SON DƏQİQƏ
» » Levon Ter-Petrosyanın ETİRAFLARI: Əliyev Zəfər gününü necə yetişdirdi?

Levon Ter-Petrosyanın ETİRAFLARI: Əliyev Zəfər gününü necə yetişdirdi?

Tarix:

29-05-2021, 10:53

/ 3 551 dəfə oxundu.
Levon Ter-Petrosyanın ETİRAFLARI: Əliyev Zəfər gününü necə yetişdirdi?

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yerli mediaya geniş müsahibə verib. Müsahibənin məqsədi məlumdur: Levon seçki öncəsi daxili auditoriyaya oynayır. Lakin bizim üçün maraqlı məqam ermənilər arasında ən ağıllı və hiyləgər siyasətçi kimi tanınan, hələ 90-cı illərin axırlarında Ermənistanın bugünkü vəziyyətinin proqnozunu verən Ter-Petrosyanın etiraflarıdır.

Levonun etiraflarını üç hissədə dəyərləndirmək olar: birincisi, Azərbaycan rəhbərliyinin uzun illər səbrlə, praqmatik siyasət aparması, torpaqlarımızın işğaldan azad ediləcəyi günə doğru inamla addımlaması; ikincisi, Ermənistan rəhbərliyinin gələcəyi görə bilməməsi və zamanın Azərbaycanın xeyrinə işləməsi; üçüncüsü, Ermənistanı dəhşətli vəziyyətin gözləməsi – bu, məhz Azərbaycanın illər ərzində izlədiyi strategiyanın nəticəsidir;

 

Jurnalist sual verir: biz niyə məğlub olduq?

Ermənistanda bu suala fərqli cavablar var, bəzən hakimiyyəti, bəzən ordunun rəhbərliyini ittiham edir, hətta bəzən üçüncü ölkələri belə günahlandıranlar tapılır, lakin Levon bəzi məqamları öz xeyrinə vurğulamaqla gerçəyi açıqlayır:

"Biz ona görə məğlub olduq ki, zamanın axışını dərk edə bilmədik. Zaman siyasətdə ən vacib faktordur. Bir anda edəcəyimiz bir hərəkəti, digər bir anda etməyə zəmanət yoxdur. Biz bu anı dərk etdik, lakin hakimiyyət başa düşə bilmədi. Yəni, bu yığılmış strateji problemdir və bunu sən qalib tərəf olanda həll etməliydin. Yəni, qalib olduğumuz müddətdə bizə təklif edilən güzəştlərlə çox şey qazanmaq olardı. Əgər 90-cı illərdə təklif edilən mərhələli həll varinatına belə getsəydik, indi bizim xalq xoşbəxt olardı”.

O, mərhələli həll variantı ilə bağlı deyir: "Mən mərhələli həll varinatına razı idim. Bu varianta əsasən, biz Laçın və Kəlbəcəri Azərbaycan tərəfinə qaytarırdıq, Laçın dəhlizi bizdə qalmaq şərti ilə. Bu dəhliz minimum 22 km olmalı idi, indiki 4 km kimi deyil. Bu, onunla razılaşdırılırdı ki, Qrad raketinin zərbəsi yola çatmasın. 22 km dəhlizlə sovet dövrünün DQMV sərhədləri daxilində və DQ-ın gələcək statusu ətrafında danışıqlara başlamalı idik. Ərazi bütövlüyü məsələsi həll edildikdən sonra, biz keçirdik Qarabağın müstəqil tərəf kimi tanınması məsələsinə, yəni Ermənistan-Azərbaycan-Qarabağ bərabər tərəf kimi. Minsk qrupunun həmsədrliyi altında xüsusi komissiya yaradılmalı idi və bu üç ölkənin razılığı əsasında, Qarabağın müqəddəratı həll edilməli idi. Qarabağın da qəti səsi vardı. Qarabağ münaqişənin tənzimlənməsi prosesindən kənarda qaldı. Mərhələli həll variantında Qarabağın Azərbaycanın tərkibində qalmasından heç bir söz olmayıb… Qarabağ uzun müddət təminatlı olardı, sülhməramlı qüvvələrin nəzarəti altında”.

Levonun bəzi məqamları təhrif etdiyi, yaxud subyektiv yanaşmasını sərgilədiyi aydındır, xüsusilə Qarabağın "müstəqilliyi” ilə bağlı. Ermənistan bu məsələni zaman-zaman "status” üzərindən gündəmə gətirib, danışıqlar masasına daşıyıb. Azərbaycan isə danışıqlarda ən zəif olduğu 90-cı illərdə belə bununla bağlı qəti razılıq verməyib, status məsələsi daim sonraya saxlanılıb.

Lakin Levonun dediyi həqiqət budur ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə razı olsaydı, nə ölkə olaraq indiki vəziyyətə düşəcəkdi, nə də Qarabağdakı vəziyyət ermənilərin nöqteyi-nəzərindən belə olacaqdı. Və məlumdur ki, danışıqlar masasında Şuşanın, yaxud DQMV-nin ərazisinə daxil olan digər ərazilərin Azərbaycana qaytarılması gündəmdə deyildi. Azərbaycan 30 il ərzində zamanı ağılla izlədi və 44 günlük müharibə ilə 30 illik vəziyyəti kökündən dəyişdirdi.

Hər şey Heydər Əliyevin prezidentliyi dövründən başlamışdı. Heydər Əliyev Azərbaycanı I Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən çıxarana, güclü ölkə qurana qədər masada diplomatik manevrlər etdi. Məqsəd güclü ordu, qüdrətli Azərbaycan qurmaqla bir gün heç bir güzəşt etmədən torpaqlarımızı azad etmək idi. İlham Əliyev bu strategiyanı dəyişən dünyanın şərtlərinə uyğunlaşdıraraq, ağılla tətbiq etdi və Zəfər gününü yetişdirdi.

Burada diqqətçəkən məqamlardan biri zaman məsələsidir. 30 il ərzində Azərbaycanda "bu hakimiyyət Qarabağı azad etmək istəmir”, "bu hakimiyyətlə Qarabağı azad edə bilmərik” iddiaları havada uçuşurdu. Lakin məhz bu hakimiyyət Zəfər gününün çatması üçün zamanı izləyirdi və zamanı çatanda hərəkətə keçdi. Prezident İlham Əliyevin "Mən nəyi nə zaman etməyi yaxşı bilirəm” sözlərini xatırlayın…

Levonun dedikləri də bu həqiqətin düşmən tərəfindən etirafıdır.

Jurnalist sual verir: "Serj Sarkisyan bildirdi ki, ən sakit dönəm onun hakimiyyəti dövründə olub”.

Levon Ter-Petrosyanın cavabı: "O, deyir ki, bütün təklifləri Azərbaycan tərəfi rədd edib. Robert Koçaryan fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi rədd edirdi. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir. Həmin insan bu adi məsələni dərk edə bilmədi. Burada siyasi fikir yoxdur. Əgər problemin varsa gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi, müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi… Koçaryan və Sarkisyan, hətta Vazgen Sarkisyan bunu dərk edə bilmədilər ki, zaman məfhumu var…”.

Jurnalist: "Əgər siz əmin idinizsə ki, bu qərar taleyüklü olacaq, nəyə görə uzaqlaşdınız, çünki ölkənin gələcəyi həll edilirdi”.

Levon Ter-Petrosyan: "Əgər uzaqlaşmasaydım, Ermənistanda vətəndaş müharibəsi başlaya bilərdi”.

Jurnalist: "Azərbaycan və Ermənistan arasında balans pozulduqda, nəyə görə dərk edə bilmədik?”.

Levon Ter-Petrosyan: "Çox sadə vəziyyətdə dəyişdi, özü də Azərbaycanın xeyrinə. Balans 97-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda. Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni, ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyənnamə müzakirə olunan zaman, Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda, Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni, onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə, bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.

Əlavə şərhə ehtiyac yoxdur, hərçənd, kiçik bir haşiyəyə çıxaq, 30 il ərzində "Azərbaycan neft pullarını hara xərcləyir” iddialarını gündəlik işinə çevirənlər üçün. Dövlət atdığı atacağı addımları, yaxud hansı addımı niyə atdığını açıqlamır, açıqlamamalıdır da. Lakin Qarabağ məsələsində balansın Azərbaycanın necə xeyrinə dəyişdiyi məsələsi hər şeyə cavabdır deyə düşünürük…

Levon Ermənistanı məhvə sürükləyən siyasətin nə olduğunu da açıqlayıb:

"Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır. İnsan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir. Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyir və hər bir detala diqqət yetirilir. Yəni, siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar”.

O, Ermənistanın siyasətinin Azərbaycana müharibə etməkdən başqa çıxış yolu qoymadığını da dolayısı ilə etiraf edir.

Ən maraqlı məqamlardan biri isə Qarabağın gələcəyinin necə olacağı haqda dedikləridir.

Jurnalist: "4 il yarımdan sonra rus sərhədçiləri tərəflərin birinin razılığı ilə buranı tərk edə bilərlər. Onlar uzaqlaşdıqda nə edəcəyik. Əliyev deyir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyın ki, sülh müqaviləsi əldə edək. Bəs, bizim qətnamə hansıdır?”.

Levon Ter-Petrosyan: Bunun üçün hələ Qarabağı da Şuşanı da qaytarmalıyıq. Seçkiqabağı təbliğatın əsas meyarları bunlardır. Bunsuz mümkün deyil. Sonra deyərlər ki, satqındır. Hətta Vilsonun xəritəsi də onlara az gələcək, Ankaraya çatmaq xəyalı kimi. Bu, acizlik işarəsidir.

Ter-Petrosyan reallığı qəbul edir, Azərbaycanın Şuşanın ikinci dəfə işğalına imkan verməyəcəyinə işarə vurur və bununla da Qarabağın gələcəyinin əslində necə olacağını göstərməyə çalışır.

Levon Ter-Petrosyan Ermənistanı vətəndaş müharibəsinin gözlədiyini də açıqlayır.

"Bu seçkilər ola bilsin ki, vətəndaş müharibəsinə də sövq edə bilər. Müxalifət və iqtidar ölüm- olum savaşı qarşısınadırlar. Təhlükəlidir. Pis hakimiyyətlər, diktarorlar olur, lakin onlardan yaxa qurtarmaq mümkündür. Ölkə üçün ən təhlükəlisi vətəndaş müharibələridir”, – Levon deyir.

Onun etiraflarında bir məqam da diqqət çəkir: "Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən azdır. İndi nəyə ümid edirlər”.

Bununla Ermənistanda revaşnizmin ölkəni əvvəlkindən də pis vəziyyətə salacağını anlatmağa çalışır.

Levonun dedikləri Heydər Əliyev və İlham Əliyevin Azərbaycanı Qələbəyə doğru aparmasının da etiraflarıdır. Heydər Əliyevin dediyi kimi, "Tarix hər şeyi öz yerinə qoyur”./publika.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ