xəstəni düşündürən xəstəliyin gedişi, müalicənin son nəticəsidir. Onu narahat edən isə çəkdiyi ağrı, əziyyət və nəhayət, ölüm qorxusudur. Bu hisslərə qarşı dərmandan da, cərrah bıçağından da kəsərli sözdür. “Söz” məfhumu altında xəstəyə məlhəm ola biləcək inamla söylənilmiş məsəllər və onun köməyi ilə xəstədə yaradılan inam, oyadılan iradə başa düşülür. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək cəhdləridir. İradə insana hava və su qədər lazım olan ən yüksək insani keyfiyyətlərdəndir.
  
Psixologiyanın ən qədim və əsas kateqoriyalarından sayılan inam isə, ilk növbədə, insanın özünə, əqidəsinə, mənəviyyatına, gücünə və xoşbəxt həyatına daxili əminlik hissidir. İctimai mənada inam cəmiyyət üzvləri, ayrı-ayrı insanlar arasında mənəvi bağlılıq, psixoloji anlaşma və qovuşmanın təzahürüdür. Odur ki, inamın həyatda rolu yaradıcı insanların daima düşüncə obyektinə çevrilib, dahi mütəfəkkirlərimiz, loğman, filosof və ədiblərimiz ümid və inamın qorxu və şübhəyə qarşı ən güclü silah olduğuna inanıblar.

Xalq şairi Rəsul Rza Ulutürk insanlar arasındakı qarşılıqlı inamı birgə yaşayışın əsası hesab edərək yazırdı: “İnamla yaşayır həyatda insan...” İnamı məlhəm əvəzinə yara üzərinə qoymağı tövsiyə edən şair “İlhamsız, odsuz, çörəksiz, susuz, yüz il yuxusuz” yaşamağın mümkün olduğunu bildirir. Ancaq: “Yaşaya bilmərəm bir gün inamsız”, – deyə son qərarını qəbul edir. 

Ölümün mahiyyətini dərk edən mütəfəkkirlər ondan qorxmağın əhəmiyyətsizliyini, hətta zərərini göstəriblər. Ziyəddin Göyüşovun fikrincə, bütün qorxulara, həmçinin onların ən təhlükəlisi olan ölüm qorxusuna, ancaq ağlın, zəkanın gücü ilə qalib gəlmək mümkündür. Bu fikirlərin təsdiqi olaraq o  yazır: “Ölümə biganə olmaq lazımdır ki, ölüm qorxusu daim bizi təhdid edib ömrümüzü zəhərləməsin. Neçə ki, biz sağıq – ölüm yoxdur, neçə ki, ölürük – biz yoxuq, ona görə də ölümdən qorxmaq ağılsızlıqdır”. 

Xəstə ilə tibb işçisi arasında yaranan qarşılıqlı anlaşma–inam, ümid gözləyənlə buna zəmanət verən arasında bağlanan bir saziş, münasibətlərin ən alisi, həyat müqaviləsidir. Müalicənin müvəffəqiyyətlə başa çatması üçün xəstənin həyata nikbin baxışı, tam sağalacağına, xoşbəxt gələcəyə əminlik hissi ən vacib, bəlkə də həlledici əhəmiyyət kəsb edir. Müalicəyə başlamazdan əvvəl, tibb işçisi müasir elmin gücü, imkanları, həmin xəstəliyin müalicəsi sahəsində qazanılan nailiyyətlər barədə qısa, lakin inamlı söhbətlərlə xəstədə təbabətə, tibb müəssisəsinə, kollektivə rəğbət, özündə isə biliyinə, bacarığına, xəstəni sağaldacağına dərin inam yaratmalıdır. Belə bir arxayınlıq yaranmadıqda xəstə bir həkimdən başqasının yanına qaçıb bilik, bacarıq və xasiyyət cəhətdən öz ürəyinə yatan həkim axtarmağa çalışır və yalnız beləsini tapdıqda məmnuniyyətlə öz taleyini ona tapşırır. 

Unutmaq olmaz ki, həkimin hər bir sualı, apardığı müayinə və bütün başqa cəhdləri ancaq xəstəliyin səbəbinin, xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müalicənin daha düzgün aparılması xətrinə edilir. Xəstə və onun yaxın adamları isə həkimi maraqlandıran suallara hərtərəfli, qısa və dəqiq cavab verməyə çalışaraq müalicəyə lazımi köməklərini əsirgəməməlidirlər. Axı xəstənin müalicəsi, ilk növbədə, elə onun özündən asılıdır... Xəstə də sağlamlığını məhz ona etibar etdiyinə, göstəriş və təyinatları yerinə yetirərək müalicəyə kömək edəcəyinə həkimdə inam yaratmağa çalışmalıdır. Çünki düzgün müalicə ancaq xəstə və tibb işçisi arasında qarşılıqlı anlaşma, tam inam yarandıqda mümkün olur.

Məhz bu səbəbdəndir ki, qədim bir xalq məsəlində həkim xəstəyə deyir: “Biz üç nəfərik–mən, sən və xəstəlik. Əgər ikimiz əlbir olub xəstəliyə qarşı mübarizə aparsaq, ona qalib gələ bilərik. Əks təqdirdə, yəni bizdən birimiz iradəsizlik edib xəstəliklə həmdəm olsaq, hər ikimiz məğlub olarıq”.

Özündə onu müalicə edən həkimə qarşı rəğbət hissi, müalicənin yaxşı nəticələnəcəyinə inam yarada bilməyən xəstənin həkimdən utanması, yaxud etika xətrinə susaraq, bu “sirri” açmaması özünə qarşı düşmənçiliyə bərabərdir. Çünki bu, hədər yerə həm özünün, həm də həkimin vaxtının itməsinə, xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Müxtəlif bəhanələrlə cərrahi əməliyyat vaxtının gecikdirilməsi, ya verilən dərmanların gizlədilərək qəbul edilməməsindənsə, bu qərarın hər hansı etik yolla, ya xəstənin özü, ya da başqaları tərəfindən həkimə çatdırılması daha məqsədəuyğundur. Əsl tibb işçisi belə vəziyyətdə xəstədən inciməməli, əksinə, xəstəyə minnətdar olmalıdır ki, hədər zəhmət və vaxt itkisinin, ən başlıcası isə son peşmançılığın qarşısı alınıb.

Xəstədə sağalacağına inam yaradılmasında onun yaxın adamlarının da rolu böyükdür. Belə ki, xəstənin yanında ağlayıb “ah-vay” salmaq, “dünyanın faniliyi”ndən söhbət açmaq, xəstəyə yazığı gəldiyini, onun faciəli taleyinə heyfsiləndiyini bildirərək ümidini qırmaqdansa, ona xoş əhval-ruhiyyə doğuran kitablar və gül dəstəsi gətirmək, lazım olanı tapmaq, onu maraqlandıran xoş xəbərlərdən danışmaq, dava-dərmalarının vaxtında qəbuluna kömək etmək, xəstənin hər sözünə, hərəkətinə ciddi fikir verib arzu və istəklərini həkimə çatdırmaq daha faydalıdır.

Bu baxımdan görkəmli yazıçı O. Henrinin “Son yarpaq”  hekayəsi də çox səciyyəvidir. Əsərdə təsvir edilir ki, ağır xəstəlik nəticəsində cismən və ruhən üzülmüş, son günlərini yaşadığını hiss edən qızcığaz pəncərədən gözünü çəkmir, bayırdakı ağacın yarpaqlarının bir-bir düşdüyünü görüb ümidini son yarpağa bağlayır. O, tək yarpağı öz bəxti hesab edib onun düşməsi ilə həyatının bitəcəyini gözləyərək gözünü ordan çəkmir. Qızın bu fikrini başa düşən bacısı rəssamı köməyə çağırır. Rəssam yarpağın şəklini çəkib gecə ikən tezliklə düşəcək həmin yarpağın yerinə bağlayır. Yarpağın saralmadığını və düşmədiyini görən qızın gözlərində ümid qığılcımı parlayır və günü-gündən yaxşılaşmağa başlayır. Yəni, adicə inam hissini alovlandırmaqla ümidsiz xəstəni yenidən həyata qaytarmaq mümkündür. 

Bu mənada Ziyəddin Göyüşovun aşağıdakı fikirləri ibrətamiz sayıla bilər: “Ümid həyat vasitəsidir, onu heç vaxt üzmək lazım deyil. Ümid insanın böyük dayağıdır, onu heç vaxt zəiflətmək olmaz. Ümid ölən kimi həyat da ölür. İnsan həmişə sağalacağına ümid axtarır. Nə qədər ki, insan şüuru özündədir, son nəfəsə qədər həkim bu ümidi onda saxlamağa çalışmalıdır”.

Doğrudan da, tibbi təcrübədə ən ümidsiz xəstəliklərin belə, inam, iradə qarşısında geri çəkildiyi və ölümə məhkum xəstələrin sirli sağalma hallarına az rast gəlinmir. Xalq arasında deyildiyi kimi, insanı məhv etmək üçün onun “iradəsini qırmaq” kifayətdir. Bəzən isə ölümcül xəstəni təkrar ayağa qaldırmaq üçün onda həyata sonsuz inam yaratmaq bəs edir. Bu vəzifə isə insanlarla təmasda olan bütün mütəxəssislərin, xüsusən də psixoloq, psixiatr və bütün tibb işçilərinin öhdəsinə düşür. 

Adil Məmmədov, 
Azərbaycan Respublikasının 
Əməkdar həkimi
“Nuh yurdu” qəzeti

скачать dle 12.1

Şərhlər