SON DƏQİQƏ
» » ƏƏSMN-nin əndazələri aşan “fəaliyyətinin” şahidi oluruq

ƏƏSMN-nin əndazələri aşan “fəaliyyətinin” şahidi oluruq

Tarix:

29-07-2021, 10:03

/ 3 280 dəfə oxundu.
ƏƏSMN-nin əndazələri aşan “fəaliyyətinin” şahidi oluruq

Vaxtilə "saxta əlil" arayışları hesabına ölkədə əlilliyi olan şəxslərin sayı birdən-birə yüksəlmişdi ki, bunun da səbəbkarları məlum şəxslər idi. İndi həqiqi əlilliyi olanlar da, olmayanlar da qarışıq, dolaşıq işlərlə üzləşiblər ki, bu da yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumuna ciddi təsir göstərir. Bu məsələlərlə bağlı Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə söhbətləşdik.

- Teyyub müəllim, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu gün əlillik dərəcələrini ləğv etməklə və ya aşağı salmaqla sanki üzərinə bir öhdəlik götürüb. Haqlı və ya haqsız şəkildə əlillərə qarşı bu cür münasibəti necə qiymətləndirirsiniz?

- Mövcud qanunvericiliyə görə müxtəlif kateqoriyalı əlillərə əlillik dərəcələri müəyyən müddət üçün verilir və bu müddət bitdikdən sonra əlilliyin təsdiqi üçün yenidən həkim komissiyası təşkil edilir. Azərbaycanda müxtəlif qeyri-qanuni yollarla əlillik dərəcələrinin verildiyi heç kəsə sirr deyil. Bu nöqteyi-nəzərdən əvvəllər verilmiş əlillik dərəcələrinin nə qədər haqlı olduğunun yoxlanılması başadüşüləndir və vacibdir. Ancaq bu prosesi normal şəkildə, haqlı olaraq əlillik dərəcəsi verilmiş şəxslərin mənafeyinə toxunmamaq şərti ilə həyata keçirmək lazımdır. KİV-ə ötəri nəzər salmaq kifayətdir ki, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-qanuni, bütün əndazələri aşan "fəaliyyətinin” şahidi olasan. Nazirliyin göstərişi ilə verilmiş əlillik dərəcəsinin müddətinin bitdiyi haqda əlillərə müvafiq bildiriş göndərilir, onların yenidən həkim komissiyasından keçmələri tələb olunur... və əsl həngamə də bundan sonra başlayır. Belə ki, yenidən həkim komissiyasından keçmək üçün çoxsaylı arayışlar təqdim edib növbəyə durmaq lazımdır və bu növbə bəzən bir neçə ay çəkir. Hətta bu müddət keçəndən sonra əlillik dərəcəsi təsdiq olunmuş şəxslərə "yoxlamalara və növbələrə” sərf olunan aylar üçün təqaüdlər verilmir!

- Sizcə, bu sahədəki boşluq əsasən nədən ibarətdir?

- Əsl özbaşınalıq anadan əlil doğulmuş şəxslərin yenidən həkim komissiyasından keçmələrinin tələb olunmasıdır. Bunlarla yanaşı, müxtəlif bəhanələrə, "daha sağalmısan sənə əlillik dərəcəsi verə bilmərik” deyərək illərin şəkər xəstəsinin təqaüdünü kəsmək və ya "sağalmısan, işləyə bilərsən” deyərək I dərəcəli əlillik dərəcəsi almış şəxsin dərəcəsini aşağı salmaq, hansı ədalətə sığır? Ona görə də, hesab edirəm ki, əlillik dərəcələrinin verilməsi və əvvəllər verilmiş əlillik dərəcələrinə yenidən baxılması istiqamətində ƏƏSMN-nin "fəaliyyəti” yarıtmaz hesab edilməlidir. Görünür bu Nazirliyin ali rəhbərləri əlillərin təqaüdünü kəsib "büdcəyə qənaət etməklə” "səmərəli, şəffaf, qanuni” fəaliyyət göstərdiklərini nümayiş etdirmək istəyirlər və hesab edirəm ki, doğru yol seçməyiblər. Onlar başa düşmürlər ki, əlil insanların diqqətə, nəvazişə daha çox ehtiyacları var və yeganə ümid yerləri alacaqları təqaüdlə bağlıdır. Nazirliyin rəhbərliyi deyəsən öz missiyalarının nədən ibarət olduğunu hələ də dərk etməyiblər - əhalinin sosial müdafiəsini təmin etmək, onu daha da yaxşılaşdırmaq əvəzinə əks mövqe seçiblər. ƏƏSMN-nin "fəaliyyəti” göstərir ki, bu Nazirlikdə həyata keçirilən kadr dəyişikliyi son zamanların ən uğursuz kadr dəyişikliyidir. O ki, qaldı Nazirliyin rəhbərlərinin "səmərəli, şəffaf, qanuni fəaliyyət göstərmələrinə” - bunu sübut etmək üçün təkcə əlillərə dövlət tərəfindən verilən mənzillərin necə paylandığını yoxlamaq kifayətdir.

- Əlillik dərəcəsinin verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik Milli Məclisdə müzakirə olunur. Bu məsələ ilə bağlı Sizin hansısa fikirləriniz, təklifləriniz varmı?

- Əlillik dərəcələrinin verilməsi ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Yəqin Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərin təşəbbüskarı ƏƏSMN-dir. Birinci, bu dəyişikliklərin təşəbbüskarı qeyd edilən Nazirlikdirsə, onlardan əlil əhalinin xeyrinə hansısa yaxşılaşdırmaların olduğunu gözləmirəm. İkinci, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərin yaxşılaşdırılması istiqamətində millət vəkillərinin təkliflərinin ənənəvi olaraq nəzərə alınmayacağı qənaətindəyəm. Çünki, mövcud qanunvericiliyə görə millət vəkillərinin hər hansı qanunlara dəyişikliklərin edilməsi ilə bağlı təklifləri bu dəyişikliklərin müəllifləri ilə razılaşdırılmalıdır. Təklif olunan dəyişikliklərin müəllifləri isə ənənəvi olaraq öz mövqelərində qaldıqlarından bu dəfə də belə olacağını istisna etmirəm...

Bir daha qeyd edirəm ki, əlillik dərəcələrinin verilməsi ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Məsələn, anadan əlil doğulmuş, eləcə də, müxtəlif səbəblərdən, xüsusilə də, vətənin müdafiəsi zamanı, bədən üzvlərini itirmiş, şikəst olmuş insanlara əlillik dərəcəsi ömürlük verilməlidir. Əvvəllər verilmiş əlillik dərəcəsinin təkrar yoxlanmasına onun müddəti bitdikdən sonra yox, ən azı bir ay əvvəl başlamaq lazımdır. Hər hansı səbəblərdən təkrar yoxlamanın müddəti uzanarsa əlilliyi təsdiq olunmuş şəxslərə buraxılmış müddət üçün təqaüd ödənilməlidir. Əlilliyin təkrar yoxlanması zamanı tələb olunan arayışların sayı minimuma endirilməlidir. Layiq olduğu halda əlillik dərəcəsi verməkdən imtina edilməsinə, eləcə də, əlillik dərəcəsinin düzgün təyin edilməməsinə görə müvafiq məsuliyyət (inzibati və hüquqi) müəyyən edilməlidir. Qeyri-qanuni əlillik dərəcəsi təyin edilmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməli, bu səbəbdən büdcəyə dəymiş ziyanı ödəməlidirlər. Fikrimizcə, bu təkliflərin nəzərə alınması əlillik dərəcələrinin verilməsində şəffaflığı artırmağa və bu sahədə olan qanunsuzluqları aradan qaldırmağa imkan verərdi.

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər